Argentinanın “Mitre” radiosunun canlı efirində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından danışılıb.

Argentinanın “Mitre” radiosunun canlı efirində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından danışılıb

Argentinanın geniş dinləyici auditoriyasına malik “Mitre” radiosunun praym taymının canlı efirində səfir Rəşad Aslanov Ermənistanın Azərbaycana qarşı son hərbi hücumundan danışıb.
Azərbaycanın Argentinadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, R.Aslanov iyulun 12-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində artilleriya hücumlarının qonşu dövlətin ölkəmizə qarşı təcavüz siyasətinin davamı olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, hücum nəticəsində Azərbaycan ordusunun 11 hərbi qulluqçusu və 1 mülki vətəndaş həlak olub.
Bu hərbi hücumların həyata keçirilməsində Ermənistanın məqsədinin ölkənin ağır sosial-iqtisadi vəziyyətindən diqqəti yayındırmaq, 28 ildir davam edən münaqişəyə üçüncü dövlətləri, xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzv dövlətlərini cəlb etmək olduğunu deyən R.Aslanov Ermənistanın bu məqsədinə çata bilmədiyini vurğulayıb. Səfir əlavə edib ki, Ermənistan Tovuza hücum etməklə bu ərazidə strateji əhəmiyyətli enerji, nəqliyyat və kommunikasiya infrastrukturlarını hədəfə alıb.
Bu vaxtaşırı hücumların Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonunun hərbi işğalının davam etməsi səbəbindən baş verdiyini qeyd edən R.Aslanov qonşu dövlətin ölkəmizə qarşı ərazi iddiaları, münaqişənin tarixi və bu xüsusda, bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımından bəhs edib. Bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarlardan ibarət möhkəm hüquqi əsas mövcuddur. Belə ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə (822, 853, 874 və 884) Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqləyir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsizlik şəraitdə qayıtmasını tələb edir.
R.Aslanov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyini, Azərbaycanın Minsk prosesinə sadiq olduğunu, lakin danışıqların substantiv olması və regionda sülh və təhlükəsizliyin hərtərəfli bərqərar olması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasının əsas şərt olduğunu deyib. Azərbaycanın mövqeyinin aydın və legitim olduğunu qeyd edən diplomat münaqişənin beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməli olduğunu söyləyib.
Mənbə:azertag.az
Müxbir:Aytac Cəfərova