Avropanın nüfuzlu təşkilatları İnformasiya Texnologiyaları İnstitutunda aparılan elmi tədqiqatları dəstəkləyir

Bu fikri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev institutun onlayn iclasında çıxışı zamanı səsləndirib.

 

Alim bildirib ki, Azərbaycanda COVID-19 virusunun geniş yayılması və bununla bağlı ölkədə xüsusi karantin rejiminin elan olunmasına baxmayaraq, institut prioritet istiqamətlərdə elmi tədqiqatları və beynəlxalq əməkdaşlığı davam etdirir, qurumun alimləri tərəfindən hazırlanmış məqalələr dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunur.

 

Akademik R.Əliquliyev İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin Kibertəhlükəsizlik Bölməsindən olan alimlərin sənaye təyinatlı avtomatik obyektlərdə kiberfiziki sistemlərin tətbiqi və onların təhlükəsizliyi ilə bağlı birgə tədqiqat apardığını diqqətə çadırıb. Bildirib ki, NATO təşkilatının “Sülh və Təhlükəsizlik Naminə Elm Proqramı” çərçivəsində hazırlanan qrant layihəyə bu təşkilat artıq müsbət rəy verib: “Dünyanın müxtəlif ölkələrindən olan aparıcı alimlərin cəlb edildiyi, Avropa Birliyinin dəstəklədiyi layihə ilə bağlı bizim institutda beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulur”.

 

Daha sonra o, Belarusun paytaxtı Minsk şəhərində keçirilən Şərq tərəfdaşlığı iclasında Minskdə “İKT Mərkəzi”nin yaradılması təşəbbüsünün irəli sürüldüyünü, bu təşəbbüsün həyata keçirilməsi ilə bağlı Azərbaycanın münasibət bildirməsinin təklif olunduğunu qeyd edib.

 

Alim Şərq Tərəfdaşlığı ölkələrindən biri kimi Azərbaycanın da “İKT Mərkəzi”nin təsis olunmasında yaxından iştitakının zəruri olduğunu deyib. Bildirib ki, rəhbərlik etdiyi qurum geniş imkanlara malik olacaq belə bir mərkəzin yaradılmasını dəstəkləyir. Bu prosesdə bütövlükdə AMEA-nın fəal iştirakı məqsədəuyğundur.

 

“Qeyd olunanlar Avropa Birliyi və NATO kimi nüfuzlu təşkilatların institutda aparılan elmi tədqiqatları dəstəklədiyini bir daha sübut edir. Bu, bizim uğurumuzdur”, – deyə R.Əliquliyev əlavə edib.

 

Mənbə: www.science.gov.az

Xəbərçi: Aytən Abbasova