Aprel döyüşləri iştirakçısı Tural Məlikov ilə müsahibə.
Vətən övladlarıyla ucalır.
Aprel və iyul döyüşləri
22.07.2020
Ana Vətənimiz Azərbaycanımızın əlverişli coğrafi mövqeyi, yeraltı və yerüstü resurslarının zənginliyi, münbit torpaqları düsmənlərimizin həmişə iştahını qabartmışdır və vətənimizin başını bəladan uzaq olmağa qoymamısdır. Necə ki Azərbaycanın ən yeni tarixi gözümüz önündə bu fikirlərin sübut olunması ilə cərəyan edir. Bu günümüzdən ən yaxın keçmişimizə baxsaq, 1916- ci il Aprel döyüşlərini yada salası olarıq.
Müsahibimiz Tural bəy, 1,90 m. boyunda, yaraşıqlı, ali təhsilli bir gənc olaraq, əsgərliyə yola düşəndə, heç kimin ağlına gəlməzdi ki, o hərbi xidmətdən evə müharibə iştirakçısı kimi dönəcək.
-Tural bəy, siz hərbi xidmətə yollanırkən nələr düşünürdünüz? Həyəcan var idimi? Heç düşünərdinizmi ki, hərbi xidmətdən müharibə iştirakçısı kimi qayıdacaqsınız?
-Bir Azərbaycan gənci olaraq hərbi xidmətə yola düşən zaman təbii ki qarışıq hislər yaşadım. Bunu həm qürur hissi və yaxınlarını özləm hissi kimi adlandırmaq daha doğru olar. Müharibə şəraitində olduğumuz üçün əlbəttə əsgərliyə yollananda elə də asan keçəcəyini gözləmirdim. Lakin hərbi xidməti başa vurduqdan sonra bu qədər dolu xatirələrlə qayıdacağımı əsla düşünməzdim.
-Tural bəy, özünüzü tanıdın, zəhmət olmasa.
-Mən Tural Məlikov, 27.05.1994 tarixində Bakı şəhərində anadan olmuşam. Orta təhsilimi 300 saylı orta məktəbdə başa vurduqdan sonra, bakalavr təhsilimi Azərbaycan Kooperasiya Universitetində Mühasibat Uçotu fakültəsində davam etmişəm.
-Eşitdiyimə görə bu il Almaniyada təhsil almaq hüququ qazanmısınız. Ancaq maliyyə çətinliklərinə görə işiniz asqıdadır. Istərdik ki, Aprel döyüşlərində iştirakınızı nəzərə alaraq dövlət qurumları və comərd insanlar sizin Almaniyada təhsil almanızı maliyyə cəhətdən dəstəkləsinlər. Və sizin kimi Aprel döyüşlərinin güllə-boranından çıxmış bir gəncin arzusunun həyata keçməsini gerçəkləşməsinə vəsilə olsunlar. Inşallah bəlkə bu sətirləri oxuyan kəs, həmin comərdlərdən biri olar.
– Tural bəy, sizi Aprel döyüşünə aparan yoldan danışarmısınız?
-İndi isə sizlərə Aprel döyüşlərinə gedən yoldan bəhs etmək istəyirəm. Aprel ayının 1, axşam 9-10 radələrində mənim qulluq etdiyim N saylı hərbi hissədə (cəbhə xəttindən aralıda yerləşir) şiddətli və qəribə səslər eşidilməyə başladı. İlk öncə təbii ki, biz nə olduğunu anlamadıq, lakin daha sonra fərqinə vardıq ki, nə isə işlər yolunda getmir. Mən və digər əsgər yoldaşlarım bu səsin iri çaplı silah səsləri olduğunu güman etdik və səhər bu məsələnin daha aydınlığa qovuşacağı qənaətinə gəldik ki, belə də oldu.
Artıq səhər, yəni aprel ayının 2, bizim ehtiyatda olan hərbi hissəmizdə həyəcan verildi. Bu sözlə tərif edilə biləcək bir nümunə deyil. Bunu hərbi qulluq keçmiş şəxslər, daha doğrusu, eyni ilə yaşayanlar daha gözəl anlayarlar. Çünki bu günə qədər hərbi hissədə dəfələrlə həyəcan siqnalı verilirdi, lakin bu məşq xarakterli olurdu və hardasa qabaqcadan xəbərimiz olurdu. Lakin Aprel ayının 2 verilən həyəcan çox fərqli bir anlama gəlirdi. Biz ön cəbhəyə, düşmənlə burun-buruna yola düşdük.
-Tural bəy, bu hadisələrin içində olanda heç ölüm haqqinda düşündünüzmü? Hansı hisləri keçirdiniz? Fikirlərinizdə nə dəyişikliklər baş verdi?
