Azad, Bütöv, Güclü  Azərbaycan naminə !

Azad, Bütöv, Güclü  Azərbaycan naminə !

Əziz oxucu!

Yenicə təsis olunmuş “Qafqazın günəşi”adlanan dərgimizdə;  “Azərbaycançılıq ideologoyası “ və bu ideologiyaya fədakarlıqla  xidmət göstərmiş  maarifçi  ziyalılarımızı ,vətənsevər aydınlarımızı , Azərbaycanın dünəni , bu günü ,gələcəyi  barəsində mühüm əhəmiyyət daşıyan hadisələri ,unudulmaması gərəkən və dünyanın bilməli, duymalı olduğu önəmli  məsələləri işıqlandırmağa çalışacağıq

Məqsədimiz bu günkü gənclərimizin və yeniyetmələrimizin  məlumatlı olması ,milli şüur və  milli qürura  malik olan vətənpərvər ,milli əqidəyə sadiq bir nəslin yetişərək dünyanın hər bir yerində aktiv şəkildə  Azərbaycanın maraqları və mənafeyi naminə çalışması,yeni yetişən nəsil içərisindən Azərbaycana  başucalığı gətirən şəxsiyyətlərin formalaşdırılmasıdır. Bu gün  müasir Azərbaycanlı  gənclər- yeniyetmələr elmin və  texnologiyanın nailiyyətlərini izləməli ,müxtəlif sahələrdə bilik və bacarıqlara  yiyələnməli, dünya miqyasında  çoxişlənən xarici dillərdən hər hansı birində  ( bacaraarsa bir neçəsində ) danışmağı və yazmağı bacarmalıdırlar. (Allaha şükür ki gənclərimizin xeyli hissəsi bu istiqamətdə inkişaf edib və xarici dillərə müasir texnolgiyalara yiyələniblər). Bunu bizdən  Ana vətənimiz- Azərbaycan ,uğrunda həm qələmilə vuruşmuş fədakar şəxsiyyətlərin ruhu, həm də vətən uğrunda canını fəda etmiş şəhidlərimizin ,mübarizlərimizin ruhu tələb edir .

Üç min ildən çox yaşı olan yazılı abidəsi -“Kitabi Dədə-Qorqud dastan”ı kimi  yazılı ədəbiyyatı olan bir xalqın, Oğuz xaqan, Bilgə xaqan ,Uzun Həsən ,Sah İsmayıl, Nadir Sah Əfşar,Qacarlar və  bir çoxları kimi imperiyalar qurmuş ,xanədanlıqlar yaratmış  babalarının   olduğunu yaddan çıxarmayın. Bilməlisiniz  ki , həmin əzəmətli hökmdarlar başqa dövlətlərlə danışıqlarınIı ,diplomatik yazışmalarını  bizim bu gün  danışdığımız doğma dilimizdə  yürüdüblər.Bunu cəsarətlə deyə bilərik ki, erməni tarixçiləri kimi saxta tarix yaratmağa bizim eytiyacımız yoxdur,  çünki Vatikan kitabxanalarında,  Almaniyada (Drezden kitabxanası) və Britaniya muzeylərindəki Azərbaycanın tarix və  mədəniyyətinə aid olan eksponatlar və əlyazmalar  bizim dildə olduğuna  görə necə deyərlər :-  “ bar-bar bağırırlar”.

Gənclərimizin üzərinə düşən digər çox vacib məsələ: Dünya KİV-də Azərbaycanın haqq sözünü başqa xalqlara çatdıra bilən ,harada olursa olsun  Azəbaycanın mənafeyini müdafiə edən,saxta erməni tarixi üzərində qurulmuş erməni yalanlarını ifşa edən yeni nəsil- bilikli  və  milli şüura malik azərbaycanlı təbliğatçıların, təmsilçilərin olmasıdır.Yeni texnologiyaları mənimsəmiş və xarici dil bacarıqlarına yiyələnmiş gənclərimiz Azərbaycanın maraqları uğrunda  xüsusi əhəmiyyət kəsb edən məsələləri dünya KİV-də işıqlandırmalı, haqq sözümüzü müxtəlif dillərdə yazaraq və deyərək hər yerdə yaymalıdırlar. Prezident olduğu dövrdə “Gənclər günü” münasibətilə keçirilən ümumrespublika tədbirlərində ümumilli lider Heydər Əliyev dönə -dönə  azərbaycanlı gənclərə tapşırırdı: “Dünyanın hansı ölkəsində olsanız da heç zaman  unutmayın ki , siz azərbaycanlısınız və Azərbaycanın mənafeyinə xidmət etmək sizin əsas vəzifənizdir” .Hansı sənət və peşəyə malik olmağınızdan asılı olmayaraq istər diplomat olsun ya aşpaz, istər hüquqşünas olsun və ya xalçaçı, heykəltəraş  və bədii oyma ustası, dərzi  və ya memar ,  musiqiçi  yaxud mühəndis – işinizi hər zaman  mükəmməl şəkildə icra edərək azərbaycanlı olduğnuzu ,gözəl  və  orijinal olan işlərin, əsərlərin mədəniyyət nümunələrinin  azərbaycanlılara məxsusluğunu göstərin .

