“AMEA-nın Məruzələri” jurnalının Redaksiya heyətinin yeni tərkibi təsdiq edilib
“AMEA-nın Məruzələri” jurnalının Redaksiya heyətinin yeni tərkibi təsdiq edilib
1945-ci ildən nəşr olunan “AMEA-nın Məruzələri” jurnalının fəaliyyətinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə jurnalın Redaksiya heyətinin tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.
Bunu nəzərə alaraq, AMEA Rəyasət Heyəti tərəfindən 16 iyul 2020-ci il tarixində “AMEA-nın Məruzələri” jurnalının Redaksiya heyəti haqqında” qərar qəbul olunub.
Qərara əsasən, jurnalın Redaksiya heyətinin tərkibi təsdiq edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktorun müavinləri – AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın vitse-prezidentləri, akademiklər – Tofiq Nağıyev, Nərgiz Paşayeva, Dilqəm Tağıyev, Rasim Əliquliyev və İradə Hüseynova təsdiq olunub. Jurnalın redaksiya heyətində AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev yer alıb. AMEA-nın akademik-katibinin xidmətində elmi katib Gülarə Hacıyeva isə nəşrin məsul katibi olub.
Sənəddə jurnalın ildə dörd dəfə olmaqla Azərbaycan, rus və ingilis dillərində nəşr olunması qərara alınıb.
Mənbə: www.science.gov.az
Xəbərçi: Ələkbərova Nuray