Antibiotiklər

Antibiotiklər

 

Antibiotiklər yunanca (anti əksinə, bios həyat) canlı orqanizmlərin həyat fəaliyyəti məhsulları olub, mikroorqanizmləri məhv etmək və ya onların inkişafının qarşısını almaq xüsusiyyətinə malikdir.

Mikroorqanizmlər tərəfindən antibiotiklər hazırlanması mikrob antaqonizminin əsas təzahür formalarından biridir. Antoqonislik xüsusiyyətə malik olan mikroorqanizmlər ən çox torpaqda rast gəlinir.

Burada yaşayan göbələklər, aktinomisetlər sporlu bakteriyalar xüsusilə antoqonostik xüsusiyyətə malik olur. Mikrob antaqonizmindən praktik olaraq istifadə etmək cəhdləri L.Pasterə və İ.İ.Meçnikova məxsusdur.

Paster hələ 1877-ci ildə müəyyən etmişdir ki, qidalı mühitdə birgə becərildikdə çürümə bakteriyaları Sibir yarası törədicilərinin inkişafını ləngidir. İ.İ.Meçnikov (1894) bağırsaqda yaşayan çürümə bakteriyalarını öyrənərkən müəyyən etmişdir ki, onlar öz həyat fəaliyyəti məhsulları ilə orqanizmi daimi zəhərləyərək insanların vaxtından əvvəl qocalmasına səbəb olur.

O, həmçinin aşkar etdi ki, qatıqda olan süd turşusu bakteriyaları bağırsağın çürümə bakteriyalarının inkişafının qarşısını almaq üçün süd turşulu məhsullardan istifadə etməyi təklif etmişdir. Rus alimləri V.A.Manasseyn və A.Q.Polotebinov (1871-1872)  antibiotiklərin kəşfindən hələ çox-çox əvvəl yaşıl kif göbələklərindən irinli yaraların müalicəsində istifadə  etmişlər.

Bir növ mikroorqanizmdən digər mikroorqanizmlərlə mübarizə də istifadə etmək ideyası öz nəticəsini verdi. R.Emmerx və O. Lev göy-yaşıl irin çöplərindən ilk antibiotik piosionaza aldılar lakin o, müəyyən səbəblər üzündən geniş tətbiq oluna bilmədi.

Antibiotiklər haqqında təlimin əsası ingilis alimi A.Fleminqin işləri ilə qoyulmuşdur. O, müşahidə etmişdir ki, qidalı mühitdə qızılı stafilokoklar burada təsadüfən bitmiş Penicillium notatum göbələyinin koloniyası ətrafında bitmirlər.

Fleminq penisilini təmiz halda almağa çalışsa da buna müvəffəq ola bilmədi.

İngilis tədqiqatçıları E.Ceyn və Q.Flori 1940-cı ildə təmiz halda aldılar. Rus mikrobioloqu  Z.V.Yermoleyeva penisilini Penicillium crustosum göbələyindən aldı (1942) və s. SRİ-də penisilinistehsalının ilk təşkilatçısı oldu.

Hazırda 2000-ə kimi müxtəlif antibiotiklər alınmışdır. Antibiotiklər mikroorqanizmlərə bakteriostatik və bakterisid təsir göstərə bilər. Antibiotiklərin bakteriyalara öldürücü təsiri bakteriosid təsir adlanır.

Əgər antibiotik mikrobu artıb-çoxalmasını, inkişafını ləngidirsə, belə təsir bakteriostatik təsir adlanır. Antibiotiklərin antimikrob təsir mexanizmi müxtəlifdir bəziləri bakteriyaların hüceyrə divarının sintezini pozur,

(penisilin, sefalosporin) digərləri hüceyrədə zülal sintezini tormozlayır(streptomisin, tetrasiklin, levomisetin) digərləri isə bakteriya hüceyrəsində nuklein turşularının sintezini pozur (rifampsin).

Antibiotiklərin təsnifatı

Antibiotiklər ən çox təsir spektrinə və alınma mənbələrinə görə təsadüf edilir. Hər bir antibiotik üçün təsir spektri xarakterdir. Geniş və dar təsir spektrinə malik antibiotiklər fərqləndirirlər.

Geniş təsir spektrli antibiotiklər müxtəlif qrupdan olan mikroorqanizmlərə təsir göstərir(tetrasiklin) və ya həm qrammənfi həm də qrammüsbət bakteriyaları məhv edir. (streptomisin) Dar təsir spektrli antibiotiklər isə ancaq müəyyən mikrobları məhv etmək xüsusiyyətinə malikdir.