Etiraf edək ki 20- 25 il bundan əvvəl dünya informasiya məkanında  xain qonşularımızdan geri qalırdıq . Azərbaycanlılara məxsus milli- mədəni irsimiz, sənət nümunələrimiz  oğurlanırdı və hələ də buna tez-tez cəhdlər olunmaqdadır. Zaman -zaman milli musiqimizə, milli mətbəximizə, xalçalarımıza , məbədlərimizə , torpaqlarımıza, milli geyimlərimizə , şair və alimlərimizə bir sözlə milli nəyimiz varsa  sahib çıxmaq özününküləşdirmək istəyiblər, dilimizi, tariximizi unutdurmağa cəhd ediblər.Bizi bir- birimizə qırdırıb  babalarımızın qurduğu imperiyaları bölüb, parçalayıb  əlimizdən qoparıblar.

Milli bünövrənin əsasını təşkil edən Vətən,dil,əqidə birliyi hər bir milləti var edən əsas amilldir.Təsəvvür edin ki əgər “Oğuznamə” və ya “Kitabi  Dədə Qorqudun dili  öz dilimizdə olmasaydı (hərçənd ki Vatikan və Drezden kitabxanalarında saxlanılıb) yaxud imperiyalar yaratmış babalarımız diplomatik yazışmaları və danışıqları bu dildə aparmasaydılar( əlyazmalar faktiki olaraq  dünyanın  nüfuzlu  kitabxanalarında saxlanılır) saxta erməni tarixçılərinin qarşısına hansı dəlillərlə çıxardıq?  Bizdə ermənilər kimi elə bir vərdiş  yoxdur ki, sonradan məskunlaşdıqları   və ya işğal etdikləri torpaqlarda daşları cızıb- yazıb  torpağa  basdıraq ki,  bizim “qədim”  yazılarmızıdır. .Allaha şükür belə  üsullara  ehtiyac yoxdur və çox- çox minnətdarıq ki, 14 yaşında imperiya  qurmuş (bunu Karl Marks da  etiraf edib) şah babamız  Şah İsmayıl-şair  Xətai şeir və qəzəllərini, eləcə də divanını doğma dilimizdə yazıb, dilimizin gözəllik və üstünlüklərindən məharətlə yararlanıb .Allah ona qəni-qəni rəhmət eləsin!  Bu günkü gündə də əsərlərinin  dilini  hər birimiz aydın başa düşürük və sevə- sevə öyrənirik .Hələ bu dildə yazmış  Nəsimi kimi bir “Söz və təfəkkür nəhəngi”mizin olması da ayrıca qürurverici  bir duyğudur.  Gələcəkdə  Azərbaycan dilində yazıb yaratmış yazarlarımız barədə ayrıca bir yazı təqdim edəcəyik.

