Avar xaqanlığı
Cənubi-Şərqi Avropa çöllərində erkən orta əsrlərdə yaşamış bir türkdilli tayfa birləşməsi Avar adlanırdı. Bu
tayfa birləşməsinin adı ilk dəfə 463-cü ilə aid hadisə ilə əlaqədar olaraq Bizans müəllifi Priskin əsərində çəkilmişdir. Müəllif yazır ki, saraqurlardan Bizans imperatorunun sarayına 463-cü ildə gəlmiş elçi avarların sabirlərlə basqınından danışmışdır. Tayfanın mənşəyi məsələsi indiyədək mübahisəlidir. Bəzi tətqiqatçılara
görə avarlar qədim türk run yazılarında çəkilən “apar” adlanan tayfadır. Mərkəzi Asiyada yaşamış bu bu
tayfa Kamal Anadolunun yazdığına görə həm də cucan adlanırdı. Müəllifin yazdığına görə eranın əvvəllərində bu tayfa iki yerə ayrılmış, bir hissəsi Çinə getmiş, digər hissəsi isə hunların tərkibində qərbə gəlmişdir.
Macarıstan ərazisində erkən orta əsirlərin sonlarında avarlara aid çoxlu arxeoloji abidələr aşkar olunmuşdur. Qazıntılar zamanı qəbirlərdə tapılmış qılınclar və üzəngilər, üzərində həndəsi və zoomorf ornamentləri olan müxtəlif əşyalar və bəzək əşyalaeı avarlara aid edilir.
Kəmər etnonimində gürcü dilində qmiri “bahadır”, alman dilində hun etnonimindən hune “nəhəng” sözləri kimi abar etnonimindən Şərqi slavyan dillərində obr “nəhəng” sözü qaldı.
Avarlarla bağlı mühüm məsələ onların Azərbaycanda da yaşamalarıdır. N.Y.Merpertin yazdığına görə VI əsrdə Şimali Qafqaz çöllərindən avarların bir qrupu Qafqaza getmişdi. Şimali Qafqaz çöllərində yaşamış avarların müəyyən hissəsinin VI əsrin 70-ci illərində Cənubi Qafqaza gəlmələri və gürcü çarı Quramın Bizans dövlətinin tələbi ilə onları Gürcüstandan yerləşdirməsi də məlumdur. Avarların Azərbaycanda və Gürcüstanda yaşamaları toponimika ilə də təsdiqlənir. Azərbaycanda Avaran (Xaçmaz rayonu), Qərbi Azərbaycanda 1988-ci ilə qədər Abaran, Gürcüsanda Abari yaşayış məntəqə adları məlumdur. Deyilənlər göstərir ki, erkən orta əsrlərdə Cənubi-Şərqi Avropada yaşamış türkdilli avarların müəyyən hissəsi Azərbaycana gələrək sonrakı əsrlərdə yerli əhali ilə qaynayıb qarışmışdır.
Qədim türk tayfalarından biri olmuş avarların adı ilə Dağıstan dil qrupuna daxil olan, Dağıstanın Cənub-Qərbində və Azərbaycanın Zaqatala və Balakən rayonlarında yaşayan avarların adı eyni səslənsə də, onların
heç bir mənşə birliyi yoxdur. Dağıstan dil qruplu avarlar özlərinə “marulal” deyirlər ki , bu da dağlı mənasındadır. Ehtimal olunur ki, Xəzər xaqanlığı vaxtında bu dövlətə daxil olan indiki Dağıstanda türk avarlar yaşamış və nəticədə bu ad dağıstan dili avarlara da keçmişdir .
Türkyut basqınlarından qaçan avarların vəziyyəti ilk baxışdan ümidsiz görünürdü. Arxadan onları güclü düşmən təqib edirdi, qabaqlarını isə müharibələrə öyrəşmiş, qələbənin sirlərini bilən güclü, varlı və çoxsaylı xalqlar kəsmişdilər. Avarlar öz sürülərini və doğma ölkələrini itirmiş qaçqın dilənçilər idilər. Onların necə və nəyə görə həm xilas olmağının, həm də qalib gəlməyinin səbəbini dövrün siyasi şəraitini diqqətlə nəzərdən keçirməklə müəyyənləşdirmək olar.
