Aşqarlar Kimyası İnstitutunun alimləri türkiyəli həmkarları ilə birgə onlayn konfrans təşkil edəcəklər

AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimləri müştərək beynəlxalq tədqiqatlar çərçivəsində Türkiyənin Atatürk və Bartin universitetlərinin alimləri ilə “Patoloji proseslərə qarşı yeni enzim-izoenzim inhibitorların yaradılması” istiqamətində yeni fundamental və nəzəri elmi araşdırmalar aparır.

Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya elmləri doktoru, dosent Əfsun Sucayev AZƏRTAC-a bildirib ki, institutun alimləri tərəfindən sintez olunan yeni heterotsiklik birləşmələrin üzərində ilk dəfə hüceyrə və toxuma səviyyəsində “molekulyar dokinq” tədqiqatlara başlanılıb və bir sıra mühüm nəticələr əldə olunub. Hazırda əldə olunan elmi nəticələrlə bağlı nüfuzlu xarici jurnallarda – “Bioorganic chemistry”, “Journal of Biomolecular Structure and Dynamics”, “Applied Organometallic Chemistry”, “Archiv der Pharmazie” 5 məqalə dərc edilib, 2 məqalə nəşr üçün qəbul olunub, 10 məqalə isə çapa göndərilib.

Əfsun Sucayev qeyd edib ki, bu ilin sentyabr ayında türk alimləri ilə birlikdə indiyə qədər aparılan ortaq elmi tədqiqatların nəticələrinə həsr olunan onlayn konfrans təşkil ediləcək. Müştərək çalışmaların mövcud vəziyyəti və gələcək perspektiv planları videokonfrans yolu ilə geniş müzakirə olunacaq.

 

Mənbə: azertag.az

Xəbərçi: Aytən Abbasova