Məsələn, polimiksinə ən çox qrammənfi bakteriyalar həssasdır. Təsir spektrinə görə antibakterial göbələk əleyhinə və şiş əleyhinə antibiotikləri fərqləndirirlər. Antibakterial antibiotiklərə əsasən bakteriyalara təsir göstərərək bakteriyaların törətdiyi xəstəliklər zamanı istifadə edilir.

Penisilin, streptomisin, levomisetin, kanamisin, sefalosporin belə antibiotiklərdəndir.

Göbələk əleyhinə antibiotiklər mikroskopik göbələklərə öldürücü təsir göstərir. Müxtəlif göbələk xəstəliklərinin müalicəsində nistatin, levorin, amfotersin V, qrizeofulvin və s. geniş tətbiq edilir.

Şiş əleyhinə antibiotiklər (rubomisin, olivomisin) hüceyrələrdə nuklein turşularının sintezini pozaraq sitostatik təsir göstərir. Bəd xassəli şişlərin müalicəsində tətbiq edilir. Alınma mənbəyinə görə antibiotiklər mikrob  mənşəli, bitki mənşəli və heyvan mənşəli ola bilər.

Bitki mənşəli antibiotiklər fitonsidlər adlanır.

Fitonsidlər əsasən üçüncü efir yağlarından ibarət olub çox davamsız birləşmələrdir. Fitonsidlər əsasən soğandan, sarımsaqdan nanədən, evkalipt yarpaqlarından alınır.

 

Heyvan mənşəli antibiotiklərə – Lizosim, ekmolin, interferon, aiddir. Lizosim süddə, göz yaşında ağız suyunda müxtəlif toxumalarda aşkar edilib. Ekmolin ilk dəfə balıq toxumalarından alınmışdır. İnterferon toxuma hüceyrələrində  virusların təsiri nəticəsində əmələ gəlir. İnterferon insan leykositlərindən alınır.

 

Təbii Antibiotiklər.

 

Təbii antibiotiklər – biosintetik yolla alınır. Mikroblarınhazırladıqları antibiotiklər qidalı mühitin tərkibindən kimyəvi üsulla çıxarılır. Yarımsintetik antibiotiklər təbii antibiotiklərin kimyəvi quruluşunda müəyyən dəyişikliklər etmək yolu ilə alınır.

Mikroorqanizmlərin antibiotiklərə davamlılığı – Mikrobların antibiotiklərə davamlılıq xüsusiyyətinin mexanizmi müxtəlifdir. Bəzi hallarda bu bakteriyalarda olan R-plazmidlərlə əlaqədar olur.

Antibiotiklərlə müalicənin effektliliyi başlıca olaraq xəstəlik törədən mikrobun tətbiq edilən antibiotikə qarşı həssaslıq dərəcəsindən asılıdır. Antibiotiklərlə müalicə zamanı baş verə biləcək ağırlaşmalar – Əksər antibiotiklər insan orqanizmi üçün antigenqapten olduğundan onların tətbiqi bəzən allergik reaksiyalar törədə bilər.

Bu özünü allergik məxmərək, dermatitlər şəklində göstərə bilər. Allergik reaksiyaların ən qorxulusu anafilaktik şokdur. Bu da xəstənin ölümü ilə nəticələnə bilər. Bunun qarşısını almaq üçün antibiotiki vurmazdan əvvəl yüksək həssaslıq olub-olmadığını yoxlayırlar:

Dəri içərisinə 0.1ml preparat vurulur, 20-30 dəq keçdikdən sonra reaksiyanı yoxlayırlar. Reaksiya müsbət olanda (inyeksiya yerində 1sm və daha artıq diametrli qızartı və şişkinlik) antibiotiki vurmaq olmaz.

Canlıda cinsli göbələklərin törətdiyi kandidozların qarşısını almaq üçün antibiotikləri göbələk əleyhinə preparatdan (nistatin, levorin) vermək antibiotiklərlə uzunmüddətli müalicə apardıqda xüsusilə vacibdir. Nəhayət antibiotiklər orqanizmə toksik təsir göstərə bilər. Məsələn tetrasiklin qaraciyərin funksiyasına mənfi təsir göstərir, streptomisinin oto və nefrotoksik təsirləri var.

 

Antibiotiklərə qarşı həssaslığın təyini:

 

Antibiotiklər mikroorqanizmləri məhv etmək və ya onların qarşını almaq xüsusiyyətinə malikdir.

