Arzu
Həyatda elə insanlar olur ki, onların həyatları çətinliklərlə dolu olur, həyatları iztirab üzərində qurulmuş olur. İnsanların çətin həyatlardan danışanda həmişə yadıma Arzu düşür. İndi onun 43 yaşı var. Orta boylu, dolu bədənli, ağ bənizli, uzun saçlı qadındı. Kök üzündə zeytun kimi gözləri itir. Ən çox da qəhqəhə ilə dolu gülüşü ilə yadda qalır. Tanışları belə güləndə deyirlər ki, yenə titrədirsən aləmi. Ancaq o, bunu ancaq iş yoldaşları arasında edir. Heç kəs onu hər hansı bir kişi yanında əzilib-büzüldüyünü görə bilməz. Nəinki təzə tanış olan qadınlar, hətta kişilər də ona söz deyəmə çəkinir. Zəhmindən, ani dəyişən səs və mimikasından ehtiyat edirlər. Onu yaxından tanıyanlar isə bu qədər çətinliklərə rəğmən həyat qarşısında necə dik qaldığına təəccüb edirlər. Bəlkə də ixtisası- həkimlik onda hətta ən ağır şey – ölüm qarşısında əyilmədən durmağı öyrətmişdi. Amma yox, bu çox da düz olmaz. Axı ağır ölümlərlə üzləşəndə o, tam həkim sayılmazdı. O zaman Arzu qəlbindəki fırtınaları elə içində də saxlayıb saçlarını yolan anasına ürək-dirək verə bilmişdi. Görünür, onun güclü edən sadəcə həyat, tale deyildi, o, güclü doğulmuşdu. Onun çətin həyat imtahanları, keşməkeşli həyatı tam 43 il bundan əvvəl başlamışdı.
Bundan çox əvvəl Bakının köhnə, kiçik məhəllələrinin birində Mirzə adında bir nəfər ailəsi ilə birlikdə ölüm-dirim mübarizəsi verirdi. Mirzə el arasında “əyyaş Mirzə” kimi tanınırdı. Vəziyyət belə olanda ailə acınacaqlı həyat sürürdü. Əyinlərində köhnələn paş-paltar, ilbəil təmirdən düşən ev, demək olar ki, həmişə boş olan soyuducu, ev camaatının get-gedə tarıma çəkilən əsəbləri və söyüşlü atışmalar… Mirzənin arvadı Sevil bu cür həyatı heç qəbullanmaq istəmirdi. Qonum-qonşudan asılı olmaq, xeyir-şər işlərindən uzaqda qalmaq, heç bir yığıncaqda “mən də varam” deyə bilməmək, hamıdan geridə qalmaq onu təngə gətirirdi. Belə-belə davam edən illərdə heç kəsin nəzərində olmayan bir qızcığaz – Arzu böyüyürdü. Görünüşcə də, xasiyyətcə də anasına çox oxşayırdı. Balacaboy, kök, ağbənizli qızcığaz idi. Arzu anası ilə atası dava eləyəndə anasından həmişə bu sözləri eşidərdi: “Biz yaşamırıq ki, sürünürük”. Balaca Arzu həmişə bu sözləri eşidəndə ürəyində deyirdi: ”Mən həkim olsam, sizi yaşadacam”. Əlbəttə ki, bunlar uşaq təxəllüyünün məhsulu olan, hələ heç Arzunun tam anlamadığı sözlər idi. Arzu heç vaxt bunu səsli deməmişdi. O, oxumaq istəyirdi, ancaq necə oxuyacaqdı? Evdəki ərzaq problemləri, geyim problemləri, atasının qaraciyər xəstəliyi… Atasının son altı ayda üz-gözü sallanmış, üzü qırışmışdı, saçının ağı da artmışdı. Kişi altı ayda qocalmışdı. Görünür, xəstəliyi artırdı.
Hər şeyə rəğmən biologiya müəllimi Yasəmən müəllim Arzudakı gövhəri görmüşdü. Sevilə zəng vurdu, qızının çox istedadlı olduğunu, dəyərləndirilməsə, çox heyif olacağını söylədi. Təklif etdi ki, Arzunu ödənişsiz hazırlaşdırmaq istəyir. Sevil üçün bu çox gözlənilməz, həm də çox gözəl xəbər idi. Odur ki, tez razılaşdı. Yasəmən müəllim digər müəllim yoldaşlarından xahiş etdi ki, Sevili pulsuz hazırlaşdırsınlar. Onsuz da Yasəmən müəllim kolleqalarının tanışlarından çox uşağı təmannasız hazırlaşdırmışdı. Buna görə də heç kəs onun xahişini yerə salmadı.
