Ağqoyunluların mənşəyi
Azərbaycan xalqının təşəkkülü prosesində iştirak etmiş qədim tayfa
birliklərindən biri də Ağqoyunlulardır. Ağqoyunlular da “türkman” adlanan etnik
qrupa daxil olmuşdur. Ağqoyunlu tayfa birliyinə daxil olan tayfaların və boyların
mənşəyi problemi Azərbaycan tarixşünaslığında araşdırılmamış və onların
Azərbaycanın etnik və siyasi tarixində oynadığı rol müəyyən edilməmişdir. Bu
əsasən Azərbaycan Sovet tarixşünaslığında ölkəmizin etnik tarixinin tədqiqata
cəlb olunmaması ilə bağlıdır. Buna görə də Türkiyə tarixşünaslığında bu
tayfalarla bağlı olan araşdırmalar maraq doğurur.
Türkiyə tarixçiləri arasında Ağqoyunlu tayfalarına bu adın verilməsi ilə bağlı fıkir birliyi yoxdur. Bu fıkir
müxtəlifliyi qədim türklərdə qoyunun (qoç) totem kimi qəbul edılibedilməməsindən doğmuşdur. Məsələnin elmi həlli, bilavasitə bundan asılıdır. Tarixçilərin bir qismi bu adın Ağqoyunlulara qədim totemleri ilə bağlı verildiyini
göstərir.M.X.Yınançın fikrincə, Ağqoyunlular qədimdən qoyun toteminə bağlı
olmuş vəislamı qəbul etdikdən sonra da bu totemə sadiq qalmış, bayraqlarına
qoyun (qoç) təsvirləri çəkdirmiş, qəbir daşlarını qoç heykəlləri şəklində
qoydurmuşlar. Ş.Q.Səfəroğlu və Ə.Müdərrisoğlu da belə hesab edirlər ki,
“Ağqoyunlu” adı türklərin islamaqədərki dövrün qoyun totemi ilə bağlıdır.
Ağqoyunlular əcdadları olan hun türklərinin ənənələrini davam etdirmişlər. Hər
iki müəllif “Ağqoyunlu” adını coğrafi cəhətlə bağlamağa çalışaraq qeyd edirlər
ki, Qoyunlu (hun) türklərinin Anadolunun cənubunda yerləşmiş boyları
“Ağqoyunlu”, Şimalında məskunlaşmış boyları isə “Qaraqoyunlu”
adlandırlmışdır. Azərbaycan tədqiqatçılarından E.Q.Mehrəliyev də
“Qaraqoyunlu” və “Ağqoyunlu” adlarındakı “qara” və “ağ” sözlərinin coğrafı
cəhət bildirdiyini göstərir.
Osman Turan Ağqoyunluların qoyunun qədim totemləri olduğu üçün bu adı qəbul etdiklərini və bayraqlarına da ağqoyun (qoç) rəsmlərini qoyduqlarını qeyd edir. Türk tarixçilərinin bir qismi türklərdə
qoyunun (qoç) totem kimi qəbul olunmadığını qeyd edir. Ağqoyunlulara bu adın
bəslədikləri qoyun sürülərinin rənginə görə verildiyini bildirir. Həmin tarixçilər
bunu, Oğuz boylarına aid onqonların əti yeyilməyən yırtıcı quşlar olması və
onqon kimi qəbul edilmiş heyvanın ətinin yeyilməməsi faktı ilə əsaslandırmağa
çahşırlar.
Avropa tədqiqatçılarından D.Dögini və C.Malkolm qeyd edirlər ki,
Ağqoyunluların bayraqlarında ağqoyun rəsmi olduğu üçün onlara bu ad şamil
edilmişdir. Bu fikir həm bəzi Türkiyə tarixçiləri, həm də Azərbaycan tarixçiləri
tərəfindən qəbul edilmişdir.Hətta son tədqiqatlarda da bu fıkir öz əksini
tapmışdır. Həmin fikirlə razılaşmaq çətindir. Çünki tayfanın, sülalənin öz adını bayrağındakı ağ qoyun rəsminə görə alması inandırıcı deyildir. Burada belə bir sual meydana çıxır.
Tayfa bayraqlarının yaranmasına qədərki dövrdə bu tayfa necə
adlanmışdır?
