Arsax toponiminin mənşəyi

Arsax sözünün mənşəyi- Arsak sözü qədim türkdilli lüğətlərdə türk tayfası olan sakların adından götürülmüş və “igid sak” “ər sak” mənalarını vermişdir. Bu söz həmçinin, hökmranlıq mənasında da işlədilir. I Vaçaqanın hakimiyyətə gəlməsi ilə başlanan Arşakilər sülaləsi hökmdarları da “arşax” adlanırdı. Təsadüfi deyil ki, Mehranilər sülaləsinin hökmdarları da VI əsrdən VIII əsrə qədər “arşax” və ya “aranşax” adlanırdı. Antik mənələrdə Arsax ərazisində yaşayan əhali albanlar, hunlar və xəzərlərdən ibarət olmuşdur. Arsax Albaniyanın 4 əsas vilayətindən biri idi. Bu ərazi xristianlığın mərkəzi hesab edilirdi. Monqolların hücumu zamanı belə öz varlığını qorumuş Arsax-Xaçın knyazlığı sonralar ləğv edilir və 1836-cı ildə Alban Kilisəsinin ləğvindən sonra tamamilə məhv edildi və tarixi arxivlər, o cümlədən “Arsak və ya Arsax” toponimi erməniləşdirilərək sözün forması Artsax olaraq dəyişdirilir. Türk dilində Arsax sözünün izahlı qarşılığı və mənası olsa da Artsax sözünün erməni dilində heç bir məna qarşılığı yox idi. Hazırda ermənilər Arsax sözünün mənasını Yunan mənbələri ilə izah etməyə çalışsalar da həmin dövrdə Cənubi Qafqaz ərazisində yunan tayfalarının yaşamadığı və belə bir adın varlığı ilə bağlı izah verə bilməyəcəkləri məlumdur.

Ədəbiyyat siyahısı
Moisey Kalankatuklu-Albaniya tarixi,Bakı,Avrasiya press, 2006
https://web.archive.org/web/20170806145954/http://www.anl.az/el/q/qarabag_6/q-37.htm
https://web.archive.org/web/20170806145307/http://karabakhinfo.com/13750

YAZAR: FİDAN İBADOVA