Arzu üçün çox ağır bir il başlamışdı. Düzü, o, bu yola başlayanda bu qədər çətin olacağını düşünmürdü. Deyirlər ki, insan nə qədər çox oxusa, o qədər heç nə bilmədiyi həqiqəti ilə üzləşir. Arzu bu həqiqəti hazırlıq prosesinin ilk aylarında görməyə başladı. Deyəsən, müəllimlərinin ona həvəsləndirmək üçün söylədikləri onu özünə həddindan artıq inamlı etmişdi. Bir il ərzində çox yuxusuz qaldı. Evdə şəraitin çox pis olması da oxumağa əngəl olurdu. “Arzu dur, stolda atan yemək yesin”, “Arzu, dur bazardan 1 kilo kartof al”, “Arzu, evi süpür” kimi sözlər onu özündən çıxarırdı. Onlar görmürdülərmi ki, Arzu dərs oxuyur? Məgər anası tənbəllik etməyib kartof və ya nə lazımdırsa, onu alsa, olmazdımı? Məgər belə xırda şeylər onun dərs oxumasından – gələcəyindən vacib idimi? Ancaq vəziyyət belə idi. Bir il ərzində Arzu atasının evdə olmaqla necə əl-ayağa dolaşdığını daha aydın gördü. İndi anasının niyə belə əsəbləşdiyini daha yaxşı başa düşürdü. Məsələn, Arzu dərs oxuyanda atası aşağı səsdə də olsa, televizora baxırdı. Məgər onu söndürmək olmazdı? Ya da sadəcə Arzu dərs oxuyanda yata bilərdi. Ancaq insan nə qədər yata bilərdi ki? Bəlkə işləyəydi?
Aylar ötmüşdü, artıq Arzu həyatına yön verəcək test ilə üzbəüz idi. Bu anın gəlib çatdığına inanmaq çətin idi. Çətinliklə həyəcanını basa bilirdi. Budur, bir illik əziyyətindən sonra imtahan otağındadır. Nəzarətçinin “başlaya bilərsiz” sözlərindən sonra ona bir anlıq elə gəldi ki, heç nə bilmir. Sonra özünü topladı, gözucu bütün testlərə baxdı, gözünə bilmədiyi bir şey dəymədi. Sinif otağında səssizlik hakim idi. Arabir pıçıltılar səssizliyi pozurdu. Arzunun yanında əyləşən qız əyri oturaraq Arzudan üzünü çevirmiş, vərəqlərin üstünə qapanmış və saçlarını aşağıya tökmüşdü. Görünür, Arzunun ondan köçürəcəyindən, ya da ondan nə isə soruşub ona mane olacağından ehtiyat edirdi. Ancaq Arzunu başqa şey düşündürürdü. Suallar ona çox asan gəlirdi. Yəni, belə asan olar bilərdimi? Suallara cavab yaza-yaza bu il illik əziyyətini xatırlayırdı. Diqqətini cəmləmək hərdən çətinləşirdi. Tez-tez ağlına “ya bacarmasan?” kimi suallar gəlirdi. Bütün bunlara baxmayaraq bütün sualları cavablandırdı. Son yarım saatda cavan kartını doldurdu və sinif otağını tərk etdi. İndi sadəcə nəticələrin açıqlanmasını gözləmək qalırdı.
Bir neçə həftədən sonra cavablar bəlli idi.O bacarmışdı, 695 ballaAzərbaycan Tibb Universitetinə qəbulolmuşdu.Artıqarzuladığıkimipulmonoloq(Pulmonoloq – nəfəsalma orqanlarının xəstəliklərini müalicə edir) olabiləcəkdi.Qəlbindəçoxböyüksevincvaridi. Niyədəolmasınki? Sinfindəkivəparaleldəkiilllərdirrepitetoryanınagedənvarlıbiznesmenbalalarındançoxbalyığmışdı. Müəllimlərinvəbütünməktəbingözündəçoxistedadlısayılanneçəoğlanıüstələmişdi.