Belə nəticəyə gəlmək olar ki, Ağqoyunluların əski təfəkküründə qoyun (qoç)
onqon olduğu üçün bu adı yaşatmış və bayraqlarına da ağ qoyun rəsmi
qoymuşlar. Bəzi türk tarixçiləri Ağqoyunlu bayraqlarında ağqoyun rəsminin
olmadığını göstərirlər. Onlar Topqapı Saray muzeyində saxlanılan, Uzun Həsənə
aid olan ağ bayraq üzərində qoyun rəsminin olmadığını, içərisində isə “Sultan
Həsən Bahadur” sözləri yazılmış Bayandur damğasının vurulduğunu qeyd
edirlər. Qeyd olunmuş fikirlərdən belə nəticəyə gəlmək olar ki, Ağqoyunlulara
bu adın qoyunun (qoç) qədim onqonları olmasına görə verilməsi fikri tarixi
mifoloji qaynaqlarla əsaslandırıldığı üçün haqlı sayıla bilər.
Ağqoyunlu tayfa birləşməsinə daxil olmuş müxtəlif tayfaların və boyların Azərbaycanda
məskunlaşması və onların mənşəyi məsələsi ilə bağlı türk tarixçiləri arasında
fikir vəhdəti yoxdur. Tarixçilərin bəziləri orta əsrlərin Osmanlı qaynaqlarına
əsaslanaraq, Ağqoyunluların XIII əsrin sonunda Elxani Arğun xanın (1284-1291)
zamanında Orta Asiyadan Azərbaycana və Şərqi Anadoluya gəldiklərini
göstərirlər.Həmin fikir bəzi Azərbaycan tarixçiləri tərəfindən də qəbul
edilmişdir.
Ağqoyunlularla bağlı tədqiqat aparmış M.X.Yınanc Osmanlı
tarixçilərinin Ağqoyunluların Azərbaycana və Anadoluya Oğuz xanın dövründə
gəldikləri qeydindən “Oğuzu” “Arğun” oxumaqla səhvə yol verdiklərini
göstərir.M.X.Yınancın fikrincə, “Cahan ara” və “Nigaristan” əsərlərinin müəllifi
olan Qazi Əhməd Qaffari Ağqoyunluların çox qədim zamanlardan etibarən
Diyarbəkirdə yerləşdiklərini qeyd etmişdir. “Məcmə üt-təvarix” əsərinin müəllifi
Heydər Razi də həmin fikri təsdiq edir.XVI əsr tarixçisi İbrahim Hərir də “Tarixi
Humayuni” adlı əsərində Ağqoyunlu tayfalarının çox qədimdən Anadoluda
yaşadıqlarını və bəylərinin Səlcuq sultanlarının əmirlərindən olub Diyarbəkr
vilayətinin onlara iqta verildiyin bildirir.
“Səfəvi şahzadəsi Sam Mirzə öz təzkirəsində Uzun Həsənin oğlu Sultan Yaqubdan bəhs edərkən, Ağqoyunluların
əcdadlarının islama qədərki dövrdə İranın əksər vilayətlərini fəth etmiş Oğuz
xanın zamanında Diyarbəkr tərəflərinə gələrək orada yurd saldıqlarını nəzərə
çatdırır”. Ağqoyunlu tayfalarının mənşəyi ilə bağlı ən mühüm mə”lumatı
Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani “Kitabi-Diyarbəkriyyə” əsərində verir.
Müəllif “Uzun Həsənin ulu babası Ağqoyunlu dövlətinin qurucusu olmuş Qara
Yuluq Osmanı bir-bir adlarını saymaqla, Ağqoyunluların Oğuz, yəni türkman
elinin Bayandur boyundan bir sülalə olduğunu göstərir.
Mahmud Qaşğari adlarını bir-bir sadaladığı 24 Oğuz boyları içərisində Kınık və Kayıdan sonra
Bayandur boyunun olduğunu qeyd edir. Bayandur xanın, həmçinin onun
sərkərdəsi Salur Qazanın və məsləhətçisi Qorqud Ata Bayatın, yaxud Dədə
Qorqudun Orta Asiyanın Oğuz tayfalarına mənsub olduqlarını Ağqoyunlu Uzun
Həsənin 1470-ci ildə şahzadə Bəyazidə məktubundan da görmək olur: “Talenin
hüdudlarında yaşayan Bayandur xanın qəbilə və adamları, Bayat və Oğuzlar
bizim xoşbəxt dövlətimizin sahəsi altına sığınıb xilas olmuşlar”.Oğuzların
Bayandur boyundan olan Ağqoyunlular mənbələrdə çox zaman “Bayanduriyyə”
kimi təqdim edilir.
