Avropa ittifaqının dünya siyasəti
Avropa İttifaqı çoxtərəfli inteqrasiyanın inkişaf etmiş formalarından biri kimi çıxış edir. Onun səlahiyyət dairəsi iqtisadiyyat, sənaye, ticarət, siyasət, insan hüquqları, xarici siyasət və s. sahələrini əhatə edir. Avropa inteqrasiyasının yarıməsrlik tarixi və keçdiyi təkamül yolu göstərdi ki, bütöv halda Avropa İttifaqı ayrı-ayrı hissələrindən daha böyük və daha qüdrətlidir. İttifaqın iqtisadi, sosial, texnoloji, kommersiya və siyasi sahələrdə əldə etdiyi uğurlar üzvlərinin ayrılıqda qazanacağı uğurlardan daha əhəmiyyətlidir. Dünya arenasında “vahid səs”lə danışa bilmək İttifaqın üzvlərinə verdiyi əhəmiyyətli üstünlüyüdür.
İqtisadi qüdrətini artırmaq və dünya arenasında aparıcı iqtisadi güclərlə rəqabətə davam gətirmək üçün Avropa dövlətlərinin birliyi müstəsna əhəmiyyət kəsb edir. İttifaq ölkələrindən heç biri sərbəst surətdə dünya ticarətində aparıcı mövqeyə yiyələnmək üçün kifayət qədər iqtisadi potensiala malik deyil. Avropa ümumi bazarı isə üzv dövlətlərə və şirkətlərə dünya bazarında rəqabətə davamlı fəaliyyət göstərmək üçün zəruri imkanlar verir.
Avropa İttifaqı dünyanın aparıcı ticarət güclərindən biri kimi qlobal əhəmiyyətli məsələlər üzrə beynəlxalq danışıqlarda aparıcı rol oynayır. Avropa İttifaqı ölkələri xarici ticarət məsələlərində ümumi mövqedən çıxış edirlər. İttifaq beynəlxalq ticarətin azad və ədalətli əsaslarda aparılmasını dəstəkləyir. Ticarət danışıqlarının vahid mövqedən aparılması Avropa İttifaqına bu sahədə əhəmiyyətli təsir imkanları verir. Dünya üzrə idxalın və ixracın 19 faizi Avropa İttifaqına üzv olan ölkələrin payına düşür. Avropa İttifaqının texniki normaları dünya üzrə geniş tətbiq olunduğundan, İttifaq bir çox halda, müzakirələrin şərtlərini müəyyən edir.
Avropa İttifaqının vahid ticarət siyasətinin tətbiq edilməsi Avropa qitəsində və bütün dünyada inkişafı, həmrəyliyi və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır. Avropa İttifaqı dünya ticarətinin inkişafını təşviq edir, dünya ticarətində rəqabətliliyə, məşğulluq və inkişafa dəstək verir.
Avropa Komissiyası ikitərəfli və çoxtərəfli ticarət danışıqlarında iştirak edərək, beynəlxalq ticarətdə razılaşdırılmış qaydaların tətbiq olunmasını təmin edir, ÜTT və digər çoxtərəfli qurumlarla sıx əməkdaşlıq edir. Burada əsas məqsəd qloballaşmadan irəli gələn çətinliklərin öhdəsindən gəlmək, qloballaşmanın verdiyi imkanlardan daha çox insanın faydalanmasını təmin etməkdir.
Avropa İttifaqı tərəfdaş ölkələrə inkişaf və humanitar yardım məqsədilə vəsaitlər ayıran əhəmiyyətli donor qurumlarından biridir. Avropa İttifaqı ölkələrinin bu məqsədlə ayırdığı vəsait, bütün dünya üzrə inkişafa yardım məqsədilə ayrılmış rəsmi vəsaitin 60 faizə qədərini təşkil edir.
Avropa İttifaqında humanitar yardım məsələləri ilə Avropa Komissiyasının Humanitar yardım departamenti (ECHO) məşğul olur. Departamentin Baş ofisi Brüsseldə yerləşir. Dünyanın 38 ölkəsində 44 regional şöbəsi fəaliyyət göstərir. Fəaliyyəti müddətində Departament 140 ölkədə münaqişə və təbii fəlakət qurbanlarına 14 milyard məbləğində humanitar yardım göstərmişdir.
Avropa İttifaqı humanitar sahədə fəaliyyətini beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin agentlikləri, qeyri-hökumət təşkilatları, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı ilə əməkdaşlıq edərək qurur. Zərurət olduqda, Avropa İttifaqı qida məhsulları, sığınacaq, geyim, səhiyyə xidməti, su və sanitariya avadanlığı, ifrastrukturun təmiri, psixoloji dəstək və digər xidmətlərin göstərilməsi xahişi ilə həmin təşkilatlara müraciət edir.
Avropa İttifaqı iqlim dəyişiklikləri məsələsinə dair Kioto protokolunun müzakirələrində mühüm rol oynamışdır.
Demokratik dəyərlərin, o cümlədən insan hüquqlarının müdafiəsi Avropa İttifaqının fəaliyyətində xüsusi yer tutur. İttifaq bütün dünyada insan hüquqlarına riayət olunmasına çalışır. Insan hüquqları məsələsi Avropa İttifaqının xarici siyasətində, üçüncü ölkələrlə aparılan siyasi dialoqlarında, inkişaf və yardım siyasətində, beynəlxalq təşkilatlarla birgə fəaliyyətində mühüm yer tutur.
Terrorizm və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə Avropa İttifaqı dövlətlərinin polis qüvvələrinin əməkdaşlığını zərurətə çevirmişdir. Avropa İttifaqının “azadlıq, təhlükəsizlik və ədalət məkanı”na çevrilməsi əsas məqsədlərdən biri kimi Avropada hər kəsin qanunla bərabər müdafiə imkanının təmin olunmasını nəzərdə tutur və hökumətlər arasında sıx əməkdaşlığın həyata keçirilməsini tələb edir.
Bugün bütün dünya pandemiya ilə mübarizə aparır və bu istiqamətdə dövlətlər əməkdaşlıq edirlər. Postpandemiya dövründə Aİ- nin siyasətini zaman göstərəcək.
Yazar: İsmayılova Mələkxanım (BDU-nun magistr tələbəsi)
həmçinin bax Beynəlxalq siyasətdə qadınların yeri
https://tehsilim.org/miq-de-yuksek-netice-gosterenler/