Yaydan sonra məktəbin açılışında onu çağırmışdılar. Ürəyinın şiddətli döyüntüsünü hiss edirdi. Bu nailiyyətində – böyük qələbəsində əməyi olam müəllimlərinin ona böyük qürurla baxdığını hiss edirdi Qızarırdı, həm də özüylə fəxr edirdi. Buna haqqı da var idi, o qələbə qazanmışdı. Bu qələbə çalışqanlıq və əzmlə kasıblıq və bütün çətinliklərə qarşı qazandığı qələbə idi. Əgər deyəcəyi sözləri əvvəlcədən yazıb əzbərləməsəydi, yəqin ki, indi həyəcandan heç nə deyə bilməzdi. Sözə başladı: “Hörmətli müəllimlər, əziz valideynlər, məktəbə təzə qəbul olmuş birincilər və tələbə adına namizəd on birincilər, hamınızı salamlayıram. Məktəb üzrə ən yüksək bal toplayaraq universitetə qəbul olmağımda ən böyük dəstəyim müəllimlərim oldu. Siz də özünüzə və müəllimlərinizə inansaz, böyük əzmlə çalışsaz, daha böyük uğurlara imza ata bilərsiniz”.
Arzu elə bilirdi ki, universitetə qəbul olmaqla həyatında çox şey düzələcək. Ancaq, əlbəttə ki, belə olmadı. Əksinə universitet ilə artan xərclər, digər qızlar ilə onun geyimi arasındakı fərqlər, qızların danışdığı markaların çoxunu tanımaması, evdəki məişət sıxıntısı, atasının ağırlaşan xəstəliyi, tələbə təqaüdünü itirməmək üçün qatlaşmalı olduğu əziyyət onu gündən-günə sıxırdı. Hər gün bir az da səssiz, qəmgin olurdu. Hər ötən gün onun üçün əvvəlki günü xatırladırdı. Son vaxtlar əsəbindən, fikirdən yuxusu pozulmuşdu. Uzun müddət idi ki, depressiyada idi. İnsanlar arasında ruh kimi gəzirdi. Qucağında dəftər-kitab gəzdirən, paltarları heç kəsin diqqətini cəlb etməyəcək qədər adi, saçları həmişə tarım yığılmış “ruh” çoxluq içində təkliklə günləri keçirirdi.
Digərlərinə oxşayan dərs günlərin birində Arzu universitetin darvazasından içəri girdi. Həyətdə çoxlu adam var idi. Yuxudan durandan başında küt ağrı hiss etdiyindən əvvəlki vaxtlarından daha da artıq insanlardan uzaq durmağa çalışırdı. Qaranlığı kəsən işıq şüası kimi heç kəsə əhəmiyyət vermədən darvazadan universitet binasının qapısına iti addımlarla üz tutdu. Bu yol ona həmişəkindən daha uzun görünürdü. Tələbələr bir-birinin ardınca arxada qalırdı. Birdən arxaya baxmaq ehtiyacı duydu. Bir neçə saniyə əvvəl arxada qoyduğu oğlanın uzaqlaşdıqdan sonra dönüb ona bir daha baxmasını hiss etmişdi. Bu oğlan Malik idi. Malikin hündür boyu, qısa, zil qara saçı var idi. Böyük və qara gözlərini taxdığı eynək daha da böyük göstərirdi. Yekə ağzı, bir az uzun burnu var idi. Həddindən artıq ağ olmasaydı, yəqin ki, çox da yaraşıqlı görünməzdi. Arıqlığa görə uzaqdan fağır kimi görünsə də, elə biri deyildi. Çoxları onu yaxşı tanıyırdı. Universitetdə çox populyar idi. Həkim atanın, vəkil ananın tək övladı idi. Hər iki nəslində də kasıb adam yox idi. Onunla bir az söhbət edəndə savadlı və geniş dünyagörüşünə sahib olduğu bilinirdi. Dildən də çox iti idi. Çox gəşəng futbol və basketbol oynaması onu oyunların əvəzedilməz oyunçusu etmişdir. Şəxsi həyatındakı problemlər ilə əlləşən Arzunun diqqətini universitetin bu populyar oğlanı heç vaxt çəkməmişdi. İndiyə qədər…
Bu qısa göz təmasından sonrakı həftələrdə Arzu ətrafında Maliki daha çox görməyə başlamışdı. Nədənsə tez-tez evə gedəndə qabağına Malik çıxırdı. İlk zamanlar Arzu bundan narahat olsa da, sonralar o da Malikə qarşı yaranan sevgisini gizlədə bilmədi. Arzu heç vaxt şiddətlə arzulamasa da, həyatında bağlana biləcəyi, güvənə biləcəyi birini, əsl sevgini tapa bilmişdi. Ancaq ani bir qığılcımdan alovlonan bu eşq alovu hələ çox qış soyuğunun sınaqlarından keçməli olacaqdı.