Bir neçə il əvvəl Misirdə azərbaycanlı alimimizin aşkar etdiyi bir əlyazma barəsində məlumatı  yeri gəlmişkən diqqətinizə çatdıraq .Sənan İbrahimli adlı azərbaycanlı tədqiqatçı  Misirin Xədəviyyə kitabxanasından  XV əsrdə yaşamış alim, şair, mütəfəkkir – Dövlətşah Səmərqəndinin  (Dövlətşah Səmərqəndi  Orta Asiya-  Xarəzm türkü  olmuşdur ) əlyazmalarını və üzərində Nizami yazılmış qalın cildli və qədim bir əlyazma tapmışdı .Üzərində  Nizami yazılan əlyazmada həm Nizami Gəncəvinin həm də başqa şairlərin əsərləri var idi. Dövlətşah Səmərqəndinin əlyazmasında isə D.Səmərqəndi qeyd edib ki ;-“ mən Nizami Gəncəvinin  iki min beytdən ibarət divanını və qəzəllərini öz gözlərimlə görmüşəm . Onlar türk dilinin  Gəncə  dialektində  yazılmışdı”.Əlbəttə  ki XII əsrdə yaşamış Nizami Gəncəvi XV əsrdə də məşhur olub D.Səmərqəndinin yazdıqlarından belə nəticə yə gəlmək olur ki,.onun dediyi kimi Nizami Gəncəvinin  türk  dilinin Gəncə dialektində olan əsərləri  günümüzədək ya tapılmayıb  ya da tapılıbsa qərəzlə  məhv edilib.Bunları yazmaqda məqsədim odur ki gənc nəsil gözüaçıq olmalıdır və maddi mənəvi irsimizə sahib çıxmalı və onları mühafizə etməlidirlər .Əks halda sərvətlərimizi başqaları mənimsəyəcək.

Azərbaycan həm çar Rusiyasının həm də Sovet İttifaqının tərkibində olduğu vaxtlarda   milli kimliyimizin – identifikasiyanın itirilməsi, başqa xalqlar içərisində əriməsi- assimilyasiyası üçün milli təfəkkürə sahib savadlı, dərrakəli ziyalılarımızı məhv edərək , savadsız kütləni işçi qüvvəsi kimi saxlamaqla dil,din və milli şüura aid olan hər nə varsa  unutdurmağa çalışıblar.

Biz dərgimizdə müxtəlif dövrlərdə yaşayıb yaratmış və Azərbaycan naminə əhəmiyyətli fəaliyyətləri olmuş  şəxsiyyətlər ( “DİFAİ” və “İttifaq”  təşkilatları və onların fəaliyyəti, maarifçi yazıçı və şairlərimiz , “Molla Nəsrəddinçi” ədiblərimiz və sənətkarlarımız  Sovet dövrü və müstəqil Azərbaycanın ədib və ziyalılarının fəaliyətləri haqqında yazılar dərc edəcəyik ,onların ən ağır mühitdə ən çətin şəraitdə belə xalqımız, dilimiz,vətənimiz uğrunda fədakar zəhmətinə  birlikdə nəzər yetirəcəyik. Eləcə də dünyanın müxtəlif yerlərində yaşamaqda və çalışmaqda olan azərbaycanlılara da dərgimizdə yer ayıracağıq  (Bu həm  Kremlin memarı  ya da Nobel mükafatı alan və ya Pentaqonda  çalışan yaxud  NASA-da işləyən və ya  Fransanın milli qəhrəmanı ya da Sovet İttifaqı qəhrəmanı Azərbaycanın milli qəhrəmanları ola bilər və mümkün qədər  məqalələrin başqa dillərə tərcümə olunaraq digər ölkələrdə çap olunmasına nail olmaq istərdik  (bu işlər hamısı gənc və düşüncəli beyinlər ,zəhmət, vaxt, hövsələ tələb edir ). Həm də istərdik ki,  dərgimizdə gənclər bu məsələlərlə bağlı məlumatlarını  fikirlərini bölüşsünlər, daimi  söhbət və müzakirələrdə iştirak etsinlər .

Əziz gənclər ! Dünyanın hər yerində yaşayan azərbaycanlılar:  İrandakı Güney Azərbaycanlılar,İraqdakı Kərküklülər, Anadoluda, Gürcüstanda,Dağıstan ellərində  yaşayan bütün  azərbaycanlılar gözlərini Azərbaycan Respublikasına dikiblər  ,  onlar  Azərbaycanla nəfəs alır ,ürəkləri Azərbaycanla döyünür.  Azərbaycan respublikasında yaşayan azərbaycanlılar  müstəqil dövlətimizi qorumaq, gücləndirmək hər bir azərbaycanlının vətənimizdə azad və firavan yaşayışını təmin etmək  düşüncəsilə yaşamalıdırlar. Axı Azərbaycan Şərqin ilk deokratik respublikasıdır və biz daima neçə-neçə ilklərə imza atmış bir xalqıq  .Azərbaycan respublikası –dünya azərbaycanlılarının ortaq nöqtəsi,amal və mənafe birliyi,  vəhdət  məbədidir.

Beləliklə  AZAD ,BÜTÖV,GÜCLÜ AZƏRBAYCAN  naminə irəli!

Araşdırmaçı- yazar  Rüşanə Babayeva