Arxeologiyanın predmeti və inkişaf tarixi

Tarix elminin bir hissəsi olan arxeologiya bəşər cəmiyyətinin tarixini arxeoloji mənbələr əsasında özünə
məxsus xüsusi metodlarla öyrənir. Arxeologiya yunan sözləri olan arxayos (qədim) və loqos (elm) sözlərindən yaranmışdır. Arxeologiya həm sosial elmlərin, həm də humanitar elmlərin bir qolu hesab edilə bilər. Tarix və arxeologiya bir-birindən ayrılmazdır. Hər ikisi cəmiyyətin keçmiş tarixini öyrənir. Adətən insan cəmiyyətinin
keçmişi, onun iqtisadi, ictimai və mənəvi həyatı mənbələr əsasında araşdırılır. Mövcud mənbələr əsasən 2 qrupa bölünür: yazılı və maddi mənbələr.

Tarixdə ən qədim yazılı mənbə e.ə.IV minilliyin II yarısına aiddir.
Arxeoloji abidələr və qədim əşyalar tarixi inkişaf prosesini dərk etmək üçün əsas vasitədir. Maddi mənbələrin hərtərəfli öyrənilməsi ayrı-ayrı dövrlərin maddi istehsal prosesini və istehsalçıların həyat tərzini dərk etməyə
kömək edir. Arxeoloji mənbələr onlardan əldə olunan məlumatların xarakter və üslubuna görə xüsusi
kateqoriyalara bölünür: əmək alətləri, silahlar, məişət əşyaları və s.
Arxeoloji materialları heç də hər yerdən tapmaq olmur. Onlar o yerlərdən aşkar olunur ki, həmin yerdə ya
qədim yaşayış olmuş, yaxud da orada insan dəfn etmişlər. Belə yerlər isə arxeoloji abidə adlanır. Arxeoloji
abidələrə qəbirlər, qədim yaşayış məskənləri, qayaüstü rəsmlər və s. aiddir.

Arxeoloqlar müəyyən xronoloji dövrü əhatə edən və müəyyən əraziyə malik komplekslərə əsaslanaraq xüsusi
arxeoloji mədəniyyətlərin varlığını müəyyən edirlər. Arxeoloji mədəniyyət dedikdə, hər şeydən əvvəl, müəyyən
ərazi əhatə edən və ya predmentlərin məcmusu nəzərdə tutulur. Arxeoloji mədəniyyət ilk dəfə tapıldığı yerin və
ya böyük elmi əhəmiyyət kəsb edən abidənin adını daşıyır. Məsələn, Azərbaycanda olan arxeoloji mədəniyyətlərə Quruçay mədəniyyətini, Kür-Araz mədəniyyətini, Xocalı-Gədəbəy mədəniyyətini və s. Dünyada olan arxeoloji mədəniyyətlərə Mustye mədəniyyəti (Fransa), Afanasyevo, Andronova mədəniyyətləri (C.Sibir), Pazırık mədəniyyəti(Altay) və s. aid edilir.

Arxeologiya elminin vəzifəsi təkcə tarixin inkişaf prosesində maddi və ictimai həyatda baş vermiş dəyişiklikləri müəyyən etmək deyil, o eyni zamanda bu dəyişikliklərin dövrlərini, yəni tarixi hadisələrin dəqiq xronologiyasını müəyyənləşdirməkdir. Arxeologiya elmində hər bir xronoloji dövr tarixi prosesin inkişafını özündə əks etdirən
əsas amil rolunu oynayır. Arxeologiyada mütləq və nisbi xronologiyadan istifadə edilir.

Mütləq xronologiyada bu və ya digər hadisənin və ya arxeoloji abidənin dövrü miladi təqvim əsasında daha dəqiq müəyyənləşdirilir.  Nisbi xronologiyanın köməkliyi ilə isə material və hadisələrin xronoloji cəhətdən bir-birinə
nisbəti və onların baş vermə ardıcıllığı müəyyənləşdirilir. “Arxeologiya” sözü müxtəlif dövrlərdə müxtəlif
mənalarda işlədilmişdir. Platon arxeologiya sözü altında, ümumiyyətlə, qədimlik haqqında nə vardırsa onu başa düşürdüsə, intibah dövründə arxeologiya dedikdə ancaq qədim Yunan və Romanın antik dövr incəsənəti başa düşülürdü. Əslində bu dövrdə arxeologiya müzey-əntiqşünaslıq işinin bir hissəsi hesab olunurdu. Arxeologiya bir
elm sahəsi kimi XVIII əsrdən inkişaf edir. Məhz bu vaxtdan-XVIII əsrin əvvəllərindən eramızın 79-cu ilində
Vezuvi vulkanı nəticəsində faciəli sürətdə məhv olmuş Pompey və Qerkulanum şəhərlərinin arxeoloji tədqiqinə başlanılmışdır.

XVIII əsrdə Rusiyada I Pyotrun fərmanı ilə əlaqədar olaraq ümumdövlət miqyasında abidələrin qorunması
və arxeoloji materialların toplanması ilə əlaqədar ilk təşəbbüslər edilmişdir. 1722-ci ildə ilk dəfə olaraq D.Q.Messerşmidtin və F.İ.Stralenberqin rəhbərliyi altında Sibirin Abakano–Perevoznoye kəndi yaxınlığında
ilk arxeoloji qazıntı işləri aparılırdı. 1733-cü ildən 1743-cü ilə kimi Sibirdə Q.F.Miller, S.P.Kraşeninikov,
İ.O.Qmelin, Q.B.Steller və Y.Lindenaunun iştirakı ilə arxeoloji ekspedisiya işləmiş və Sibirin tarixinə aid arxeoloji material toplanmışdır.

XIX əsrdən başlayaraq dünyada arxeologiyanın bir elm kimi formalaşmasında mühüm rol oynayan geniş
arxeoloji qazıntılar başlanmış, qazıntılar arxeologiya elminin inkişafına xüsusi təkan verməklə yanaşı, onun metodikasının və ümumiyyətlə,arxeoloji nəzəriyyəsinin yaranmasına gətirib çıxarmışdır.

YAZAR: Nərmin Hüseynova
Həmiçinin bax:
tehsilim.org/sumqayit-dovlet-universitetinin-tarix-cografiya-fakultesinin-gorkemli-sexsiyyetleri/
Həmiçinin bax: Atabəylər dövləti