AMEA YT Park “Azərbaycan Sənaye Korporasiyası” ilə əməkdaşlığa başlayır.
AMEA YT Park “Azərbaycan Sənaye Korporasiyası” ilə əməkdaşlığa başlayır
AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) istehsal olunan innovativ məhsulların istehsalı və satınalınması, təşkilatlararası ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, innovasiya sahəsində fəaliyyəti genişləndirməklə elmin inkişafına dəstəyin verilməsi məqsədilə YT Park ilə “Azərbaycan Sənaye Korporasiyası” ASC arasında əməkdaşlıq memorandumu imzalanıb.
Akademiyadan kafkazh.com-a bildirilib ki, memorandumda, həmçinin birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirməsi və həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi, innovasiya xarakterli elmi nailiyyətlərin kommersiyaya yönəldilməsi, elmi nailiyyətlərin stimullaşdırılması nəzərdə tutulur. Bundan başqa, gənclərin elmi maarifləndirilməsi istiqamətində birgə mütəmadi təşəbbüslərin təşkili, elmi nailiyyətlərin müasir texnoloji layihələrə inteqrasiya edilməsinə şəraitin yaradılması, gənclərə elmi-innovativ ideyalarını reallaşdırmaq üçün dəstəyin verilməsi də sənədin müddəaları sırasındadır.
Əməkdaşlıq memorandumunda ölkədə innovasiya fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni elmtutumlu məhsulların işlənilməsi, respublikada innovativ yeniliklərin və fəallığın artırılması, təşviq edilməsi və bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması, eləcə də layihələr həyata keçirilərkən beynəlxalq elm və biznes mərkəzləri ilə təcrübə mübadiləsinə şəraitin yaradılması və s. məsələlər də əksini tapıb.
Xəbərçi: Aytən Abbasova