Ailənin sosial psixoloji təhlili. Ailə və onun funksiyaları
Ailə sosiologiyasının təməli fransız sosioloqu Fr.Le-Ple və amerikalı sosioloq, ailə məsələləri üzrə Amerika Milli Şurasının ilk prezidenti E. Berdjers tərəfindən qoyulmuşdur.
Fr.Le-Ple cəmiyyəti müşahidə etdikdə ailəni cəmiyyətin özəyi və sadə modeli kimi qəbul edirdi. Onun fikirləri Kont’un ailə haqqında “kiçik cəmiyyətlər” ideyasının təsiri altında formalaşmışdır. Le-Ple “Cəmiyyəti dərk edə bilmək üçün ailəni dərk etmək lazımdır” tezisindən çıxış edirdi.
Ailənin sosial psixoloji təhlili dedikdə onun sosial cəmiyyətdə necə bir yer tutduğu, onun psixologiyası, sosial cəmiyyətdə necə davrandığı, övladına verdiyi tərbiyə nəzərdə tutlur. Əgər biz cəmiyyətdən danışacağıqsa bu kiçik cəmiyyətin (ailənin) rolu danılmazdır. Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəmidir. Bəs ailə qavramı psixologiyada necə təhlil edilir? Ailənin psixoloji təhlilini aparaq; ata – ana, valideyn – övlad münasibətlərini araşdıraq. Ailə insanlığın, bəşəriyyətin davamı üçün vacib bir qurumdur. Və bu qədər vacib bir yerə sahib olan bu kiçik cəmiyyətin psixoloji sağlam olması önəmli faktorlardandır. Bəs niyə? Əgər bəşəriyyətə faydalı şəxsiyyətlər yetişdirmək istəyiriksə bunların təməlinin qoyulduğu yerə – ailəyə baxmalıyıq. Ailənin funksiyalarına nəzər yetirək:
1.Reproduktiv funksiya- sonrakı uşaqların doğulması ilə cinsi əlaqələrin qurulmasını əhatə edir.
2.İqtisadi funksiya – maddi şəraitin təmin edilməsi, ailə üzvlərinin maddi və bir çox başqa tələbatlarının ödənilməsi, ev təsərrüfatı ilə məşğul olmaq, ailə büdcəsinin qaydaya salınması və s. missal göstərilir.
3.Yenidənqurma funksiyası – ailə mühiti sağlamlaşdırıcı, bərpaedici təsirə malikdir. Bu cəhətin qorunub saxlanmasıdır.
4.Tərbiyə və təhsil funksiyası -uşaqların layiqli əxlaqi və psixoloji inkişafının həyata keçirilməsidir.
Ailə qurulduğu ilk andan etibarən bu funksiyaların icra edilməsi, hər kəsin üzərinə düşən öhdəliyi sahiblənməsi vacibdir. Övlad dünyaya gəldiyi zaman isə onların təlim və tərbiyəsi ilə məşğul olmaq lazım gəlir. Ata-ana münasibətlərinin rolu uşağın inkişafında danılmazdır. Və bu rol daha çox psixoloji inkişafına təsir göstərir. Sırf buna görə də, valideynlər gələcəyə bir şəxsiyyət yetişdirdiklərini unutmamalıdır. 0-7 yaş aralığında yəni xarakterin təməlinin qoyulduğu bu dövrdə valideynlər böyük rola sahibdir. Bu dünya haqqında heç bir məlumata sahib deyillər və hətta yuxudan belə qorxub ayılan o məsum körpələri hər şeylə tanış edən, onların ilk gülümsədiyi varlıqlar valideynləridir. Valideynlərin övladlarına verdiyi təlim-tərbiyə qədər vacib isə ata-ana arasındakı münasibətdir. Aralarında problem olan və bunu həll edə bilməyən, hər dəfə dava-dalaşın olduğu amma uşaqlarına daim gülümsəyən, hər ehtiyacını qarşılayan bir cütlük düşünün. Onlar həqiqətən də övladlarının hər ehtiyacını qarşılamış olurlar mı? Bu ailədə uşaq nə qədər xoşbəxt və cəmiyyətə, özünə faydalıdır? Bəli. Uşağın ən təbii və ən gərəkli ehtiyacı sevgidir. Yalnız valideynlərin verdiyi sevgi deyil, cütlüklər arasında olan bağ da uşağın inkişafına təsir edən ən önəmli ünsürdür. Valideynlik övladın qida ilə bədəni doyurmaq deyil, eyni zamanda sevgi ilə ruhunu doyurmaqdır. Unutmamalıyıq ki, heç bir uşaq dünyaya hər hansısa bir şəxsiyyət pozuntusu ilə gəlməz. Bəli… Uşaq biraz artıq səs tonundan belə travma ala bilər. Və bu travma daha pis nəticələrə gətirib çıxara bilər. Valideyn heç fərqində belə olmadan da övladı davranış pozuntusuna sahib ola bilər. Bunlara səbəb cütlüklərin valideynlərindən gördüyü tərbiyə metodunu tətbiq etmələri, müəyyən qədər bu mövzularda məlumata sahib olmamalarıdır. Valideyn –övlad münasibəti hər zaman qədərini qorumalıdır. Yəni yeri gələndə övladla dost, yeri gələndə isə ata(ana) olmaq lazımdır. Uşağa bu güvən hissi verilməlidir ki, gələcəkdə nə iləsə problem yaşasa, vacib qərarlar almalı olsa valideynlə məsləhətləşməyi, valideynin onu anlayacağını düşünsün. Uşağa da bir şəxsiyyət kimi davranılmalıdır. Fikirlərinə, arzularına, xəyallarına hörmət edilməlidir. Onları anlamalı, onlara lazımi qədər sevgi verilməlidir ki, gələcəkdə oda insanları anlasın, empati qura bilsin, onlara sevgi ilə yanaşsın. Ancaq bu zaman özgüvənli, ətrafına faydalı, vicdanlı, məsuliyyətli bir şəxsiyyət yetişəcək. Unutmayaq ki, sevginin sağaltmayacağı yara, gözəlləşdirməyəcəyi qəlb yoxdur. Ailə hər bir övlad üçün, eyni zamanda ata-ana üçün sağlamlaşdırıcı və terapiya qədər güclü təsirə malik olmalıdır. Ailə kiçik cəmiyyət olsa da, onların toplusu bütün dünyadır.
YAZAR:Firəngiz Zeynallı
HƏMÇİNİN BAX: XX əsrin I yarısında mübahisəli ərazilər və torpaq itkiləri
HƏMÇİNİN BAX: https://turaz.org/qirgizistan-ve-cenubi-koreya-tehsilde-emekdasligi-muzakire-edibler/
HƏMÇİNİN BAX: https://tehsilim.org/huseyn-cavidin-ev-muzeyinin-direktoru-beynelxalq-qarabag-arasdirmalar-konqresinde-meruze-edib/