Antibiotiklərlə müalicə zamanı antibiotiklərə həssas mikroblar, onlara qarşı davamlılıq göstərərək rezistent

formalara çevrilə bilir. Bunun üçün antibiotiklərlə aparılan müalicənin effektliyi xəstəlik törədən mikrobun  antibiotikə qarşı həssaslıq dərəcəsindən asılıdır. Buna görə də müalicədən əvvəl mikrobun hansı antibiotikə həssaslığının təyini vacibdir. Antibiotikə həssaslıq 2 yolla təyin edilir:

 

  1. Antibiotiklərin bulyonda yaxud aqarda durulaşdırılması.
  2. Antibiotiklər hopdurulmuş kağız disklərlə.

 

Antibiotiklərin bulyonda ardıcıl durulaşdırılması üsulu – ən dəqiq üsul hesab edilir. Bu üsulda bir cərgə sınaq borusu götürülür. 1-cidən başqa bütün sınaq borularının hər birinə 0,5 ml bulyon tökülür. I- və II sınaq borularına 1ml-də 100TV olan antibiotik məhlulundan 0,5 ml tökülür.

II- sınaq borusunda olan bulyon antibiotiklə yaxşı qarışdırıldıqdan sonra oradan 0,5ml III- sınaq borusuna keçirilir və axırıncı sınaq borusuna qədər durulaşdırma aparılır, axırıncıdan 0,5 ml atılır.

Kontrol sınaq borusunda (yəni I-də) 0,5 ml antibiotiksiz bulyon olur. Mikrob kulturası da 1:1000 nisbətində durulaşdırılır. Sonra 1,5ml antibiotikin müxtəlif durulaşması ayrı-ayrı sınaq borularına, eləcə də kontrol sınaq borusuna tökülür.

Beləliklə, antibiotikin miqdarı I-də 25 TV,yaxud 25mq/ml,II-də 12,5TV,III-də 6,25TV və s. olur. Əkin 37C–temperaturda termostatda 18-20 saat saxlanılır. Sonra antibiotikin təsirindən mikrobların inkişafdan qalması qeyd olunur.

Mikrobların tam inkişafdan qalmasına səbəb olan antibiotikin miqdarı, ən kiçik konsentrasiyası hesab olunur, bu da ml vahidi ilə ölçülür.

Aqar qızdırılmaqla maye halına salınır. 48C –yə qədər soyudulur. Antibiotik steril suda ardıcıl durulaşdırılır. Sonra 12 ədəd Petri kasaları götürülür, hər birinə antibiotikin durulaşmasından 1 ml və 9 ml aqar əlavə olunur.

Aqar bərkiyəndən sonra kasanın arxa hissəsindən seqmentlərə bölünür. Seqmentlərin 9-na müayinə olunan bakteriya kulturası, 10-cu seqmentə isə həssaslığı məlum olan kultura əkilir. 37C  temperaturda 18-24 saat termostata qoyulur.

Müayinə oluna bakteriya kulturaları, həm də antibiotik əlavə olunmayan kontrol kasaya əkilir. Bakteriyaların tam inkişafdan qalmasına səbəb olan antibiotik ən kiçik təsir konsentrasiyası hesab olunur.

 

Disk –  Diffuziya üsulu ilə anitibiotiklərin təyini – Müvafiq antibiotikə hopdurulmuş fitr kağızında olan standart disklər (10mm diametrində) xüsusi laboratoriyalarda hazırlanır. Müayinə olunacaq bakteriyanın sutkalıq kulturasından 1 ml- də 2 milyard mikrob suspenziyası hazırlanır.

İçərisində ƏPA olan kasaya tökülür, mühitin üzərinə suspenziya bərabər yayılır. Artıq qalanı isı atılır, qurudulur.Səthinə patoloji  material əkilir.

Sonra mühitin səthinə hər biri 2 sm aralı olmaqla steril pinsetlə kağız disklər yerləşdirilir və 37C temperaturda 16-18 saat termostatda qaldıqdan sonra nəticə qeyd olunur. Kağız disklərin ətrafında mikrobların inkişafdan qaldığı sahənin diametri ml-lə ölçülür.

Belə sahənin olmaması müayinə olunan mikrobun həmin antibiotikə qarşı davamlı olmasını göstərir. Az həssas mikroorqanizmlər 15-20mm-ə qədər, həssas olanlar 15-20 mm-ə qədər, yüksək həssas olanlar isə 25 mm-dən yuxarı mikrobsuz (sahə) verir.

 

 

 

 

 

 

 

Yazar: Gülaf Məhərrəmova

 

Həmçinin bax: https://turaz.org/azerbaycanda-daha-615-nefer-koronavirusa-yoluxub-5-nefer-vefat-edib/

 

Həmçinin bax:  https://kafkazh.com/goy-deri-sindromu-akantokeratodermiya/