-Biz ilk öncə Tərtər rayonuna dəstək üçün yollanmışdıq. Lakin daha sonra verilən göstərişlərə əsasən Goranboy Rayonu Tapqaraqoyunlu kəndinə yola düşdük və düşmənlə üzbəüz, ən yaxın postlarda qərar tutduq. Qeyd etmək istəyirəm ki, bu kənd ilə Talış yüksəklikləri arasındakı məsafə olduqca yaxındır. Postlarda qərar tutduqdan sonra növbə ilə xidməti yerlərə bölündük. Bu andan sonra düşmənlə üzbəüz olmanın nə demək olduğunu daha gözəl anladım. İlk öncə bizim məkan, tutduğumuz blindaj qarşı tərəfin minamyot zərbəsi ilə vuruldu. Lakin xoşbəxtlikdən bu zərbə effektli yerinə yetirilə bilmədiyindən heç bir itki vermədik. Bu andan etibarən artıq biz də tutduğumuz mövqelərdən mənfur düşmən ordusunu müxtəlif silahlar vasitəsi ilə atəşə tutduq.
Bu baş verən 5 günlük döyüş müddətində olduqca stresli, lakin bir qədər də qürurlu hislər yaşadıq. Şiddətli müharibə ayın 5-i bitsə də, lakin biz dayaq qüvvə olaraq o mövqelərdə 11 gün qərar tutduq və demək olar ki, hər gün şiddətli atışmalar yaşadıq.
-Bu döyüşlərdə sizi ən çox sarsıdan nə oldu?
-Təbii ki, bu zaman ərzində bizi üzən məqamlar da yaşadıq. Çünki bizdən bir az qabaqda yerləşən istiqamətdə gedən döyüşlər zamanı əsgər olmasa da, digər rütbəli hərbi qulluqçular; Müddətdən artıq hərbi qulluqçu, Gizir və Leytenant şəhid oldular. Bu xəbər bizi çox sarsıntıya qərq etmişdi. Lakin düşmən tərəfin daha çox itki verməsi xəbəri hardasa kədərimizi bir baxımdan yatırdırdı.
-Aprel döyüşlərində ətrafınızda baş verən qəhrəmanlıq məqamlarından bir neçəsini deyə bilərsinizmi?
-Bu müddət ərzində bizim hərbi hissə komandiri və 4 silahdaşı ermənilərə məxsus 2 ədəd postu düşməndən azad etdi. Artıq bu postlar bizim ixtiyarımızda idi. Və biz vaxt itirmədən bu postları komandirimizin tapşırığına əsasən qazıntı işləri görərək daha əlverişli hala saldıq. Qürur mənbəyi isə bu qazanılan postda artıq mənfur düşmənin deyil də, məhz bizim keşik çəkəcəyimiz idi.
-Siz özünüzü qəhrəman sayırsınızmı?
Mən şəxsən ölümü gözə alan, ölümün gözünün içinə dik baxaraq, Vətən qarşısında borcunu yerinə yetirən hər bir kəsi qəhrəman sayıram. Qəhrəman olmaq üçün şəhid və ya qazi olmaq şərt deyil. Bu məqamlar qəhrəmanliğın ən yüksək mərtəbələridir.
-Xeyr, mən özümü qəhrəman olaraq görmürəm. İlk öncə düşünürəm ki, bu bizim borcumuzdur. Kimliyindən asılı olmayaraq vətənin hər bir daşını qorumaq məhz bizlərə həvalə edilmişdir. Sadəcə düşmənlə üz-üzə dayanmaq, bu hisləri yaşamaq, onlarla atışmaq və son olaraq hərbi hissə komandirimizin və silahdaşlarının uğuru birmənalı olaraq qürur mənbəyidir. Bu anlarda orada iştirak etmək, həyatı boyu unutmayacağım günləri yaşamaq, mənim yaddaşımda əbədi gözəl hislər olaraq qalacaq.
– Sizin fikrinizcə biz Azərbaycan dövləti və xalqı olaraq lazımi dərsləri aldıqmı?
-Aprel döyüşləri düşünürəm ki, Azərbaycanın şanlı tarixidir. Bu tarix və bu tarixdə şəhid olanlar heç vaxt unudulmayacaqlar.
Fikrimcə bəli, biz xalq olaraq lazımı dərsləri aldıq. Daha doğrusu nələrə qadir ola biləcəyimizin tam fərqinə vardıq. Daha əminliklə deyə bilərəm ki, mənfur düşmən bunu bizdən daha yaxşı anladı. Çünki bu tarix onların yaddaşlarında əbədi qara günlər olaraq qalacaq.
