Anqlo-sakslar və qədim ingilis ədəbiyyatı

 İngiltərədə anqlo-saksların dövrü V əsrin ortalarından – Anqllar, Sakslar və Yutlar adlanan german tayfalarının İngiltərəyə köç edərək məskunlaşmağa başlamasından, 1066-cı ildə Norman şəhzadəsi Villiamın İngiltərəni zəbt etməsinə qədər olan dövrü əhatə edir. VIII əsrdə Britaniyada yeddi əsas anqlosaks krallığı  yarandı: Esseks, Sasseks, Vesseks, Kent, Anqlia (Şərqi İngiltərə), Mersiya və Nortumbriya krallıqları. Sonunda Vesseks kralı Egbert hamısını hakimiyyəti altına alaraq birlik yaratmışdır.

Anqlo-sakson tayfaları Britaniyaya özləri ilə bərabər öz dillərini, adət-ənənələrini və mədəniyyətlərini gətirmişdilər. Hətta müasir ingilis dilində gündəlik həyatda istifadə edilən sözlərin çoxu onların dilinə məxsusdur. İngilis sözünün özü də “anglus” sözündən əmələ gəlmişdir.

Bu dövr ərzində İngiltərədə Xristian dini yaradılmış, ədəbiyyat çiçəklənməyə başlamışdır. Bu əsərlərə epik poeziya, aqioqrafiya, İncilin tərcüməsi, dövlət sənədləri, xronoloji sənədlər, tapmacalar və digər janrlar daxildir. Bəhs edilən dövrdən bütün bu janrlara aid 400-ə yaxın qorunub saxlanmış əlyazma mövcuddur. “Anqlo-sakson salnaməsi” (Anglo-saxon Chronicle) erkən ingilis tarixi toplusudur. VII əsrdən etibarən “Caedmon’un himni” ingilis dilində yazılmış ən qədim yazılardan biridir. Anqlo-sakson ədəbiyyatının ən əhəmiyyətli  epik əsəri qəhrəmanlıq dastanı “Beovulf”dur. Məşhur şairlərdən biri isə Sinvulf (Cynewulf) olmuşdur. Qədim İngilis ədəbiyyatının digər poeziya nümunələrinə “The Wanderer”, “The Seafarer”, “The Battle of Maldon”, “The Dream of the Rood” əsərlərini aid etmək olar.

Yazar: Cəmilə Mehtiyeva