Aratta Dövlət Qurumu
“Tariximizi, tarixi köklərimizi yaxşı bilmədən, onlara hörmət etmədən müstəqil dövlətimizi gələcəkdə yaxşı qura bilmərik”. Ulu Öndər Heydər Əliyev
Görkəmli Azərbaycan tarixçisi, professor Y.B.Yusifov Şumer-Akkad mixi yazı qaynaqlarına və digər mənbələrə əsaslanaraq sübut etdi ki, Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu Aratta e.ə. III minilliyin I yarısında Cənubi Azərbaycanda meydana çıxmışdır. Arattanın ərazisi Urmiya gölündən cənub istiqamətində Diala qarşı, cənub-şərq istiqamətində isə Zəncan-Qəzvin bölgəsinədək olan torpaqları əhatə edirdi.
Aratta ölkəsi ilə əlaqədər eramızdan əvvəl III minilliyin I yarısı hadisələr bir neçə şumer dastanında (“En Merkar və Aratta”, “En Merkar və Luqalbanda”, “En Merkar və Sukurşiranna” təsvir olunurdu. Aratta ölkəsi. Urmiya gölünün cənub şərq hissəsini əhatə edirdi. Aratta dövləti İkiçayarasın Şumer şəhəri dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi. Aratta ölkəsi haqqında eramızdan əvvəl XXVIII-XXVII əsrlərdə Şumerin Uruk şəhər dövlətinin hökmdarı Merkarın adına yazılmış dastanda ilk məlumatlar verilmişdi. Arattada mövcud olan siyasi və ideoloji şərait şumer məfhumları vasitəsilə əks olunmuşdur.
Ölkəni ensi rütbəsi daşıyan hökmdar idarə edirdi. Əsilzadə təbəqəsinə daxil olan maşmaş (kahin, vəzir), sukkal (elçi), uqula ( rəis) və b. dövlət idarəsinin qulluqçuları olmuşlar. Eramızdan əvvəl III minilliyin I yarısında Arattada artıq dövlətə məxsus idarə orqanları və vəzifəli şəxsləri meydana gəlmişdi. Şumer hökmdarı Merkar bu dövləti özünə tabe etmək, əhalisini və sənətkarlarını Şumer məbəd tikintisində işlətmək niyyətində idi. Arattada çox allahlılıq mövcud olmuşdur.
Mənbələrdə Aratta hökmdarı En-Sukuşsiranna ilə Şumer hökmdarı En-Merkar arasında münaqişə olduğu qeyd edilir. En-Merkar Arattanı özünə tabe etməyə cəhd göstərmişdir. Lakin bu münaqişə dinc yolla həll edilir və Aratta dövləti öz müstəqilliyini saxladı. Şumer dövləti ilə Aratta ölkəsi arasında iqtisadi əlaqələr davam edirdi. Arattadan İkiçayarasına qızıl, gümüş, tikinti materialları, Şumerdən Arattaya isə əsasən taxıl və meyvə gətirilirdi.
Aratta ölkəsinin əhalisi qızıl, gümüş, tikinti, mis, dağdaşı və s. hasil edirdi. Aratta əhalisinin həyatında əkinçilik müəyyən yer tuturdu. Burada dəmyə əkinçiliyi geniş yayılmışdı. Şumer qaynaqlarında yad edilən Aratta, eyni adı saxlamış Aratta çayı və Alateye Azərbaycanda Urmiya gölünün cənub və cənub-şərq dağlıq ərazisini göstərir. Urartu mənbələrində Aratta ölkəsinin yerləşdiyi ərazi Alateye adlanır. Aratta və Alateye eyni dağlıq ərazinin müxtəlif dialekt adlarıdır, hər iki adı əmələ gətirən söz “dağ” mənasını daşıyır. Arattanın sərhədləri cənubi şərqdə Zəncana, cənubi qərbdə isə Zəribər gölünə (Sənəndəçin şimalı) kimi çatırmış. Aratta qədim Azərbaycan ərazisinə verilən ilk məlum addır.
Ədəbiyyat:
1. Məmmədov İsmayıl.Azərbaycan Tarixi (Ali məktəblər üçün dərslik). Bakı. 2005
2. Qəniyev Həsən . Azərbaycan Tarixi (Ali məktəblər üçün dərslik). Bakı. 2019
Yazar: Zinyət Paşazadə
Həmçinin bax: Azərbaycanda biokimyanın inkişaf tarixi
Həmçinin bax: turaz.org/ozbekistandan-qirgizistana-novbeti-destek/