– Sizcə Aprel döyüşləri ilə İyul döyüşləri arasında bir eynilik varmi? (Birdən baş verməsi, sanki sehirli çubuq təsirilə birdən bitməsi və s. ilə)
-Şəxsən Aprel döyüşləri və yeni baş vermiş İyul döyüşləri arasında bəzi oxşar məqamlar olduğunu bir vətəndaş baxışı ilə görürəm. Bu düşmən tərəfin, nə qədər inkar etsələr də, planlı olaraq törətdiyi hadisələrdir.
-Son hadisələrdə on minlərlə gəncin döyüşlərdə könüllü iştirak etmək üçün Dövlət xidmətinə müraciət etməsini nə cür dəyərləndirirsiniz? Sizcə müasir silahlardan başı çıxmayan, hazırlıqsız bu gəncləri müharibəyə yollamaq olarmi? Onlar ölüm sayını artıracaq canlı divar rolunu oynamazlarmı? Məncə onların orduya və xalqa cəsarət və vətənpərvərlik göstərərək mənəvi dəstəyi, dəfələrlə onların döyüşdə canlı dəstəyindən verə biləcək daha çox faydasını verdi. Siz necə düşünürsünüz bu haqda? Mənimlə razısınızmı?
-İyul döyüşləri zamanı xalqın dəstəyi açıq aşkar göz qarşısındadır. Bunu artıq ordu sıralarına 55 mindən artıq gəncin qoşulmaq istəməsi sübuta yetirir. Öz fikrimə əsasən deyə bilərəm ki, könüllərin qoşulmasınına hələki ehtiyac yoxdur. Düşünürəm ki, bizim hal-hazırda ordu sıralarımızın sayı kifayət qədər çox və eyni zamanda güclüdür. Təbii ki, zərurət yarandığı təqdirdə könüllü qüvvəsi də bu sıralara qoşula və Vətənə olan dəstəyini ön cəbhədə göstərə bilər. Hərbi xidmət keçmiş hər bir vətəndaş vaxtı ilə özünə təhkim olunmuş silah növündən istifadə etdiyinə görə, zəruri səfərbərlik halında da bu silahlardan zamanında yiyələndiyi biliklərlə fayda verə bilər. Lakin sizin sözünüzə qüvvət olaraq, deyə bilərəm ki, indiki məqamda hər bir gəncin vəzifəsi müasir dünyamızda internet savaşı vasitəsi ilə mənfur düşmənə qalib gəlməkdir. Fikrimcə biz bu sahədə daha da aktiv olmalı, tarixi faktlarla və sübutlarla dünya ictimaiyyətinə baş vermiş hadisələri işıqlandırmalıyıq.
-Tural bəy, artiq döyüş yolu keçmiş bir gənc kimi, Azərbaycanımızın uzaq gələcəyini necə görürsünüz?
-Hər bir vətəndaşın arzusu təbii ki, Azərbaycanın gələcəyini aydın və parlaq görməkdir. Bunu hal-hazırda dilə gətirmək bir az çətindir.Qarabağımızın tezliklə azad edilməsi fikrimcə Azərbaycanın əlini daha da gücləndirəcək və gələcək baxımdan aydınlığa qovuşmağımızda böyük rol oynayacaq.
– Hal- hazirda əsgərlikdə olan gənclərimizə bu yolda nə məsləhət verərdiniz?
-Bu yolu keçmiş bir gənc kimi ordu sıralarında qulluq edən hər bir əsgərə hərbi xidmətlərini müvəffəqiyyətlə başa vurmaqlarını və sağ-salamat ailələrinin yanına dönmələrini arzu edirəm. Eyni zamanda özlərinə təhkim edilmiş silahdan dərin biliklərə yiyələnmələrini məsləhət görürəm. Çünki əsgər silahdan nə qədər yaxşı istifadə edə bilsə bu ilk öncə onun özünə və vətənə böyük üstünlükdür.
Çox sağ olun. Mən də fürsətdən istifadə edib, bütün gənclərə elmlə məşğul olmalarını və özlərinə doğru yolu seçmələrini tövsiyyə edirəm. Çünki elmli, bilikli insan özünə və Vətəninə daim yararlı olan şəxsdir.
– Tural bəy, dəyərli fikirləriniz üçün çox sağ olun. Istəyirəm biləsiniz ki, Azərbaycan xalqının bir nümayəndəsi kimi, mən sizinlə və sizin kimi gənclər ilə fəxr edirəm. Sizin kimi gənclərin varliğını dərk etdikcə, müasir gəncliyin hələ çox seylərə qadir olduğunu anlayır ve bu yolda sizlərə uğurlar arzulayır və bacardığımız hər bir şeydə sizə dəstək olmağa hazır olduğumuzu bəyan etmək istəyirəm.
Çox sağ olun.
Müsahibəni götürdü – Zərrə