AMİP-dən müharibə ilə bağlı dövlətə dəstək.
AMİP-dən müharibə ilə bağlı dövlətə dəstək.
“İyulun 12-də günorta saatlarından başlayaraq təcavüzkar Ermənistan hərbi birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədi ilə hücuma keçməsi düşmənin növbəti təxribatıdır”.
Bu fikri AMİP-in sədr əvəzi Arzuxan Əlizadə bildirib. A.Əlizadə qeyd edib ki, Azərbaycan dövləti olaraq artıq müdafiə mövqeyindən çıxış etmək siyasətinə son verərək hücum mövqeyinə keçməliyik. Dərhal bəyanat verilməli, Ermənistanla bütün danışıqların dayandırıldığı, problemin həllində sorumlu olan ATƏT-in Minsk qrupunun bu illər ərzində yarıtmaz fəaliyyəti xüsusi olaraq qeyd olunmaqla, ondan imtina olunduğu, işğal altında olan torpaqlarımızın təcavüzkarlardan təmizlənməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlanılacağı bəyan edilməlidir.
Onun sözlərinə görə, əlbəttə ki, bu, dərhal müharibə başlamalıdır demək deyil, amma bütün beynəlxalq ictimaiyyət xəbərdar olunmalıdır ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq işğal altında olan torpaqlarını işğalçılardan və terrorçulardan azad etmək hüququndan istifadə edəcək.
Bundan sonra isə ölkə daxilində bütün fəaliyyət buna istiqamətlənməlidir: “Hətta təklif edirəm ki, hərbi xidmətə yararlı olan mülki vətəndaşlarımız da Müdafiə Nazirliyinin bilavasitə rəhbərliyi altında hərbi təlimlərə cəlb olunmalı və müharibə başlayacağı təqdirdə hərbi cəhətdən təşkilatlanmış durumda olmalıdır.
Dünənki hadisələr də bir daha göstərdi ki, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissi yüksək səviyyədədir və xalqımız işğalçıları torpaqlarımızdan qovub çıxarmaq əzmində və gücündədir. Sadəcə xalqın enerjisini düzgün istiqamətləndirmək lazımdır.
AMİP olaraq biz də, eləcə də ölkədə fəaliyyət digər əksər siyasi təşkilatlar da bu məsələdə birmənalı olaraq dövlətimizə istənilən dəstəyi verməyə hazırıq”.
Mənbə: Musavat.com
Xeberçi kafkazh.com xüsusi müxbiri Balamedova Səbinə