Atropatena dövləti
Makedoniyalı İsgəndərin ölümündən sonra böyük dəyişikliklər baş vermiş, Azərbaycanın cənubunda isə yerli dövlətçilik ənənələri bərpa olunaraq yeni bir quldar dövlət – Atropatena dövləti meydana çıxmışdır. Atropatena şimalda Araz çayı, qərbdə Zaqros dağları, cənubda midiyalıların torpaqları, şimal-şərqdə isə Xəzər dənizi və onun cənubunda məskunlaşmış tayfaların torpaqları ilə həmsərhəd idi. Atropatenanın adı barəsində fikirlərin tarixi bu ölkənin öz tarixi qədər qədimdir. Ən qədim yazılı mənbələr bu adın vaxtilə Əhəmənilərin canişini olmuş Atropatın adından törəndiyini iddia edir. Bir sıra müəlliflər hesab edirlər ki, Atropatena “Atropata məxsus (olan yer, ölkə)” mənasını verərək indiki Azərbaycan adının ilkin forması olmuş, sonralar Atropatakan, Adurbadaqan, nəhayət Azərbaycan kimi formaları alaraq, nəhayət, xilafət dövründə bu günkü şəklə düşmüşdür. Həmin versiyanın tərəfdarlarının fikrincə, Atropat adı, güman ki, Əhəmənilər imperiyasının indiki Cənubi Azərbaycanı əhatə etmiş Kiçik Midiya satraplığının canişininin şəxsi adı yox, onun daşıdığı baş atəşpərəst kahini vəzifəsinin adından (“atr” – od, atəş; “paf<- başçı) törəmişdir. Qavqamela döyüşündə III Daranın qoşununun tərkibində midiyalılar, kadusilər, albanlar və sakasinlərin birləşmiş dəstələrinin başında duraraq yunan-Makedoniya ordusuna qarşı döyüşdüyü üçün İsgəndər, təbii ki, qələbəsindən sonra onu vəzifəsindən kənarlaşdırdı və Midiyanın idarəsini Oksidat adlı bir nəfərə (sonralar onu Arsak əvəz etdi) tapşırdı. Bəzi məlumatlar güman etməyə imkan verir ki, Atropat bir müddət İsgəndərə qarşı mübarizə haqqında düşünsə də bunun faydasız olduğunu başa düşüb, onunla yaxınlaşmaq yolunu tutmuş və e.ə. 328-ci ildə yenidən öz vəzifəsinə qaytarılmışdı. Atropat öz qızını İsgəndərin yaxın dostu, həmfıkri, yunan-Makedoniya ordusunda süvarilərin komandanı Perdikkaya ərə verməklə öz mövqeyini möhkəmləndirdi. İsgəndər Hindistan səfərində olarkən e.ə. 324- cü ildə Bariaks adlı bir nəfərin başçılığı ilə qalxan üsyanı yatırdan və Bariaksı həbs edib onu yunanlara təhvil verən Atropatın nüfuzu daha da möhkəmləndi. Nisay düzündəki görüşdən sonra İsgəndər Atropatı öz yanından buraxmır, onu özü ilə birlikdə Suza aparır. Məşhur Suz təntənələrində onun İsgəndərə bağışladığı amazonkalar böyük uğurla çıxış edir. Beləliklə, Atropatm mövqeyi xeyli möhkəmləndi. E.ə. 323-cü ildə İsgəndərin ölümündən sonra Perdikkanın dövründə Atropatın müstəqil hökmdar olduğuna şübhə yoxdur. Lakin Perdikkanın dövrü uzun çəkmədi və o, e.ə. 321-ci ildə Misirə – Ptolomeyə qarşı yürüş zamanı öz sərkərdələri tərəfindən öldürüldü. İsgəndərin imperiyası onun sərkərdələri tərəfindən bölüşdürüldü. Suriya və Babilistana sahib çıxmış sərkərdə Selevk (e.ə. 321-281) tezliklə İraq və Orta Asiyada böyük bir imperiya qurdu. Bu imperiya uzun müddət romalılar və e.ə. III əsrin ortalarında Orta Asiyanıncənubi-qərbində, indiki Türkmənistan ərazisində Arşakilər sülaləsinin başçılığı ilə meydana çıxıb beş əsr (e.ə. III əsrin ortalarından b.e.-nin 276-cı ilinədək) mövcud olmuş Parfıya dövləti ilə mübarizə apardı. Baktriya, Soqdiana və Parfıya müstəqillik əldə etdikdən sonra selevki hökmdarı III Antiox (e.ə. 223-187) bu torpaqları geri qaytarmaq üçün son cəhd göstərdi. Onun Şərq yürüşü (e.ə. 209-205) uğurla nəticələndi və Hindistanadək torpaqlar Antioxun nəzarəti altına keçdi. Hələ III Antioxun hakimiyyətinin əvvəllərində Midiya satrapı Molon Selevkilərə qarşı üsyan (e.ə. 222-220) qaldırır, Artabazanın hökmdarlıq etdiyi Atropatenaya soxulur və e.ə. 220-ci ildə bu ölkəni özündən asılı vəziyyətə salır. Lakin çox yaşlı olan Artabazan III Antioxla döyüşə girməyərək öz müstəqilliyini üsul-idarəsini saxlamaqla selevkilərdən asılılığı qəbul edir. Lakin e.