Avarların ilk vəzifəsi düşməndən uzaqlaşmaq idi. Həmin dövrdə Orta Asiyada eftalitlərin fəallaşması və İstəminin diqqətini yayındırmaları (İstəmi deyirdi: «Avarlar quş deyillər ki, havaya uçub türk qılıncından canlarını qurtarsınlar, avarlar balıq deyillər ki, suya baş vurub dənizin dərinliklərində gizlənsinlər. Onlar da başqaları kimi yerin üstündə yaşayırlar. Eftalitlərlə qurtaran kimi avarların üzərinə gedəcəyəm, onlar əlimdən qaçıb qurtara bilməzlər») avarlar üçün xilas yoluna çevrildi. Onların ilk qurbanları sabirlər oldu. Sabirlər yəni «var» xalqını hələ
V əsrdə məğlub olduqları həqiqi Asiya avarları (abar) kimi qəbul etdilər. Bu anlaşılmazlıq onların sıralarında başı pozuqluq yaratdı və avarların qələbəsini təmin etdi. Beləcə kiçik linqvistik səhv məlum rol oynadı.
Sabirlərin ardınca Bizans imperiyasının sadiq müttəfiqləri olan uturqurlar və Donun aşağı sol sahillərində yaşayan zallar da avarların əlinin suyunu daddılar. Sonra Donu keçən avarlar antlara basqın etdilər və bu xalqı soyub quru yerdə qoydular. Avarları Qafqazda bir müddət alanlar müdafiə etmişdilər. Qara dəniz sahillərində isə həmin vəzifə kuturqurların üzərinə düşdü. Mənbələr avarlarla kuturqur arasında ittifaq haqqında birbaşa məlumat verməsələr də, hadisələrin gedişi və dolayısı mənbələr onların müttəfiqliyini ehtimal etməyə əsas verir.
565-ci ildə imperiyanı kifayət qədər qüdrətli olduğunu sayan Yustinian avarlara hədiyyələr verilməsini dayandırdı. Lakin avarların gücü artmışdı. 565-ci ildə onlar artıq Tyurinqiyanı yerlə yeksan etmişdilər və firəng kralı Sigerberqlə uğurla döyüşürdülər. 567-ci ildə avarlar lanqobardlarla ittifaqda Bizansa yardım göstərən lepidləri darmadağın edib Tissa vadisini ələ keçirdilər. Bir il sonra lanqobordlar İtaliyaya çəkildikdə avarlar bütün Pannoniyanın sahibi və Mərkəzi Avropanın qənimi oldular.
Onların əsas qüvvəsini tamamilə avar xanına tabe olan uturqurlardan, antlardan, qərbi slavyan və kuturqurlardan ibarət köməkçi qoşun dəstələri təşkil edirdilər. İlk avar xanı Bayan 558-ci ildə Bizansı təhdid edərək ikiüzlülüklə deyirdi: «Roma torpağına elə adamlar göndərəcəyəm ki, hamısı qırılsa da, bu itki vecimə gəlməyəcək». Və bunun ardınca yürüşə 10 min nəfər kuturqur göndərdi.
Hadisələrin təsviri VI əsrin 60-cı illərində beynəlxalq siyasətin əsas hərəkətverici qüvvəsini üzə çıxarmağa imkan verir. İran və Bizans barışmaz düşmənlər idilər. Bizansın əleyhdarları kimi avarlara İranla müttəfiqlik lazım idi. Avarların düşməni olan türkyutlar isə bizanslılarla ən yaxın dostluq əlaqələri saxlaya bilərdilər.
Ədəbiyyat:
1.Əsməd Muxtarova-Türk xalqlarının tarixi Elm 1999;
2.Lev Qumilyov- Qədim türklər Elm 1967;
YAZAR: İbrahimli Samirə
HƏMÇİNİN BAX: Psixi Xəstəliklər
HƏMÇİNİN BAX: tehsilim.org/naxcivan-xatire-muzeyi/