Analiz metodları

Analiz metodu nədir və hansı növləri var?

Analitik təyinatların aparılması üçün maddənin müxtəlif intensiv və ekstensiv xassələrindən istifadə olunur.Bu xassələrin hər hansı birindən istifadə edərək maddələrin vəsfi və miqdari  təyinini müəyyən etmək olar.Beləliklə maddənin hər hansı təyininə əsaslanaraq onun təyini üsulu analiz metodu və ya analitik metod adlanır.

Analitik metodlar kifayət qədər çoxdur.Ona görə də onları hər hansı xüsusiyyətlərinə görə təsnifatlaşdırırlar. Analitik siqnalın alınması və intensivliyinin ölçülməsinə görə analitik metodlar 3 qrupa bölünür:

1.Kimyəvi analiz metodları- Bu metod analitik siqnalın müəyyən kimyəvi reaksiyalar nəticəsində alınmasına əsaslanır.Bu metodlarda analitik siqnal rolunu çöküntü, qaz, rəngli birləşmələr oynayır.Bu reaksiyalardan alınan çöküntünün kütləsindən,ayrılan qazın həcmindən və.s ekstensiv xassə olaraq kimyəvi analiz metodlarında miqdari təyinatların aparılması üçün istifadə olunur.Kimyəvi analiz metodları aşağıdakılardır:

◾Qravimetrik analiz metodları
◾Titrimetrik analiz metodları

2.Fiziki-kimyəvi analiz metodları- Bu metodlardan analitik siqnal kimi əsassən analiz olunan maddənin tərkibindəki element atomlarının valent elektronları ilə əlaqədar müxtəlif xassələrindən istifadə olunur.Bu xassələr aşağıdakılardır:

1.Elektrokimyəvi xassələr-elektrod potensialı,cərəyan şiddətinin qiyməti,məhlulun elektrik keçiriciliyi və.s

2.Optiki xassələr-maddələrin elektromaqnit şüaları udması və ya buraxması

3.Kinetik və termodinamik xassələr-reaksiyanın sürəti,istilik effekti və.s

3.Fiziki analiz metodları- Bu metod maddələrin tərkibində olan element atomlarının bilavasitə valent elektronları ilə deyil,daxili elektronlar və nüvə ilə əlaqəli xassələrin öyrənilməsinə əsaslanır.Belə xassələrə maddələrin rentgen və ya radioaktiv şüalarla qarşılıqlı təsirə əsaslanan xassələri misal göstərmək olar.

Qeyd edək ki, fiziki-kimyəvi və fiziki analiz metodları ilə maddələrin təyini zamanı xüsusi cihazlardan istifadə olunur.Ona görə də bu 2 metodu ümumiləşdirərək instrumental analiz metodları adlandırırlar.

Analitik metodların digər geniş istifadə olunan təsnifatı analiz üçün götürülən nümunənin miqdarına əsaslanır. Götürülən nümunənin kütləsindən asılı olaraq aşağıdakı analiz metodları vardır:

1.Makrometodlar – 0,1-1,0 qr (bəzən 3 qr) nümunədən istifadə olunur.

2.Yarımmikrometodlar – 0,01-0,1 qr nümunədən istifadə olunur.

3.Mikrometodlar – 0,001-0,01 qr nümunədən istifadə olunur.

4.Ultramikrometodlar – 0,0001-0,001 qr nümunədən istifadə olunur.

5.Submikrometodlar –  < 0,0001 qr nümunədən istifadə olunur.

Göstərilən təsnifatlardan başqa analiz olunan maddənin təbiətindən asılı olaraq  2 analiz metodu vardır:

1.Üzvi analiz

2.Qeyri-üzvi analiz

  Vəsfi analizin aparılma şəraitindən asılı olaraq  isə aşağıdakı metodlar vardır:

1.Quru analiz

2.Yaş analiz

Analitik kimyada analiz metodu analiz metodikası anlayışlarını fərqləndirmək lazımdır.

Analiz metodu dedikdə təyin olunan maddənin və analiz olunan nümunənin tərkibindən asılı olmayaraq kifayət qədər universal və nəzəri əsaslandırılmış təyinat üsulu başa düşülür.

Analiz metodikası dedikdə isə konkret olaraq hər hamsı bir maddənin tərkibindən asılı olaraq xassələrinin ölçülərək təyini başa düşülür.

YAZAR: Sevinc Cümşüdlü

Həmçinin bax: https://kafkazh.com/azot/

Həmçinin bax: https://tehsilim.org/x-xi-siniflerde-informatika-temayullu-siniflerin-teskili/