Alban abidələri

Azərbaycan torpaqları öz zənginliyi və strateji mövqeyinə görə hər zaman diqqət mərkəzində olmuşdur. İlahi vergi bu torpaqlara heç də hər zaman uğur gətirməmiş, zaman-zaman işğallara məruz qalmışdır. Hər basqın dağıntılara səbəb olmasına baxmayaraq əzəli torpaq öz mədəniyyət və arxitekturasınının qoruyucusu olmuşdur. Qorunmuş olan bu miras müasir dövrümüzdə öz fərqliliyi ilə istər yerli, istərsə də xarici turistlərin diqqət mərkəzindədir. Buda öz növbəsində arxeoloji tədqiqatlara zəmin yaratmışdır.

Hələ də müxtəlif bölgələrimizdə qədim abidələr üzərində arxeoloji eksperiment aparılır. Bölgələr arasında Azərbaycanın şimal-qərb bölgəsi tarixi-mədəni irsimizin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyan qədim abidələr, memarlıq nümunələri ilə zəngindir. Bu baxımdan min ilə yaxın bir dövrdə mövcud olmuş qədim Azərbaycan dövlətinin- Qafqaz Albaniyasının tarixi ilə bağlı abidələr xüsusi önəm kəsb edir. Alban abidələri Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ və ətraf bölgələrdə – Qax, Şəki, Zaqatala və digər rayonlarda da geniş yayılmışdır. Alban memarlıq arxitekturasınının öyrənilməsi və yeni bilgilərin əldə edilməsi dövlətimizə əsassız ərazi iddiasında olan bədnam qonşularımıza tutarlı cavabdır. Abidələrin yayıldığı arialda arxeoloq və tarixçilərin xüsusi diqqətini bir neçə
abidələr özünə çəkmişdir.

Dövrümüzə çatmış çoxsaylı monumental memarlıq nümunələri alban memarlarının ustalığından xəbər verir. Erkən orta əsrlər alban memarlığı haqqında daha geniş və çoxsahəli məlumatı alban memarlarının ən yaxşı inşaat təcrübəsinin istifadə edildiyi dini tikililərdən almaq mümkündür.

Yeddi kilsə monastır kompleksi:
Qax rayonunun Ləkit Kötüklü kəndi ərazisində, xalq arasında “Yeddi kilsə” adı ilə məşhur olan möhtəşəm alban monastır kompleksi öz unikallığı ilə diqqəti cəlb edir. Kompleks uzun müddət alban kilsəsi yepiskopluğunun mərkəzi olub. Kompleksdə eramızın əvvəllərinə aid doqquz abidənin qalıqları var. Üzərindən zamanın yelləri əsən bu tikili hazırda qəzalı vəziyyətdədir. “Yeddi kilsə” Qafqaz Albaniyasının ən qədim monastır komplekslərindən biridir. Monastırın ərazisində 1980-ci ildən (fasilələrlə) arxeoloji tədqiqat işləri aparılmaqdadır.

Tədqiqatlar göstərir ki, ərazidə böyük, əzəmətli kompleks mövcud olub. Tikililər arasında ən qədimi üçnefli məbəd, ondan şərqdə əsas xaçvari günbəzli məbəd, həmçinin monastırın geniş ərazisinin (indi kənd yolu ilə bölünüb) mərkəzində inşa edilmiş beş sovməə (ibadətxana, hücrə) olub. Kompleksdə ümumilikdə doqquz abidə var ki, onlardan da yeddisi kilsə və onlara bitişik olan rahiblərin və qonaqların yaşaması üçün binalardır. Əraziyə həmçinin zəng qülləsi, keşikçi qülləsi və kompleksin təhlükəsizliyini təmin etmək üçün çəkilmiş möhkəm qala divarları daxildir.

Qum bazilikası və Mamrux məbədi:
Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV-V əsrlərə aid üçnefli, günbəzli alban məbədi maraqlı quruluşa malikdir. Məbəd qədim Bizans memarlığındakı bazilika (latın dilində (basilevs-hökmdar) “hökmdarın evi” mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası da adlandırılır. Qax rayonunda yerləşən digər alban abidəsi Mamrux məbədidir. Kilsə əski dini abidənin – Ay və Günəş tanrıları məbədinin özülləri əsasında inşa edilib. Qeyd edək ki, Azərbaycanda belə alban abidələrinin sayı çoxdur. Qədim tariximizin və mədəni irsimizin tədqiqi və təbliği baxımdan böyük əhəmiyyət kəsb edən bu abidələrin qorunmasına, bərpasına dövlət səviyyəsində diqqət göstərilir.

Kiş məbədi
Şəkinin Kiş kəndindəki alban kilsəsi, ümumilikdə, Qafqazda ən qədim xristian məbədlərindən biridir. 2000-ci ildə tanınmış Norveç alimi və səyyahı Tur Heyerdalın iştirakıyla abidənin bərpası ilə bağlı birgə Azərbaycan-Norveç layihəsi başlanıb. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə Norveç Humanitar Təşkilatı arasında bağlanan müqavilə əsasında həyata keçirilən «Kiş» layihəsinin icrası zamanı kilsənin ərazisində çoxlu maraqlı sənətkarlıq nümunələri, keramika qalıqları, qızıl və gümüş əşyalar tapılıb. Tapıntılar bu məkanın qədim mədəniyyət mərkəzi olmasını sübut edir. Qazıntılar və arxeoloji tədqiqatlar müasir kilsə divarlarının V əsrdə tikilməsini deməyə əsas verir. Eyni zamanda belə bir fikir də təsdiq edilib ki, kilsə daha qədim – eramızın I əsrinə aid çoxtəbəqəli bünövrə üzərində tikilib. Layihə çərçivəsində Kiş məbədi bərpa olundu və bu işlər 2003-cü ildə başa çatdı. Sonuncu mərhələdə isə abidələrin muzeyləşdirilməsi həyata keçirildi və Kiş məbədi Qafqaz Albaniyası tarixinin muzeyinə çevrildi.

Ləkit məbədi:
Ləkit məbədi alban memarlığının ən gözəl nümunələrindən biridir. İnşaat texnikası baxımından mütəxəssislər kilsənin inşa tarixini IV-VI əsrlərə aid edirlər. Kilsə qədim Zərdüşt məbədi əsasında yaradılıb. Məbədin elmi cəhətdən öyrənilməsi və bərpa işləri XX əsrin 40-cı illərində P.D.Baranovskinin rəhbərliyi ilə aparılıb. Məbədin ətrafı meşəlikdən təmizlənib və dağılmaqda olan divarlardan biri möhkəmləndirilib. Məbədin təqribən IV əsrdə Albaniya hökmdarı III Mömün Vaçaqanın hakimiyyəti dövründə kilsəyə çevrildiyi güman edilir. Alban tarixçisi Musa Kalankatlı məhz bu hökmdarın dövründə Albaniyada xristianlığın geniş təbliğ edilməsi, digər dinlərin isə təqib edilməsi haqqında məlumat verir. Belə bir dövrdə Qafqaz Albaniyasında əski dinlərə məxsus məbədlər xristian elementləri əlavə edilərək kilsələrə çevrilib.

Yazar: İsmayıl Camalov