Arzunun həyatı heç vaxt istədiyi kimi olmamışdı. Həyat ona hər zaman əvvəlkindən daha ağır zərbə vurmağı bacarırdı. Özünə tez-tez səbirli və dözümlü olmağı təlqin edirdisə də, yorulduğu, özünü çox aciz hiss etdiyi anlar az olmurdu. Həyatındakı ən böyük itkilərdən biri ilə universitetin 3-cü ilində qarşılaşdı. Atası hepatitdən dünyasını dəyişdi. Arzu belə böyük sarsıntı keçirdəndə ən böyük dəstəyi Malik idi. Həm maddi, həm də mənəvi. Düzü, onsuzda Mirzə heç vaxt normal pul qazana bilməmişdi. Xəstəliyi ağırlaşandan sonra isə xeyirdən çox, ziyanı olurdu. Ancaq nə də olsa, ər idi, ata idi. Nə qədər bezdirmiş olsa da, nə qədər ailəsinin tələbatları ödəyə bilməsə də nə Arzu, nə də Sevil onun ölməyini istəyərdi.
Mirzə öləndən sonra Malik Arzuya daha çox pul xərcləməyə başlamışdı. Arzu əvvəllər qəti olaraq bunu qəbul etməsə da, sonralar özünün də xoşuna gəlirdi. Kiminsə ona diqqət ayırması, dəyər verməsi, atasından görmədiyi şəvqəti başqasından tapa bilməsi ona narkotik kimi təsir etmişdi. Malik isə Arzunu özünə məxsus bilir, Arzunun ehtiyaclarını ödəməyi özünə borc bilirdi.
Mirzənin ölümü ilə daha da yaxınlaşan Arzu və Malik hələ bilmirdilər ki, onların keçməli olduğu əngəllər nə qədər böyük ola bilər. Malikin valideynləri oğullarında hiss etdikləri dəyişikliklərdən onun kimisə sevdiyindən duyuq düşdülər. Əlbəttə ki, Malikin atası Ənvər bunu araşdırmaya bilməzdi. Həm qızı, həm də onun atasını. Nə də olsa, belə köklü ailəyə özü kimi köklü ailə yaraşardı. Ancaq vəziyyət gözlədiyi kimi olmadı. Ənvər öyrəndi ki, oğlunun sevdiyi qız dostu Maqsudun qapısından qovduğu işçisi əyyaş Mirzənin qızıdır. Belə olanda da qiyamət qopdu. Buna baxmayaraq, Malik və Arzu Ənvərin təzyiqlərinə illər uzunu dözdülər. Nəhayət ki, hamıdan gizli evləndilər. Əlbəttə ki, Arzu iki tələbənin özlərini yüksək səviyyədə təmin edə bilməyəcəklərini bilirdi. O, heç vaxt hislərinə qapılıb hərəkət etməzdi. Ancaq Malikin babası Nəsirin onlara ev bağışlaması vəziyyəti dəyişdirmişdi. Bundan başqa, Nəsir obyektlərin icarəsindən onlara aylıq pul vəd etmişdi. Bundan sonra, Malikin ailəsi Malikə və Arzuya əməlli düşmən oldu. Ancaq Arzu xoşbəxt idi, illər sonra o xoşbəxt idi. Ancaq bu xoşbəxtlik də çox çəkmədi, cəmisi bir neçə il. Böyük insan ömründə xoşbəxt bir neçə il…
Evliliyin ilk illərində nə Malik, nə də Arzu uşaq istəyirdi. Həm universiteti bitirməli idilər, həm də maddi olaraq uşağa kifayət edə biləcəklərindən əmin deyildilər. Beləcə, müəyyən maddi sıxıntılı, ancaq sevgi dolu illər ötürdü. Nə zaman ki, Malik və Arzu övlad sahibi olmaq istədilər, o zaman anladılar ki, ola bilmirlər. Bu hər iki tərəf üçün də gözlənilməz əzab idi. Ancaq, əlbəttə ki, həyatda hər dərdin çarəsi də vardır. Səkkiz illik həsrətdən, stressdən və müalicədən sonra axır ki, valideyn oldular. İllər sonra oğulları dünyaya göz açır. Arzu oğlunun adını Ümid qoydu. Ümid keçmiş pis xatirələri unutduran, xoşbəxt gələcək üçün Arzuya ümid verən tək şey idi. Ümidin doğulması ilə evə sanki həyat eşqi dolmuşdu. Sözün düzü, Arzu çox qadınlar kimi ilk övladının oğlan olmasını istəmirdi. O, hələ məktəb vaxtında özünə söz vermişdi ki, qızı olsa, adını Yasəmən qoyacaq. Övladı oğlan olandan sonra fikirləşirdi ki, Allah qismət eləsə, bir neçə ildən sonra qızına Yasəmən adını qoyar. Əgər