“ATA Sözü”

Su süzülər daşdan keçər,
Söz kirpikdən, qaşdan keçər,
Min cür xəyal başdan keçər,
Dilə sözün düzü düşər,
Yada “ATA Sözü” düşər.!

* * *

Dərə yolu çınqıl olar,
Gül içində qanqal olar,
Od qalanar, tonqal olar,
Ocaq yanar közü düşər,
Yada “ATA Sözü” düşər.!

* * *

Tülkü olan quyruq qısar,
Arxalı it qurdu basar,
Dərin qazar, dayaz qazar,
Hər kəs qazar özü düşər,
Yada “ATA Sözü” düşər.!

* * *

Saç yığılar, birçək olar,
Könül sevən göyçək olar,
Dil dolaşar gerçək olar,
Dilə sözün düzü düşər,
Yada “ATA Sözü” düşər.!

Yazar: Gülnar Nəzərli Bakı Qızlar Universitetinin 2-ci kursunu bitirmişdir. “Qış günündə açan çiçək” adlı bir kitab müəllifi.