Aminturşuların Quruluşu

Aminturşuların Quruluşu

Hər bir aminturşu molekulunda 4 əvəzedicilə birləşmiş karbon atomu vardır. Bu əvəzedicilərdən biri hidrogen atomu, digəri isə COOH qrupudur. Sonuncusu asanlıqla H+ ionunu itirdiyindən bu birləşmələr turşu xassələri göstərə bilir. Üçüncü əvəzedici NH2 qrupu və nəhayət, dördüncü əvəzedici ümumi şəkildə R ilə işarə olunan atomlar qrupudur.

Bütün aminturşularda R-qrupları müxtəlifdir və hər birinin özünün məxsusi və mühüm rolu vardır. Bir aminturşunu digər aminturşudan fərqləndirən “muncuqların” xassəsi R – qruplarından (onları həm də yan zəncirlərdə adlandırırlar) asılıdır. O ki qaldı COOH qrupuna, üzvi kimyaçılar ona böyük hörmətlə yanaşırlar: karboksil qrupundan uzaqlığına görə digər karbon atomlarına işarələr verilir.

Karboksil qrupuna birləşmiş atom α – atom, ikincisi β – atom, sonrakı γ – atom və s. kimi adlanır. α-karbon atomu həmçinin aminqrupu ilə birləşdiyindən, zülalın tərkibinə daxil olan bütün təbii aminturşulara α – aminturşular deyilir.

Təbiətdə elə aminturşulara da rast gəlinir ki, NH2 qrupları karboksil qrupundan daha uzaqda yerləşmiş karbon atomuna birləşmişdir. Lakin zülalların qurulmasında təbiət yalnız α-aminturşuları seçmişdir.

Bu aminturşular uzun zəncirlərdə birləşərək nəhəng zülal molekullarının quruluşunun möhkəmliyini və davamlılığını təmin edir. R-qrupları ilə fərqlənən α-aminturşuların sayı kifayət qədər çoxdur. Lakin çox vaxt zülallarda 20 müxtəlif aminturşuya rast gəlinir.

Şərti olaraq bütün aminturşular dörd sinfə bölünmüşdür. Birincisinə qeyri-polyar yan zəncirlərə malik aminturşular daxildir. İkincisinə polyar qruplar saxlayan aminturşular daxildir. Digər iki sinfə isə yan zəncirləri müsbət (üçüncü sinif) və mənfi yüklənə bilən (dördüncü sinif) aminturşular daxildir. Məs., karboksil qrupunun dissosiasiyası zamanı -COO- anionu, azot atomunun protonlaşması zamanı isə -NH3 kationu əmələ gəlir.

Asparagin və qlutamin turşularının yan zəncirləri daha bir karboksil qrupuna – COOH malikdir, canlı hüceyrə üçün xarakterik olan pH-ın qiymətlərində (pH≈7) onlar hidrogen ionunu (H+) itirərək mənfi yüklənir. Lizin, arginin və histidinin yan zəncirləri müsbət yüklənmişdir, çünki onlar protonlaşa bilən azot atomları saxlayırlar.

Aminturşular, bir qayda olaraq, alındıqları mənbələrdən asılı olaraq tarixi adlara malikdir. Misal üçün, asparagin 1806-cı ildə asparaqus (mərəşüyüd , qulançar) şürəsində tapılmışdır, qlutamin (lat. “qluten” – “yapışqan”) turşusu buğda özəyində aşkar edilmişdir.

Sistein (yun. “tsistis” – “kisə”) ilk dəfə 1810-cu ildə sidik kisəsi daşlarında aşkar edilmişdir. Süd zülalı olan kafeinin tədqiqi zamanı tirozin (yun. “tiros” – “pendir”) kəşf edilmişdir. Arginin (lat. “argentum” – “gümüş”) ilk dəfə olaraq gümüş duzları şəklində alınmışdır.