o da qismət olmasa, ilk qız nəvəsinə mütləq bu adı qoyacaq. Bu onun Yasəmən müəlllimə vəfa borcu idi. Ümidin doğulması Arzu üçün iki qat sevinc idi. Həm illər sonra ana olmuşdu, həm də elə düşünürdü ki, bəlkə, nəvə Malikin anası ilə atasının qəlbini yumşalda bilər. Elə o cür də olur. Yavaş-yavaş aradakı buzlar ərimiş, gediş-gəliş yaranmışdı. Ancaq heç vaxt Arzu istədiyi kimi qəbul görə bilməmişdi. Buna baxmayaraq, o xoşbət idi. Əri, oğlu yanında idi, qayınata, qayınanası ilə bir təhər dil tapırdı, ixtisasından və işindən məmnun idi. Ancaq, heyif ki, Arzunun həyatında heç vaxt xoşbəxtlik kəsilməz və 10 ildən artıq olmamışdı, heç olmayacaqdı da. Ümid 7 yaşında olanda Malik avtomobil qəzasında vəfat edir. Bu bəd xəbər Arzunu az qala dəli edəcəkdi. Ən sevimlisi, tanrının özünə hədiyyəsi kimi qəbul etdiyi Malik yox idi. Atası öləndə Malikdən təsəlli tapmışdı. Bəs indi kimdən təsəlli tapsın? Ümid atasını soruşanda ona nə desin?
Malikin ana-atası Arzudan tamamilə üz çevirdilər. Onların nəzərində Malikin qatili Arzu idi, nəslik gətirmişdi. Arzudan da, Ümiddən də imtina etdilər. Arzu havanlanmış kimi ortada qaldı. Bir zamanlar onlara kömək edən Nəsir də həyatda yox idi. Artıq Arzunun bu böyük dünyada anası Sevildən və oğlu Ümiddən başqa heç kəsi yox idi. Onu tanıyanlar deyirdilər ki, görəsən, bu nə edib ki, Allah ona bu bəlaları verir.
Hər şeyə rəğmən Arzu başa düşürdü ki, o belə davam edə bilməz. Malikin ölümündən iki aydan sonra yenidən işə qayıtdı. Həm pula, həm də başını qatacaq bir şeyə ehtiyacı var idi. Çoxdan idi ki, obyektlərin icarəsindən heç nə almırdı. Hər şeyin idarəsini Ənvər ələ alandan bu belə idi. Həyata yeni-yeni adaptasiya olurdu ki, bütün dünyada koronavirus baş qaldırdı.Koronavirus pandemiyasının ilk daşıyıcıları Çində 2019-cu ildə dekabarın ortalarında aşkar olundu. Sonra isə sürətdə digər ölkələrə yayılmağa başladı. Azərbaycanda isə ilk dəfə 28 fevral 2020-də koronavirusa yoluxmuş xəstənin olduğu təsdiqləndi. Bir az keçdikdən sonra ölkədə karantin vəziyyəti elan olundu. Xəstəlik ən çox yaşlılar, xəstələr, immuniteti zəiflər üçün qorxulu idi. Məktəblərdə, universitetlərdə təhsil dayandı, restoranlar, kafelər bağlandı. Hamı evində qısılıb qalmağa məcbur oldu, həyat iflic oldu. Heç kəsin bu virusla bağlı konkret fikri, məlumatı yox idi. Nəinki Azərbaycanda, bütün dünyada bilinməzlik, xaos hakim oldu. Mediadakı əsassız yazılar, dildən-dilə dolaşan məlumatlardakı ziddiyyətlər çaşqınlığı artırırdı. Bəziləri koronavirusu Allahın bəlası, bəziləri ABŞ-ın işi, bəziləri ilə təsadüf hesab edirdi. Arzu çox narahat idi, qorxurdu. Oğlu üçün narahat idi, yaşlı anası üçün narahat idi, özü üçün, sevdikləri üçün, xalqı, milləti üçün, bütün insanlıq üçün narahat idi. Televizorda gördüyü günü-gündən artan ölümlər, müxtəlif ölkələrin daha da sərtləşdirdikləri karantin rejimləri, insanların üzlərindəki çarəsizlik həyatı boyu qorumağı bacardığı ümidlərini, əsəblərini, xarakterini sınağa çəkirdi. Ancaq əlindən çox da bir şey gəlmirdi. Onun gücü dünya üzərindəki bu fəlakəti aradan qaldırmağa yetmirdi. Gözünün qabağında ağrı içində ölən hər kəs onun üçün fəlakət demək idi. Xəstələrlə məşğul olarkən ana olduğunu unudurdu, indi o, sadəcə həkim idi. Bütün çətinliklərə rəğmən hər şeyə sinə gərməyə hazır həkim.
Əvvəllər sadəcə iş saatı uzadılmış, ış rejimi ağırlaşdırılmışdı. Daha evdən çox tez çıxır, daha gec qayıdırdı. Əvvəlki kimi oğlu ilə maraqlana bilmirdi. Amma bilirdi ki, anası Sevil Ümidin qeydinə qalacaq. Arzu işlərin tezliklə düzəlməsini istəsə də, istədiyi kimi olmurdu. Düzü, həyatın onun istədiyi kimi olmamasına öyrəşmişdi. Amma heç vaxt arzulamaqdan, ümid etməkdən əlini üzməmişdi. Sonralar yoluxma sayı artdığından mövcud vəziyyət qəlizləşdi, karantin sərtləşdirildi. Oğluyla az vaxt keçirtməyindən narazı olduğu halda ona və iş yoldaşlarına evə getmək qadağan olundu. Hökumət qabaqlayıcı tədbir kimi həkimlər üçün otellərdə yer ayırtmışdı ki, işdi, xəstədən yoluxan həkim ailəsinə də yoluxdurmasın. Arzu üçün bu dözülməz idi. O, bir vaxtlar düşünürdü ki, peşəsində gördüyü heç bir şey onu qorxuda, sarsıda bilməz. Hələ həkimliyə qəbul olmamışdan əvvəl anlayırdı ki, həkimin nədənsə iyrənməsi, qorxması, gördüyü hər hansı bir şeydən emosiyaya qapılıb özünü itirməsi xəstənin həyatını təhlükəyə atmaqdır, həyata, insanlığa, həkimliyə və içilən anda xəyanətdir. Arzunu heç universitet vaxtı gördüyü ölülər də qorxuda bilməmişdi. Ancaq indi vəziyyət ağır idi. İtki get-gedə artırdı. Əvvəllər işdə nə olursa-olsun hər şeyi çöldə qoyub içərisində rahatlıq tapdığı ailəsi var idi. İndi isə onlardan da uzaq idi.
Oteldə qaldığı gecələrdən birində pəncərədən həyətə baxdı. Guya rahatlamaq üçün bunu etmişdi, amma daha çox darıxdı. Qaranlıq küçə lampalarla işıqlandırılmışdı. Bu saatda burada çox adam olmalı idi, ancaq indi heç kəs yox idi. Boş küçə, uzaqlıqlardan belə eşildilməyən insan səsləri, insan yoxluğundan yolda rahatca yeriyən heyvanlar – bunlar insanı narahat edirdi. Sanki insanlar üçün qiyamət qopmuş, dünya heyvanlara qalmışdı. Vahimə onu basırdı, ürəyində dedi: “Ay Allah, bunlar tez qutarsın”. Elə oradaca həyatın nə qədər fani olduğunu anladı. Həkimin – onlarla ölü görmüş birinin fani həyatın qədrini hələ indi başa düşməsi qəribədir. Görünür, insan gec öyrənən məxluqdur. Arzu həmişə düşünürdü ki, insan öləndən sonra mütləq nəsə qoymalıdır. Bu övlad ola bilməzdi, heyvan xislətindən fərqlənmirdi. Mal-mülk də ola bilməzdi, mülk həyat qədər fanidir. Qərar verdi, bundan sonra gündəlik yazacaqdı, həyatını, uğurlarını, çətinliklərinı, sevgisini – hər şeyi yazacaqdı.
