AXC-nin süqutuna təsir edən səbəblər

AXC hökuməti Sovet Rusiyası və Ermənistanla bərabərhüquqlu qarşılıqlı münasibətlər qurmağa çalışsa da, bu dövlətlər AXC-yə qarşı təcavüzkarlıq və düşmənçilik siyasəti yeridirdilər.

 

Azərbaycana birbaşa hərbi müdaxiləyə cəsarət etməyən Sovet Rusiyası Azərbaycanın daxilində “beşinci kolon” (əməli müdaxilə ilə ələ keçirilə bilməyən cəmiyyət və ya dövləti cəsusluq, təxribat, satqınlıq, terror və digər üsullarla mənəvi təsirə məruz qoymaq yoluyla zəiflətmək, müdaxiləyə hazır vəziyyətə gətirmək) funksiyasını yerinə yetirə biləcək qüvvələr formalaşdırdı. Sovet Rusiyasına münasibətdə daxildə siyasi partiyalar və parlament fraksiyaları arasında qarşıdurmalar güclənirdi.

Partiyalararası çəkişmələrin güclənməsi və parlamentdə sosialist fraksiyaların pozuculuq fəaliyyəti nəticəsində 1920-ci il martın 30-da beşinci hökumət kabineti istefa verdi. Yeni hökumətin formalaşması Məmmədhəsən Hacınskiyə tapşırıldı. Kommunistlərin hökumətə daxil olmaqdan imtina etmələri, partiyalararası qarşıdurmalar yeni hökumətin yaradılmasını mümkünsüz etdi.

Azərbaycan hökumətinə qarşı siyasi və diplomatik təzyiqləri gücləndirən Sovet Rusiyası milli hökuməti devirmək üçün bolşeviklərdən və ermənilərdən istifadə etdi. Beləliklə 1920-ci il 28 aprel tarixində XI Qırmızı ordu hissələri Bakıya daxil oldu. Bununla da Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu və Azərbaycan yenidən Rusiya tərəfindən işğal edildi.

Azərvbaycan Xalq Cümhuriyyətinin süqutuna təsir edən bir sıra daxili və xarici səbəblər var idi:

Daxili səbəblər:

  • Azərbaycan hökuməti daxilində sabitliyin olmaması, siyasi partiyalar və parlament fraksiyaları arasında çəkişmələr.
  • Hökümətin təşkili və fəaliyyətində sabitliyin olmaması.
  • Sovet Rusiyasına xidmət edən Azərbaycan Bolşeviklərinin ölkədaxili pozuculuq fəaliyyəti.
  • Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü ilə əlaqədar Milli Ordu hissələrinin cəbhə xəttindən götürülməsi nəticəsində Azərbaycanın Şimal sərhədlərinin müdafiəsiz qalması.
  • Cümhuriyyət hərbi hissələrinin işğalçılara qarşı vahid cəbhədə döyüşünün təşkilinin mümkün olmaması (bu zaman Azərbaycan İslam Ordusunun müəyyən hissələri Dağlıq Qarabağda və Zəngəzurda erməni separatçılarına qarşı mübarizə aparırdı).

Xarici səbəblər:

  • Birinci Dünya müharibəsindən sonra beynəlxalq aləmdə, o cümlədən Cənubi Qafqazda yaranmış ictimai-siyasi şəraitin mürəkkəbliyi və ziddiyyətliliyi.
  • İri dövlətlərin (ABŞ, Böyük Britaniya, Rusiya, Fransa, Almaniya və s.) Azərbaycana maraq ambisiyalarında rəqabətin güclü olması.
  • Sovet Rusiyasının varis olduğu çarizmin imperiya siyasətini fəal olaraq davam etdirməsi, Azərbaycanı yenidən işğal etmək niyyətinin gündəmdə olması.
  • Müəyyən səbəblər üzündən Türkiyə dövlətinin AXC-yə qardaşlıq yardımının zəifləməsi.
  • Sovet Rusiyasının Azərbaycan ərazisini işğal etməsi.

AXC Şərqdə, İslam və Türk dünyasında Avropa nümunəsində sivil demokratik prinsiplər əsasında qurulmuş ilk respublika idi. Cəmi 23 ay yaşamasına baxmayaraq o, Azərbaycan xalqının azadlıq hərəkatı tarixində böyük iz qoydu.

Yazar: Nağıyeva Türkan

HƏMÇİNİN BAX:Dünya demokratiyasının inkişafında AXC nümunəsi

HƏMÇİNİN BAX:Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması