Avar xaqanlığının Avropadakı fəthləri

Türkyut basqınlarından qaçan avarların vəziyyəti ilk baxışdan ümidsiz görünürdü. Arxadan onları güclü düşmən təqib edirdi, qabaqlarını isə müharibələrə öyrəşmiş, qələbənin sirlərini bilən güclü, varlı və çoxsaylı xalqlar kəsmişdilər. Avarlar öz sürülərini və doğma ölkələrini itirmiş qaçqın dilənçilər idilər. Onların necə və nəyə görə həm xilas olmağının, həm də qalib gəlməyinin səbəbini dövrün siyasi şəraitini diqqətlə nəzərdən keçirməklə müəyyənləşdirmək olar.

Avarların ilk vəzifəsi düşməndən uzaqlaşmaq idi. Həmin dövrdə Orta Asiyada Ağ Hunların fəallaşması və İstəminin diqqətini yayındırmaları (İstəmi deyirdi: «Avarlar quş deyillər ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar, avarlar balıq deyillər ki, suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da başqaları kimi yerin üstündə yaşayırlar. Eftalitlərlə qurtaran kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb qurtara bilməzlər») avarlar üçün xilas yoluna çevrildi. İstəmi Eftalitlərə qarşı fəal mübarizəyə yalnız 561-ci ildə — Xosrov Ənuşirvan Yustinianla sülh bağlayıb diqqətini şərqə yönəldəndən sonra başladı. Orta Asiyada həlledici sülh yalnız 571-ci ildə bağlandı və yalnız bundan sonra Türkyutlar təzədən qərbə üz çevirə bildilər. Lakin yaranmış fasilədən çox bacarıqla istifadə edən avarlar artıq İstəmi üçün əlçatmaz idilər.

Türkyutlardan uzaqlaşan avarlar özlərinə müttəfiq axtarmağa başladılar. Onlar alanların başçısı Sarosiydən * Bizansla yaxınlaşmaqda kömək göstərməyi xahiş etdilər. Sarosiy avarlara yardım əli uzatmaq qərarına gəldi və onların elçisinin Lazikə gətirilməsini təmin etdi. Buradan isə həmin elçi Konstantinopola göndərildi, lakin Bizans sarayında onu könülsüz və inamsız qəbul etdilər. Lakin buna baxmayaraq Yustinian Vladimirin başçılığı ilə cavab elçiliyi göndərdi. Vladimir avarlara hədiyyələr gətirdi və onlara imperiyanın düşmənlərinə qarşı (həmin dövrdə əsas düşmən İran sayılırdı) birlikdə mübarizə aparmağı təklif etdi.

İttifaq 558-ci ildə bağlandı. Lakin avarlar Bizansın düşmənləri əvəzinə müttəfiqləri üzərinə hücuma keçdilər. Onların ilk qurbanları sabirlər oldu. Sabirlər yeni «var» xalqını hələ V əsrdə məğlub olduqları həqiqi Asiya avarları (abar) kimi qəbul etdilər. Bu anlaşılmazlıq onların sıralarında başı pozuqluq yaratdı və avarların qələbəsini təmin etdi. Beləcə kiçik linqvistik səhv məlum rol oynadı. Sabirlərin ardınca Bizans imperiyasının sadiq müttəfiqləri olan uturqurlar və Donun aşağı sol sahillərində yaşayan zallar da avarların əlinin suyunu daddılar. Sonra Donu keçən avarlar antlara basqın etdilər və bu xalqı soyub quru yerdə qoydular.

Avarları Qafqazda bir müddət alanlar müdafiə etmişdilər. Qara dəniz sahillərində isə həmin vəzifə kuturqurların üzərinə düşdü. Mənbələr avarlarla kuturqur arasında ittifaq haqqında birbaşa məlumat verməsələr də, hadisələrin gedişi və dolayısı mənbələr onların müttəfiqliyini ehtimal etməyə əsas verir. 551-ci ildən 558-ci ilə qədər kuturqurlar Bizans imperiyasının sərhədlərinə yaxınlaşmağa cürət etmirlər. Səbəb məlumdur: incə Bizans diplomatiyası sayəsində kurutqurların şərq sərhədləri kuturqurların təhlükəsinə məruz qalmışdı, qərb sərhədlərini isə Qara dənizyanı çöllərdən şimala doğru meşəli-düzən zolaqda yaşayan çoxsaylı Ant tayfaları hədələyirdilərdi.

Menandr yazır ki, «avarlar uturqurlarla müharibəyə başladılar», bunun ardınca isə öz yürüşləri ilə antların yurduna süpürgə çəkdilər. «Ant hakimləri müflis vəziyyətə salındı və ümidlərini itirdilər». Təəssüf ki, Menandr antların məhz hansı ümidləri itirdiklərini göstərmir, digər tərəfdən onun hekayətində o qədər məsələlərin üzərindən sükutla keçilir ki, bu antik tarixçinin Avar-Bizans danışıqlarının nəticələri haqqındakı məlumatına tənqidi yanaşmaq zərurəti meydana çıxır. Valentinin elçiliyindən sonra avarlar məhz Bizansın müttəfiqlərini — sabirləri, uturqurları və antları əzdilər. Bütün bunlar Bizansın mənafeləri ilə bir araya sığmadığından təbiidir ki, nəticədə İran tərəfi udurdu. Əslində belə bir fikir qətiyyən yolverilməzdir ki, avarlar yalnız Konstantinopola üz tutmuşdular və hətta danışıqların müvəffəqiyyət qazanacağı təqdirdə Ktesifonu qətiyyən nəzərə almırdılar. Əgər avarlarla farsların öz aralarında ittifaq bağlamaları ehtimalını qəbul etsək, onda avarların nəyə görə Qafqazdan uzaqlaşmaq məcburiyyəti qarşısında qaldıqları məlum olar.

Bizansın sadiq müttəfiqi olan Alan knyazı Sarosiy bu şəraitdə avarlara kömək göstərə bilməzdi. Yardımdan məhrum olan avarlar isə qazandıqları qələbələrə baxmayaraq Ön Qafqazda möhkəmlənə bilmədilər. Üstəlik də onların arxasında türkyutların qüdrətli hərbi qüvvəsi dayanırdı. Lakin yunanların düşməni kimi tanınan kuturqur başçısı Zaberqan şübhəsiz, avarların simasında Bizans və onun dostları — antlar və uturqurlarla mübarizə üçün zəruri olan yeni müttəfiq tapmasına şad idi. Doğrudan da avarlar uturqurları məğlubiyyətə uğradıb arxadan kuturqurların təhlükəsizliyini təmin etdikdən sonra Zaberqan Balkanlara yeni yürüşə çıxdı və Konstantinopol divarlarına qədər çatdı.

Eyni dövrdə Avar səfirliyindən dərhal sonra türkyut elçiliyi də Konstantinopola gəldi (iyul, 558-ci il) və burada yaxşı qarşılandı. Çox ehtimal ki, bu elçilik də Bizans-Avar münasibətlərinin soyumasında müəyyən rol oynadı. Beləliklə, 558-ci ildə İran diplomatiyası Bizansa qarşı güclü düşmən yaratmaq və təhlükəli qonşuları öz sərhədlərindən Balkanlara yönəltmək baxımından mühüm qələbə qazandı. Sonradan görəcəyimiz kimi fars-Avar ittifaqı 628-ci ilə qədər davam etdi və az qalmışdı ki, Bizans imperiyasının axırına çıxsın.

Antlar avarlarla razılığa gəlməyə cəhd edirdilər. Bu məqsədlə də səfir Mizamiri onların yanına göndərmişdilər. Onun əsas vəzifəsi əsirlərin satın alınması idi. Lakin avarların yanına gələn Mizamir özünü elə lovğa və kobud apardı ki, elçi toxunulmazlığına baxmayaraq öldürüldü. Səfirə divan tutduqdan sonra da avarlar antları soymağı və kölə vəziyyətinə salmağı davam etdirirdilər. Belə bacarıqlı müttəfiqin köməyinə arxalanan kuturqur knyazı Zaberqan artıq Şərqdən heç bir təhlükə gözlənilmədiyi qərarına gəldi və sklavinlərlə ittifaq bağlayıb Bizansa hücum etdi. 559-cu ilin martında o, buzun üstü ilə Dunay çayından keçib qoşununu üç dəstəyə böldü — birinci dəstə Makedoniyadan Elladaya girdi və Fermopilama daxil oldu, ikinci dəstə Frakiya Xersonunu qoruyan müdafiə qurğularını hədələyirdi, Zaberqanın özünün başçılıq etdiyi üçüncü dəstə isə zəlzələdən dağılan və cinayətkar laqeydlik ucundan bərpa edilməyən Uzun divarın yarıqlarından şəhərə girdi. Konstantinopolda qarmaqarışıqlıq başlandı: qoca sərkərdə Velizari unutqanlıq dumanından tapılıb üzə çıxarıldı və düşmənləri paytaxtdan qovdu. Lakin buna baxmayaraq Zaberqan Frakiyada düşərgə salmışdı və istədiyi böyük məbləği almayınca soyğunçuluq və qarətçilikdən əl çəkmirdi.

Uturqurlara da «hədiyyələr» vəd edildi. Yalnız bundan sonra kuturqurlar Frakiyanı tərk etdilər. Yustinian dərhal uturqurların başçısı Sandilxlə dil tapdı. Onlar dərhal Zaberqanın Frakiyadan geri dönən dəstələrinin birinə hücum edib hamını qırdılar, əldə edilən qəniməti Sandilx yunanlara qaytardı. Bunun ardınca başlanan müharibə hər iki xalqı elə taqətdən saldı ki, həmin savaşdan yalnız avarlar qazandı. 565-ci ildə imperiyanı kifayət qədər qüdrətli sayan Yustinian avarlara hədiyyələr verilməsini dayandırdı. Lakin avarların gücü artmışdı. 565-ci ildə onlar artıq Tyurinqiyanı yerlə yeksan etmişdilər və Frank kralı Sigerberqlə uğurla döyüşürdülər. 567-ci ildə avarlar lanqobardlarla ittifaqda Bizansa yardım göstərən lepidləri darmadağın edib Tissa vadisini ələ keçirdilər. Bir il sonra lanqobordlar İtaliyaya çəkildikdə avarlar bütün Pannoniyanın sahibi və Mərkəzi Avropanın qənimi oldular. Onların əsas qüvvəsini tamamilə Avar xanına tabe olan uturqurlardan, antlardan, qərbi slavyan və kuturqurlardan ibarət köməkçi qoşun dəstələri təşkil edirdilər.

İlk Avar xanı Bayan 558-ci ildə Bizansı təhdid edərək ikiüzlülüklə deyirdi: «Roma torpağına elə adamlar göndərəcəyəm ki, hamısı qırılsa da, bu itki vecimə gəlməyəcək». Və bunun ardınca yürüşə 10 min nəfər kuturqur göndərdi. Hadisələrin təsviri VI əsrin 60-cı illərində beynəlxalq siyasətin əsas hərəkətverici qüvvəsini üzə çıxarmağa imkan verir. İran və Bizans barışmaz düşmənlər idilər. Bizansın əleyhdarları kimi avarlara İranla müttəfiqlik lazım idi. Avarların düşməni olan türkyutlar isə bizanslılarla ən yaxın dostluq əlaqələri saxlaya bilərdilər. Lakin eftalitlərin İran və türkyutlarla düşmənçilik edən dövlətinin mövcudluğu bu qüvvələr düzümünü mürəkkəbləşdirirdi. Ona görə İstəmi xan üçün Xosrov Ənuşirvanla ittifaq Yustinianla danışıqlardan daha cəlbedici idi. Təxminən 560-cı ildə farslar və türkyutlar hücum ittifaqı bağladılar — birincilər «şah Perozun ölümünün intiqamını almaq», ikincilər isə Soqdiananın çiçəklənən şəhərlərini ələ keçirmək üçün müttəfiq olmaq qərarına gəlmişdilər. Eftalitlər iki, hətta üç cəbhədə vuruşmalı oldular, çünki eftalit hökmdarı Mihraqul Kəşmiri və Pəncabı əldə saxlayaraq hindlilərlə inadlı döyüşlər aparırdı.

Bizansla müharibə:
 553-cü ildə Bizans özünün ipəkçilik sənayesini işə saldı. Kesariyalı Prokopinin yazdığına görə, ipək qurdunun sürfəsini Konstantinopola iki xristian rahib gətirmişdi. Bizanslı Feofan isə sürfələri içi oyulmuş əl ağacında bir nəfər farsın gətirdiyini yazır. N. V. Piqulevskaya sürfələrin Soqdiya şəhərlərinin birindən gətirilməsini ehtimal edir, Feofanın hekayətinə istinad edən Massonun fikrincə isə, sürfələr Cürcandan gətirilmişdi. İpəkçilik Konstantinopolda, Beyrut, Tir və Antioxiyada geniş yayılmağa başladı.

VI əsrin sonlarına yaxın artıq ipək idxalı Bizans üçün əvvəlki əhəmiyyətə malik deyildi. Türkyutların ipək inhisarını ələ almaq təşəbbüsü boşa çıxdı. Rəqabət onları ipək məmulatının qiymətləri aşağı salmağa məcbur etməyə bilməzdi, bu isə ticarətdən əldə olunan gəlirin xeyli azalmasına gətirib çıxardı. İpək ticarətindəki rəqabətdən əlavə avar məsələsi də Bizans-türkyut münasibətlərinin soyumasına təkan verirdi. 568-ci il müqaviləsinə görə Bizans avarlarla sülh və ittifaq bağlamaq təəhhüdü götürmüşdü. Odur ki, avar elçiliyi sülh xahişi və Pannoniyanı tutmaq icazəsi üçün Yustinin yanına gəldikdə ona rədd cavabı verildi. Lakin buna baxmayaraq avarlar Pannoniyada möhkəmlənərək bizanslılar üzərində qələbə çaldılar.

Bu isə onları 570-ci ildə sülh bağlamağa məcbur etdi. Yeni siyasi qruplaşmaların meydana çıxması üçün bu iki amil kifayət idi. Volqa üzərindəki türkyutlar yenicə itaət altına alınmış tayfalar arasında yaşayırdılar. Yalnız ağır türkyut süvarilərinin misilsizliyi sayəsində bu tayfalar tabeçilik boyunduruğuna girmişdilər. Avarların qəfil güclənməsi türkyut xaqanlığının bütün düşmənləri, ilk növbədə isə kuturqurlar üçün cazibə mərkəzi yaradırdı. Bu ilk növbədə türkyutların özləri üçün təhlükəli idi. Lakin hələlik avarlar qepidlər və yunanlarla nəticəsi bəlli olmayan müharibə apardıqlarından türkyutlar zəif düşməni saya salmaya bilərdilər. Ancaq avarlar qüdrətli dövlət yaratdıqdan və Bizansla sülh müqaviləsi bağlayaraq təhlükəsizliklərini təmin etdikdən sonra türkyutlar qorxuya düşməyə bilməzdilər.

Doğrudan da Valentinin 576-cı ildə gələn elçiliyi əvvəlkilərdən tamamilə fərqli şəkildə qarşılandı. Elçini səkkiz bölgə knyazından (həmin dövrdə Göytürk dövləti böyük xana tabe olan səkkiz bölgə knyazlığından ibarət idi) biri olan Türksanf qəbul etdi. Valentinin təntənəli salamının cavabında o dedi: «Siz on dildən və bir yalandan istifadə edən həmin o romalılar deyilsinizmi?» Bundan sonra o, barmağının sonu ilə ağzını tutub sözünə davam etdi: «İndi mənim ağzımda on barmaq olduğu kimi siz romalıların da çoxlu dili var. Bu dillərin biri ilə siz məni, o biri ilə sadiq təbəələrim olan varxonitləri aldadırsınız. Sizin hökmdarınız mənimlə dostluq haqqında danışıqlar apara-apara mənim qullarımla, öz ağalarının yanından qaçmış varxonitlərlə (o, avarları nəzərdə tuturdu — L. Q.) müqavilə bağladığına görə vaxtı çatanda cəzasını alacaq. Lakin varxonitlər türklərin (türkyutların — L. Q.) təbəələri kimi istədiyim vaxt mənim yanıma qayıdacaqlar. Niyə siz, romalılar, mənim Bizansa gedən elçilərimi Qafqazdan aparırsınız, həm də məni inandırırsınız ki,başqa yol yoxdur? Siz bunu ona görə edirsiniz ki, mən yolların çətinliyini görüb Roma vilayətləri üzərinə hücum niyyətimdən əl çəkim? Lakin Dnepr çayının harada olduğu, İstrin hara töküldüyü, Evrin haradan axdığı və kölələrim olan varxonitlərin Roma imperiyasına hansı yollarla gedib çıxdıqları mənə dəqiq məlumdur. Sizin qüvvələrinizdən də bixəbər deyiləm. Günəşin ilk şəfəqlərindən tutmuş Qərbin hüdudlarına qədər bütün yer mənə tabedir. Ey bədbəxtlər, siz bir Alan xalqlarına və Utiqur tayfalarına baxın. Onlar hədsiz harınlıqlarından ruhlandılar, qüvvələrinə arxalandılar və məğlubedilməz Türk xalqına qarşı çıxmağa cəsarət etdilər. Lakin onlar ümidlərində aldandılar. Əvəzində isə bizim təbəəliyimizin altına düşdülər, bizim kölələrimiz oldular». Bu mətn Göytürk xarici siyasətindəki dönüşü aydınlaşdırır, lakin Menandrın şərhində Türksanfın dəlil-sübutu tam yarımçıqdır. Geniş məlumata malik Türksanf Bizansın avarlarla bağladığı sülhün yunanların Dunay çayı üzərindəki ağır məğlubiyyətinin nəticəsi olduğundan xəbərsiz qala bilməzdi.

Avar-Frank müharibəsi zamanı Avar şamanları dolu qarışıq fırtına çağırmışdılar. Üstəlik onların iradəsi ilə firəng düşərgəsinə ildırım düşmüş, nəticədə firənglər məğlub edilmişdilər. Nəhayət, belə sehrli üsullardan istifadə naymanlara da şamil edilir. Rəşidəddin xəbər verir ki, Camuxa başda olmaqla tayfalar ittifaqının Çingiz xanın üzərinə yürüşü zamanı 73 (1201-ci ildə) Nayman şamanları fırtına çağırmış, lakin onun hərəkətini düzgün hesablamadıqlarından təbii fəlakət özlərinə qarşı çevrilmiş və Çingizin qələbəsinə mühüm kömək göstərmişdi

Qərbi Göyütrk xanları üçün iki xarici siyasət problemi həll olunmamış qalmışdı: avarları itaət altına gətirmək və İrandan ipək karvanları üçün yol açmaq lazım idi. Buna onların öz qüvvələri kifayət eləmirdi. Hər iki halda göytürklərin təbii müttəfiqləri Bizans idi. Lakin həmin dövrdə Bizansın özünü farslar yerləyeksan edirdilər. 610-cu ildə Konstantinopoldakı hakimiyyət dəyişikliyi nəticəsində istedadlı sərkərdə İraklinin dövlət başına gəlməsinə baxmayaraq, Bizans imperiyasının vəziyyəti böhranlı qalmaqda davam edirdi. Onun Avropa əyalətləri İranla ittifaq bağlamış avarlarla dolu idi, 616-cı ildə Misirin əldən verilməsi isə paytaxtı taxılsız qoydu.

Farslar və avarlar Bizans imperiyasını məngənə arasında sıxırdılar. Lakin imperator İrakli də özünün şərqdəki müttəfiqi Li Şimin kimi istedadlı sərkərdə və siyasətçi olduğunu göstərdi. Onun emissarları kuturqurlar arasında Avar ağalığına qarşı narazılıq doğura bildilər. Avarlar bundan xəbər tutan kimi müəyyən məbləğ alıb, Konstantinopolun mühasirəsini götürdülər və 620-ci ildə Dunayın o biri tayına çəkildilər. Bu İrakliyə azad edilmiş paytaxtdan çıxaraq Kiçik Asiyadakı orduya getməyə və onu farsların üzərinə aparmağa imkan verdi. Bu arada avarlar yenidən özlərinə gəldilər və farslarla birlikdə Konstantinopol üzərinə hücuma hazırlaşmağa başladılar. Bizans imperatoru daha ləngiyə bilməzdi. O, mütləq özünə müttəfiq tapmalı idi və İrakli belə bir müttəfiqi tapdı. Beləliklə, Qərb xaqanlığı Çinlə dostluq və təbii ki, Şərqi Göytürk xaqanlığı ilə düşmənçilik münasibətlərini saxlamaqla İranla Bizans arasındakı mübarizəyə qoşuldu. Düşmənçilik halqası qapandı: bir tərəfdən Çin, Qərbi Göytürk xaqanlığı və Bizans imperiyasının, o biri tərəfdən isə Şərqi Göytürk xaqanlığı, İran və avarlar dövlətinin daxil olduğu iki güclü koalisiya yarandı

Qafqaza hücum:
626-cı ilin yayında avarlar və farslar Konstantinopol üzərinə hücumu təzələdilər. Bu məhz Kat İl-xanın şərqi türkyut atlılarının başında Çinə basqın etdiyi vaxta düşdü. Təbii ki, hadisələrin bu cür uyğunluğu əsla təsadüfi ola bilməzdi. İyunda Avar süvariləri imperiyanın paytaxtını qurudan müdafiə edən Uzun divara çatdılar, farslar isə Bosforun lacivərd sularına yaxınlaşdılar. Lakin yunanlar farslara Avropa hissəsinə keçməyə imkan vermədilər. Ona görə də avarlar hücuma tək getməli oldular. Avqustun 7-də onlar tam məğlubiyyətə uğradılar və şimala qaçdılar, fars korpusu isə Suriyaya tərəf geri çəkildi. İrakli yenə də hücuma keçmək imkanı əldə etdi. Bu dəfə onun çoxdan gözlədiyi kömək də gəlib yetişdi. Vey çayı üzərindəki sülh Tun-Yabqu xanın əl-qolunu açmışdı. O, şərq sərhədləri sıradan arxayın olduqdan sonra bizanslıların yardımına yetişmək üçün qoşunlarının bir hissəsini qərbə göndərdi.

Farslar türkyutlara o qədər də mühüm diqqət yetirmirdilər, çünki Qafqaza gedən yolun üzərindəki Dərbənd qalasının alınmazlığına əmin idilər. Xosrov Ənuşirvanın hakimiyyəti illərində tikilmiş əzəmətli divar Xəzər sahili boyunca 40 km. uzanır və düşmən süvarilərinə qarşı ən etibarlı sipər təsiri bağışlayırdı. Nizami fars qoşunları qərbdə vuruşurdu, ona görə də albanlar yeni düşməndən təkbaşına müdafiə olunmalı idilər. Albanların xalq ordusu olduqca ibtidai şəkildə silahlanmışdı — onların silahları ox və qısa nizələrdən ibarət idi. Zirehli geyim, hətta qalxan da tələb edildiyindən qat-qat az idi. Nizələrlə silahlanmış piyada qalxançılar qoşunun xüsusi növünü — falanqanı təşkil edirdilər, yalnız hərbi başçılar o zamankı texnikanın son tələbi əsasında təchiz olunmuşdular.

Onlar zirehli köynəyin üstündən keçə kaftan geymişdilər. Oxlar və nizələr bu cür paltarı deşib keçə bilmir, «kənara sıçrayırdılar». Aydın məsələdir ki, bu cür döyüşçülər türkyutların zirehli süvarilərinin qarşısını saxlaya bilməzdilər. Dərbənd qalasının divarları iri, yonulmuş daşlardan tikilmişdi. Onun hündürlüyü 18—20 metrə çatırdı. Şimal səmtindəki 30 qüllə qala divarlarının daha möhkəm qorunmasına kömək edirdi. Darvazaların üçü dəmirdən idi, divarın şərq qurtaracağı isə Xəzər dənizinin dərinliklərinə doğru o qədər uzanmışdı ki, onu dolanıb keçmək qeyri-mümkündü. Lakin hər bir qala yalnız onu qorumaq istəyəndə və bunu bacaranda güclü olur.

Xəzərlərlə rəqabət bolqarları duluların mövqeyinə yaxınlaşdırırdı. 630-cu ilə qədər onlar xaqanlığın qərb sərhədlərini avarların ehtimal olunan hücumlarından qoruyurdular, lakin kuturqurların avar xanına qarşı üsyanı həmin sərhədləri Don çayından Karpata qədər geri çəkdi. Yeni yaranmış vəziyyətdə əla qoşunları arxa cəbhədə saxlamağın mənası yox idi və buna görə də bolqarları döyüşən ordunun sıralarını doldurmaq üçün Qafqaza atdılar

Bu çəkişmələrdən yalnız bolqarların başçısı Kubrat qazandı. O, əvvəlcə əmisi Sibir xana tərəfdar çıxaraq Türkyut və xəzərlərdən xilas oldu. Sonra isə o, xaqanlığın mərkəzindən uzaqda olmasından istifadə edib müstəqil xanlıq yaratdığını bildirdi. Başları ara müharibələrinə qarışan türkyutlar onu sakit buraxdılar. Təxminən 635-ci ildə Kubrat avarları məğlubiyyətə uğradaraq eyni vaxtda Konstantinopola elçi göndərməyə də hazırlaşırdı. Bunun müqabilində İrakli ona patriki rütbəsi verdi. Kuturqurların avarlara qarşı üsyanı nəticəsində Qara dəniz boyu düzənliklər də Kubratın hakimiyyəti altına keçdi, çünki Feofanın salnaməsində o, «Bolqarıstanın və kotrakların» — yəni kuturqurların hakimi kimi təqdim olunur.

Kuturqurlar bütün müharibələrdə avarlara yaxından kömək etmələrinə baxmayaraq, avarlar onlarla itaət altında olan xalq kimi — çox pis rəftar edirdilər. 630-cu ildə kuturqurlar üsyan qaldırdılar, lakin məğlubiyyətə uğradılar. Avropada olan kuturqurlar Bavariyaya qaçdılar, ancaq burada frank kralı Daqoberin əmri ilə xaincəsinə qılıncdan keçirildilər. Şərqdə yaşayan kuturqurların isə bəxti gətirdi. Onlar öz həmtayfaları uturqurlara birləşərək vahid bolqar xalqını təşkil etdilər. Yeni Bolqarıstan qərbdə hələ də türkyutların mövqeyində dayanan xəzərlərlə, qərbdə avarlarla, cənubda isə Bizansla düşmənçilik edir və hər üç tərəfə qüvvə çatdıra bilirdi. Avar xaqanlığının qüdrəti isə həmin vaxtdan tənəzzülə uğramağa başlamışdı. Bu tənəzzül avarların Böyük Karlın zirehli döyüşçülərinin qılıncları altında məhv olduğu dövrə qədər davam etdi.

 

 

Ədəbiyyat:

1.Əsməd Muxtarova-Türk xalqlarının  tarixi  Elm 1999;

2.Lev Qumilyov- Qədim türklər Elm 1967;

Yazar: Samirə İbrahimli
HƏMÇİNİN BAX: Nuklein Turşularının Quruluşları
HƏMÇİNİN BAX: Tehsilim.org/distant-tehsilin-ustunlukleri-ve-catismazliqlari-ii-hisse/