Koronovirusla bağlı qızğın keçən günlərdən biri idi. Xəstəxanada hərə o baş-bu başa qaçışırdı, bəzi həkimlər yerlərində durub kimisə çağırırdı. Hamının kifayət qədər işi var idi. Hər həkim insan həyatından məsulluğun verdiyi ağırlıqdan əzilirdi. Bir çoxunun yuxusuzluqdan gözləri qızarmışdı. Belə anların birində Arzu xəstə yaxınlarından birinə xəstəsinin vəziyyətini izah edərkən birdən kolidorun o başında onu gördü. Arzu illər sonra xatirə dəftərində bu səhnəni gündəliyində belə qeyd edirdi: “Xəstəxanın kolidorunda durub indi adını xatırlamadığım xəstənin oğluna anasının vəziyyəti haqqında məlumat verirdim. Birdən başımı çevirib sağa baxanda gördüm ki, cavan bir oğlan yanında bir nəfər xəstəxana işçisi ilə birlikdə əlil arabasında yaşlı qadını kolidorun o biri başından mən tərəfə gətirir. Yaşlı qadın nədənsə mənə tanış deyil, çox doğma gəlmişdi. Amma 2-3 saniyədən sonra başımı çevirib söhbətimi davam etdirdim. Heç 20 saniyə keçməmişdi ki, dözmədim, bir də başımı çevirib sağa baxdım. Bayaqkılar çox yaxınlaşmışdılar. Bu arada həmin qadına daha da diqqətlə baxdım, gözlərimin bərəlməsini hiss etdim. Həmsöhbətimdən üzr istədim, onlara yaxınlaşdım. Qadına salam verib:
-Siz Yasəmən müəllim deyilsiz? – deyə soruşdum.Məni tanımamışdı. Yorğun halda başını mənə çevirib:
-Bəli, amma bağışlayın tanıya bilmədim. Şagirdim olmusuz? – deyə soruşdu.Görünür, mənim kimi onlarca şagirdiylə bu epizodu yaşamışdı”.
Arzu o zaman Yasəməni qucaqlayaraq “Mənəm də, Əyyaş Mirzənin qızı” demək, əzizini qucaqlamaq istəyərdi. Ancaq özünü həsrət qaldığı bu qadına tanıdanda dostcasına əlini sıxmaqla kifayətləndi. Arzunun arzusu bu dəfə koronovirusa görə ürəyində qalmışdı.
Həm Arzu, həm də Yasəmən üçün ağrılı proses başlamışdı. Arzu bir yandan uzun illər itirdiyi, bütün qəlbi ilə minnətdar olduğu qadını yenidən gördüyü üçün sevinir, digər tərəfdən isə onu halına doğma qızı kimi yanırdı.Yasəmən müəllimə ilə ilk görüşdüyü gün Arzu axşamı gözləyirdi ki, anasına bu xəbəri versin. Axşam olub otelə gedəndə yorğunluqdan ayaq üstə dayana bilmirdi. Anasına zəng vurmaq birdən yadına düşdü. Sanki bütün gün bunu gözləməmişdi. Yadına düşən kimi anasına zəng vurdu:
-Nə edirsən, ana? Ümid necədi? Mənim üçün darıxıb? Onun üçün elə darıxıram ki. Ver telefonu danışım. Mənlik olsa, yarım saatdan bir zəng vuraram, görüm balam necədi?
-Ümid yaxşıdı, narahat olma. İndi yatır. Axır iki gündü əməlli yorur məni. Dinc dayanmır, ancaq ağlayır, səni istəyir. Bir yandan da qınamıram e onu, körpədi. Amma day o yaş deyil, səs mənə pis təsir eləyir. Səni nə vaxt buraxırlar? Elə bil, cinayətkarsan. Üzünə həsrət qalmışıq.
-Səbrli ol, ana. Hələ ki, heç kəs heç nə bilmir. Tək biz deyilik ki. Bütün dünya qarışıb. Özünü qoru, həyətə çalış çıxma. Çıxanda maska tax, evə qayıdanda da əllərini yu. Sən Allah, Ümiddən çox narahatam, gözünü ayırma.
-Elə danışırsan, elə bil tək başına böyümüsən. Mən böyütmüşəm e səni.
-Əşşi əsəblərim əməlli pozulub. Bilirsən bütün günü necə yoruluram? Amma dözmək lazımdı. Təki bu müsibət qurtarsın.Camaat qorxu içindədi.Bütün xəstə yaxınlarını bir-bir tənbehləyirəm ki, nəyi necə eləmək lazımdır. Bütün gün də ayaqdayam. Axşam ayaqlarımı uzadanda sızıldayır.
-Özünü qoru a. Uzaq dur danışanda. Allah uzaq eləsin, sənə bir şey olsa, nə edərik. Bütün günü dua eləyirəm sənin üçün.
-Qorxutma özünü, qorxan gözə çöp düşər. Sırağagün Orxan zəng vurmuşdu. Bildin hansı Orxan? Malikin dostu, polis olan.
-Hə, nə olub ki?
-Heç nə, elə-belə zəng vurub.
-Hə, nə deyir?
-O da narahatdı. Keçən dəfə televizorda görüb ki, Avropada polislərdən koronovirusa yoluxan çoxdu. Çox adamla ünsiyyə olurlar axı. Onların da işi çətindi. Bildin, bu gün kimi gətirdilər xəstə kimi? Yasəmən müəllimi.
-Az nə danışırsan? Vay-vay Allah köməyi olsun. O olmasaydı, ne edərdik. Halı necədi, çox qocalıb? Səni görəndə nə dedi?
-Hə qocalıb, əldən düşüb. Heç məni tanımadı da. Qınamıram, yazıq arvad canıyla əlləşir.
-Çoxlu-çoxlu salamımı çatdırarsan ona. Bala, amanın bir günüdu, çox da yaxın durma ha.
-Yaxşı, narahat olma. İndi başım ağrayır, sonra danışarıq. Ümidi öpərsən mənim yerimə. Sağol, gecən xeyrə qalsın.
-Xeyrə qarşı Arzu, özünü yaxşı bax, Allah köməyin olsun.
-Sağol, sağol.
-Sağol.
Yasəmən müəllimin xəstəxanada yerləşdirilməsi Arzu üçün həm sevinc, həm də narahatlıq demək idi. Yasəmən əziz müəlliməsinə işindəki uğurlarından, Malikdən, Ümiddən danışmaq istəyirdi. Əgər Arzunun gündəlikləri oxuya bilsəniz, onların birində bu sözləri oxuya bilərsiz: “Xəyalımda qalandan xeyli dəyişmişdi. Mən hələ onu tanıyanda orta yaşdan çox olardıyaşı. Ancaq mən onunla danışanda alov-alov yanan gözlərindən, mehriban səsindən, özündən əminliyindən hiss edirdim ki, onun qəlbi cavanlığın ən şux vaxtına xas şəkildə hərarətlidir. İndi isə dərisi daha da qırışmış və solmuş, qaməti çox əyilmiş, bədəni yaşlılıqdan vüqarını itirmişdi. Onu zəiflikdən yıxılmaq üzrə olan çinara bənzədirdim. Ancaq onunla danışanda əmin oldum ki, yaşlaşan, taqətdən düşən sadəcə bədəni idi. Qəlbi, ruhu yaşlanmamışdı, zəifləməmişdi. Gözündəki nur azalsa da, gözündəki həyat eşqi sönməmişdi. Mən onunla danışanda əmin oldum ki, nə yaşlılığa, nə xəstəliyə təslim olmaq istəyir. Heyif ki, işimin çoxluğundan onunla doyunca danışmaq, illərin həsrətini söndürmək imkanım olmurdu. Sadəcə çox qısa danışıq üçün vaxtım olurdu. Öyrəndim ki, onu gətirən oğlan qızının əridi. Qızı isə hamilədi. Yasəmən müəllim qızı haqqında danışanda “Əsmər” deməsəydi, çətin ki, adını yada sala bilərdim. Bir tərəfdən uzun-uzadı danışa bilməməyim üçün məyus oluramsa da, bir tərəfdən yaxşı olduğunu düşünürəm. Ona Malikin ölümünü necə deyəcəkdim, hələ heç özüm də buna tam inana bilmirəm”.
Arzu özünə söz vermişdi. Nə olursa-olsun, Yasəmən müəllimi sağlığına qovuşduracaqdı. Elə belə də oldu. Üç həftəlik gərgin müalicə prosesindən sonra Yasəmən müəllim xəstəliyə qalib gəldi. Bu qələbə sadəcə yaşlı bir qadının xəstəliyə qarşı qazandığı qələbə deyildi. Bu qələbə illər əvvəl edilən yaxşılığın bəhrəsi, savadlı bir həkimin əzmi, şagirdin öz müəlliminə vəfa borcu idi. Qarşılığı həyat ilə ödənilən borc…
YAZAR: Sabir Əliyev