ə. 190-cı ildə Maqnesiya vuruşmasında III Antioxun romalılara məğlubiyyəti ilə Atropatena bu asılılıqdan xilas oldu. Elimadada üsyanı yatırarkən həlak olmuş III Antioxdan sonra onun xələfləri Selevki dövlətindəki siyasi böhranının öhdəsindən gələ bilmədilər. Selevkilərin tənəzzülü dövründə e.ə. 189-cu ildə Atropatenadan qərbdə III Antioxun sərkərdələri tərəfindən yaradılan Ərməniyyə (Armeniya) dövləti qonşuların ərazilərinin işğalı hesabına genişlənməyə başladı. E.ə. II əsrin ortalarında Parfıya çarlığı Midiyanı, İkiçayarasını ələ keçirdi. Şübhəsiz ki, bu vaxtdan etibarən Atropatena da qüdrətli Parfıya çarlığının nüfuz dairəsinə düşmüş, Ön Asiya bir müddət Parfıya-Roma qarşıdurmalarının meydanına çevrilmişdi. E.ə. I əsrin əvvəllərində Kiçik Asiyada Roma-Pont münaqişəsi kəskinləşir. Roma senatının Şərqə göndərdiyi sərkərdə Lisini Lukull e.ə. 71-ci ildə Pont çarı VI Mitridatın qoşunlarını əzib Ərməniyyə ərazisinə girdi. Parfıya Arşakiləri tərəfindən Ərməniyyə taxtına əyləşdirilmiş II Tiqran (e.ə. 95-55) (o, bir müddət Arşakilərin yanında girov olmuşdur; bəzi məlumatlara görə, ana tərəfdən arşakilərin qohumu idi) e.ə. 69-cu ildə öz paytaxtı Tiqranakertin yaxınlığında Lukulla döyüşdə alban, iber və atropatenalıların etdikləri köməyinə baxmayaraq məğlubiyyətə uğradı. E.ə. 68-ci ildə Artaksat şəhəri yaxınlığındakı döyüşdə Lukulla yenə uduzdu. Lakin Lukullun arxayınlaşmasından istifadə edən Tiqran Kappadokiyanı tutaraq dağıtdı. E.ə. 66-cı ildə Roma senatının Lukullun yerinə təyin etdiyi məşhur sərkərdə Qney Pompey II Tiqranı tezliklə Romaya tabe etdi. Pompeyin ram etdiyi ölkələr içərisində Atropatenanın adı çəkilmir. E.ə. 36-cı ildə Atropatena digər Roma sərkərdəsi – Misir hökmdarı Kleopatra ilə evlənmiş Antoninin hücumuna məruz qalır. Antoni Ərməniyyə çarı II Artavazdın təhriki ilə Atropatenaya soxulur və ölkənin ən mühüm qalalarından biri olan Fraaspanı mühasirəyə alır. Bu zaman Parfiya şahı IV Fraatla ittifaqda olan Atropatena kifayət qədər hərbi-siyasi qüvvəyə malik idi. Qazaka kimi paytaxtı, Vera, Aqanzena, Fraaspa kimi qalaları olan Atropatena 40 min piyada və 10 min süvari qoşun çıxara bilərdi. Fraaspa ekspedisiyası zamanı IV Fraat və Atropatena hökmdarı III Artabaz Antoninin qoşunlarına rahatlıq vermirdi. Erməni çarı öz müttəfiqləri olan romalıları döyüş meydanında tək qoyub qaçdı (bu xəyanətə görə Antoni onun e.ə. 34-cü ildə İsgəndəriyyədə boynunu vurdurdu, başını və torpaqlarını Atropatena çarına hədiyyə verdi) və Antoni on minlərlə döyüşçü itirərək Atropatenadan geri çəkildi. Bu uğurdan sonra, bəzi məlumatlara görə romalılardan əldə olunmuş qənimətlərin bölüşdürlüməsi üstündə Parfiya və Atropatena hökmdarları arasında nifaq düşür. E.ə. I əsrin sonu – b.e. I əsrinin əvvəllərində Atropatenanın Artabaz, Ariobarzan kimi hökmdarları Roma ilə ittifaqda çıxış edir, Romanın əli ilə bir müddət Ərməniyyə taxt-tacına da sahib olurlar. Lakin, tezliklə Atropatena yenidən Parfiya ilə yaxınlaşır. Eramızın 20-ci illərində Atropatilər sülaləsinin son nümayəndəsi Ariovastdan sonra parfiyalılar Atropatena taxtına ana tərəfdən özləri ilə qohum olan nəsli hakimiyyətə gətirirlər. Atropatenlərin 350 illik hakimiyyətindən sonra taxta çıxmış Kiçik Arşakilər sülaləsi III əsrin əvvəllərinə – Sasanilərin işğalınadək ölkəni idarə etmişdir. Atropatena quldar dövləti e.ə. IV əsrin 20- ci illəri – b.e. III əsrlərində bölgənin həyatında mühüm rol oynamış dövlətlərdən biri idi. Atropatena Azərbaycanın qədim dövlətçilik ənənələrinin bərpası və inkişafında, Azərbaycanda etnik birliyin təşəkkülü prosesində mühüm rol oynamışdır.
YAZAR: Zinyət Paşazadə
Həmçinin bax: Güc və onun növləri- I hissə
Həmçinin bax: turaz.org/qardas-olkede-icazesiz-zibil-yigimina-gore-cerime-tedbiq-edilecek/
Həmçinin bax: tehsilim.org/dim-cografiya-yeni-adli-vesait-nesr-edib/