Qlisin (yun. “qlikis” – “şirin”) şirin olduğu üçün belə adlandırılmışdır. “Leysin” yunan sözü olan “Leykos” – “ağ”-dan törəmişdir: yumurta ağında bu geniş yayılmış aminturşularından biridir.

Lizin öz adını yunan sözü olan “həllolma”, “dağılma” mənasını verən “lizis”dən götürmüşdür. Bu turşu suda yaxşı həll olduğuna görə belə adlandırılmışdır. Bəzi aminturşular ipək liflərinin zülallarından alınmışdır. Bunlara histidin (yun.”histos” – parça) və serin (lat. “sericus” -“ipək”) misal ola bilər.

 

  1. Qeyri-polyar R-qrupu:

Alanin

Valin

Leysin

İzoleysin

Fenilalanin

Metionin

Triptofan

Prolin

  1. Polyar R-qrupu

Qlisin

Serin

Treonin

Tirozin

Sistein

Asparagin

Qlutamin

  1. Mənfi yüklənmiş R-qrupları:

Asparagin turşusu

Qlutamin turşusu

  1. Müsbət yüklənmiş R-qrupları

Lizin

Arqinin

Histidin

20 Əsas Aminturşular Sinfi

Genetik kodun xüsusiyyətləri:

1. Genetik kod bütün orqanizmlər üçün (virus, bakteriya, bitki, heyvan və insan) vahiddir, universaldır.

2. Kod tiripletdir. Hər bir aminturşunun yeri ciddi surətdə, m.RNT-də müəyyən üç nukleotidlər ilə kodlaşır və bir spesifik kodon əmələ gətirir.

3. Bir aminturşusu bir neçə kodonlarla (birdən-altıya qədər) kodlaşa bilər. Yalnız iki aminturşusu bir tripletlə kodlaşır-metionin (AUQ) və triptofan (UQQ).

4. Kod üst-üstə düşmür. Nukleotid ardıcıllığı sıra ilə bir istiqamətlə – 5′-dən – 3′-ə triplet-tripletin ardınca hesablanır.

5. AUQ kodonu mRNT-nin başlanğıcında – 5′ ucunda yerləşdikdə polipeptid zəncirin sintezinin təşəbbüsçüsü olacaq. Əgər AUQ kodonu m.RNT-nin ortasında yerləşirsə, onda o, metionin aminturşusunu kodlaşdıracaq.

6. UAQ (“amber”), UAA (“oxra”) və UAQ (“opal”) kodonları, sintezin terminatorlarıdır, yəni (stop-siqnalları). Zülalların biosintezi prosesində DNT molekulunda nukleotid ardıcıllığının komplementarlıq əsasında m – RNT üzərinə köçürülməsi, daha doğrusu DNT matrisi əsasında m – RNT-nin sintezi transkripsiya adlanır.

m – RNT nukleotidlərinin ardıcıllığı DNT molekulunda nukleotidlərin ardıcıllığına, zülalları kodlaşdıran struktur genlərə uyğundur.

m-RNT-dəki məlumatın nukleotid ardıcıllığından aminturşu ardıcıllığına çevrilməsi prosesi translyasiya adlanır. Bu proses ribosomlarda yuxarıda qeyd etdiyimiz ardıcıllıqla gedir. Zülalların biosintezində komplementarlıq əsasında polipeptid  zəncirin qurulması aşağıdakı ardıcıllıqla gedir.

TTT AAA SAS QAA…….triplet DNT

AAA UUU UQU SUU…….kodon m-RNT

UUU AAA SAS QAA……..antikodon n-RNT

 

 

 

 

 

Yazar: Əsadzadə Mahizər

 

Həmçinin bax: https://kafkazh.com/nizami-gencevinin-880-illik-yubileyine-hesr-olunan-beynelxalq-konfrans-kecirilecek/

 

Həmçinin bax: https://turaz.org/lavrovun-bakiya-seferi-baslayib/