Azərbaycan Atabəylər dövlətində sikkə zərbi və pul tədavülü

XII əsrdə və XIII əsrin əvvəllərində Azərbaycan Atabəyləri dövlətində sikkə zərbi və pul tədavülü

Atabəy Qızıl Arslanın hakimiyyəti dövrünə ən yüksək zirvəyə çatan Eldənizlərin hərbi-siyasi müvəffəqiyyətləri, şübhəsiz ki, onlann iqtisadi qüdrəti əsasında qazanılırdı. İqtisadi qüdrətin potensial imkanları isə Azərbaycan Atabəyləri dövlətində, onlann vassallarında, həmçinin Şirvanşahlar dövlətində və vassallarında maliyyə işlərinin vəziyyətini, sikkə kəsilməsinin və tədavülünün xüsusiyyətlərini nəzərə almadan mümkün deyildir. Monqollara qədərki Azərbaycanın iqtisadi vəziyyəti, qeyd olunduğu kimi, məhsuldar qüvvələrin artması, ticarətin və əmtəə-pul münasibətlərinin genişlənməsi ilə səciyyələnir. Lakin bu proses hələ davam etməkdə olan gümüş çatışmazlığı şəraitində gedirdi. Tədiyyə vəsaiti kimi gümüş mislə əvəz olunmuşdu və aydındır ki, bu hal həmin dövrün istehsal və mübadilə xü susiyyətləri ilə bağlıdır.

Məlum olduğu kimi, hələ Azərbaycanda Atabəylər dövlətinin yaranması ərəfəsində maliyyə işlərində, gümüş böhranına görə, bütün Şərqdə sikkə-pul sistemi misə əsaslanırdı, yəni əsas tədiyyə vasitəsi kimi mis sikkələr kəsilir və  işlənilirdi. Ümumi alıcılıq vasitəsi kimi isə qızıl tətbiq edilirdi. Onu kəsmək ixtiyarı isə yalnız Böyük Səlcuq sultanlarının əlində idi. Gümüş böhranına məruz qalmış ölkələrin, o cümlədən də Azərbaycanın maliyyə işləri problemi yeni deyildir. Lakin bu məsələyə dair bəzən də ətraflı material verən zəngin tarixi-numizmatik ədəbiyyatın olmasına baxmayaraq, bu problem orta əsr Yaxın və Orta Şərqinin numizmatikasında mübahisəli məsələlərdən biri olaraq qalır. Bu məsələ müxtəlif izah və şərhləri, bəzən də “yeni problemləri” doğurur. Bununla belə həmin məsələnin tamamilə aydınlaşması inanılmaz görünən belə bir faktın şərhinə kömək edə bilər ki, mis sikkələrin kəsilməsi Azərbaycan tarixinin “qızıl əsri” ilə eyni zamanda olmuşdur.

50 ildən artıq elmi mübahisəyə səbəb olan bu nadir iqtisadi hadisənin səbəbləri haqqında indi danışmağa ehtiyac yoxdur. Hal-hazırda yəqin ki, hamı belə bir faktla razılaşır ki, Şərqdə gümüşün çatışmamasının əsas səbəbləri onun XIII əsrlərdə Şimal ölkələri ilə geniş ticarət əlaqəsində olan müsəlman dünyası ölkələrindən çoxlu miqdarda daşınması, gümüş mədənlərinin tükənməsi, gümüş ixrac edən ölkələrdə bu metal ehtiyatının azalması olmuşdur. Bu isə getdikcə daha çox tədiyyə vasitəsi tələb edən şəhərlərin gələcək inkişafına və əmtəə istehsalının artmasına əks-təsir göstərirdi. Bütün bunlar şübhə doğurmur, lakin gümüş böhranının nəticələri haqqında bunu demək olmaz. Bu məsələ barədə ən yeni tədqiqatlar daxili tədiyyə vasitələri sahəsində misin hökmranlığı dövründə sikkə kəsilməsində və pul tədiyyəsində real vəziyyətin xarakteristikasından hələ çox uzaqdır.

Azərbaycan ərazisində XII əsr və XIII əsrin əvvəllərinə aid aşkar edilən ayrı-yarı sikkələrin və bir sıra sikkə xəzinələri haqqındakı topoqrafik məlumatların öyrənilməsi Azərbaycanda və bütün Qafqazda gümüş böhranı dövründə pulkəsmənin və mis sikkələrin tədiyyəsinin bəzi mühüm xüsusiyyətlərini aydınlaşdırmağa imkan verir. Bu xüsusiyyətlər ondan ibarətdir ki, birincisi, Azərbaycanda, yəni Azərbaycan Atabəyləri və Şirvanşahlar dövlətində mis sikkələrin kəsilməsi hələ əsrimizin əvvəllərində, prof. Y.A.Paxomovun qeyd etdiyi kimi, iki şəkildə – Eldənizlərdə “düzgün” və “düzgün olmayan”, Şirvanşahlarda isə “düzgün olmayan” şəkildə icra olunmuşdur. Az əhəmiyyətli olmayan kiçik bir məsələni də buraya əlavə etmək lazımdır. Əgər Eldənizlərin vassalları (məsələn, Əhərin məlikləri) hər iki növ mis sikkəni kəsirdilərsə, Şirvanşahların şimal qonşuları olan Dərbənd məlikləri isə yalnız “düzgün olmayan” pulkəsmə növü ilə kifayətlənirdilər. İkincisi, mis pulların tədiyyə dairəsi məhəlli xarakter daşıyırdı, yəni bu sikkələr kəsildikləri dövlətlərin ərazisində tədiyyə olunurdu. Mis pulları tədiyyəsinin belə məhdudlaşdırılması tapılmış pullar əsasında düzəldilmiş xəritədə  əyani əks olunmuşdur.

Xəritə Y.A.Paxomov tərəfındən “Azərbaycanın və Zaqafqaziyanın digər respublikalarının sikkə dəfinələri” (I və IX buraxılış) əsərində nəşr olunmuşdur. Bundan əlavə, həmin dövrün pul xəzinələrinin tərkibindən görün düyü kimi, onlarda açıq-aşkar iki növ mis sikkələrin aynlmasının izləri vardır: qarışıq mis sikkə xəzinələrindən əlavə (“düzgün” və “düzgün olmayan” növ pulkəsmə), onların ayrıca toplanması və torpağa basdırılması halları da az deyildir. Bu iki növ misin tədiyyə vasitəsi funksiyasının praktiki icrasının müxtəlif üsullarını göstərən həmin məsələ ilə əlaqədar olaraq son vaxtlar Şimali Azərbaycanın Cənub zonasında tapılmış və Azərbaycan Tarixi Muzeyinə daxil olmuş iki sikkə xəzinəsi diqqətə layiqdir. Astara rayonunun Məşkan kəndində tapılmış birinci sikkə xəzinəsi bütünlüklə “düzgün” kəsilmiş mis sikkələrdən – sonuncu Azərbaycan Atabəyləri və onların əhərli vassallarının adından zərb olunmuş mis dirhəmlərdən ibarətdir. 1974-cü ilin noyabrında Masallı rayonunun Xırmandalı kəndində tapılmış ikinci xəzinədə yalnız “düzgün olmayan”şəkildə eyni hökmdarların adından kəsilmiş balaca mis sikkələr vardır. Azərbaycanda və Qafqazda gümüş böhranı dövründə dövlət daxilindəki (şəhərdə və şəhərlər arasında) pulla ticarətin tələblərini “pul vahidi” şəklində ödəyən müxtəlif mis sikkələrin kəsilməsində, onların tədiyyə vasitələrində və işlənmə dairələrində dəqiq təsnifat müşahidə olunur. Bu təsnifat Azərbaycan ərazisində həm tək-tək, həm də bütöv şəkildə, bəzən çox böyük xəzinə halında tapılmış XI-XII əsrlərə aid Bizansın qızıl sikkələrinə çox uyğun gəlir.

Bu tapıntılardan göründüyü kimi, Bizans qızılı Qafqazda çox geniş yayılmış ödəmə vasitəsi qruplarından biri idi və Səlcuqilərin qızıl dinarları ilə müvəffəqiyyətlə rəqabət aparırdı. Gümüşün (hər yerdə və tam) yox olması nəticəsində burada əmələ gələn boşluq dolur və bununla əlaqədar olaraq həm ümumi ödəmə vasitəsi, həm də beynəlxalq valyuta metalı kimi qızılın əhəmiyyəti artmışdı. Bununla belə qeyd etmək lazımdır ki, Eldənizlərin və ya Şirvanşahların qızılı indiyədək bizə məlum deyildir. Burada söhbət, şübhəsiz ki, sadəcə təsadüfdən getmir. Əgər belə bir imkanın olmadığını qəbul etsək, onda bu qərara gəlmək lazımdır ki, nə Eldənizlər, nə də Şirvanşahlar heç vaxt qızıl pul kəsməmiş, daha doğrusu, bu hüquqa malik olmamışlar. Qeyd olunduğu kimi, buna yalnız Böyük Səlcuqluların ixtiyarı var imiş. Əgər Eldənizlərdən – Azərbaycanın ən nüfuzlu və ən qüdrətli hökmdarlarından biri (məsələn, Qızıl Arslan) nə vaxtsa qızıl pul kəsmişsə də, belə emissiyanı (pul buraxılmasını) Bizans solidləri və Səlcuq dinarları ilə eyni bərabərdə işlənən pul buraxılması kimi yox, donativ hal kimi qəbul etmək lazımdır. Beləliklə, aydındır ki, gümüşün tədiyyə vasitəsi dairəsindən yox olması Azərbaycanda əmtəə-pul münasibətlərinin gələcək inkişafı üçün heç də maneəyə çevrilmədi. Tədiyyə vasitəsi, ödəmə vasitəsi və beynəlxalq pul vasitəsi kimi onun funksiyaları müvəffəqiyyətlə mislə və qızılla dəyişildi. Azərbaycan və bütün Qafqaz ərazisində tapılmış çoxlu miqdarda mis və qızıl sikkə xəzinələri bunu sübut edir. Eldənizlərin və Şirvanşahların daxili və xarici siyasətinin, bütün dövlət fəaliyyətini, onların vassallarla və süzerenlərlə qarşılıqlı münasibətlərinin ayrı-ayrı cəhətlərini öyrənmək üçün sikkələr üzərindəki yazılarda mühüm mənbələrdən biridir. Ölkənin ictimai, iqtisadi və siyasi həyatında baş vermiş bu və ya başqa dəyişiklikləri yığcam şəkildə özündə əks etdirən sikkələr evristika baxımından çox maraqlı və zəngin sahədir və onun öyrənilməsi xüsusi tədqiqat tələb edir.

YAZAR: Samirə İbrahimli
HƏMÇİNİN BAX: Qarapapaqlar
HƏMÇİNİN BAX: Tehsilim.org/baki-dovlet-universitetinde-emek-bazarinda-yeni-cagirislar-ve-perspektivler-movzusunda-vebinar-kecirilib/