F.Sümerin qənaətinə görə, Bayandurlar XI əsrdə Səlcuq istilasında iştirak etmişdir. Əbul Qazidəki Türkmən rəvayətlərində Bayandurların XI əsrin II yarısında və ya XII əsrdə İraqda yaşayan türkmən qəbilələrinin ən
qüvvətlisi olduğuna aid bir xatirə vardır.Lakin F.Sümerin fıkrincə, Bayandur
boyunun bir tayfası olan Ağqoyunlular Şərqi Anadoluya Səlcuq istilası zamanı
deyil, daha sonralar – Monqol yüprüşləri dövründə gəlmişlər.Ağqoyunluların
mənşəyi məsələsində Türkiyə tarixçiləri arasında mövcud olan mühüm
fikirlərdən biri də onların Hun tayfalarına bağlanılmasıdır.
M.X.Yınancın fikrincə, qədimdən qoyun toteminə bağlı olduqları üçün bayraqlarına və qəbir daşlarına
qoyun (qoç) təsvirlərini həkk edən və islamı qəbul etdikdən sonra da bu totemi
tərk etməyən Ağqoyunlular erkən orta əsrlərdə böyük rol oynamış qon
(“qoyun”) türk elindən qalmış kiçik bir dəstə olmuş, qədim Qoyunlulardan
ayrılaraq Anadoluya gəlmiş və buradakı Oğuzların Bayandur boyuna daxil
olmuşlar.Z.V.Toğan “Oğuz dastanı”nın təhlili əsasında belə nəticəyə gəlir ki,
Bayandurlular digər Hun tayfaları kimi V əsrin 60-cı illərində Qafqaz Dərbəndi
yoluyla Azərbaycana daxil olmuş və Göyçə gölü – Van gölü bölgəsində
yerləşmişdilər. Z.V.Toğan IV əsrdə Azərbaycanın cənub-qərb ərazisində
yerləşmiş Ağ Hunlarla Ağqoyunlular arasında yaxın əlaqə olduğunu qeyd edir.
O, Ağqoyunluların bir hissəsinin qədim zamanlardan etibarən Azərbaycanda
olduğunu, bir qisminin isə monqol istilası dövründə Orta Asiyadan gəldiyini
göstərir.F.Kırzıoğlu da Bayburtlu Osman Əfəndinin öz əsərində istifadə etdiyi
“Bəhrül-ənsaba” əsaslanaraq yazır ki, Bayandurlar eramızın ilk əsrlərində
Xorasandan gələrək Azərbaycanın cənub-qərbində yerləşmiş, Dəmirqapı
Dərbəndi ələ keçirmiş, doqquz tümən Gürcüstan bəylərindən xərac
almışlar.M.Ə.Seyfəddini belə hesab edir ki, Ağqoyunlu tayfa birliyi öz mənşəyini
oğuz-türkmən tayfasının Səbuktəkin nəslindən almış və Orta Asiyadan XI və XIII
əsrlərdə qərbə köç edərək Azərbaycanın qərb hissəsində məskunlaşmışdır.
Bəzi tədqiqatçılar Ağqoyunluların VIII-IX əsirlərdə, digərləri isə XII-XIII əsirlərdə Orta
Asiyadan Azərbaycana köç etdiyini göstərirlər. Lakin buna baxmayaraq,
tədqiqatlar sübut edir ki, Azərbaycan xalqının soykökündə iştirak etmiş türk tayfa birliyindən biri olan Ağqoyunlular VI əsrin sonunda və VII əsrin əvvəllərində Qarabağda, Göyçə gölü ətrafında, Alagöz yaylaqlarında
yaşamışlar.Ağqoyunlu tayfa birləşməsinin başında Bayandur tayfası dururdu və
Ağqoyunlu hökmdarı adətən bu tayfadan olurdu.
Faruq Sümer yazır ki, Ağqoyunlu sülaləsi Oğuzların Bayandur boyuna mənsub olduğu üçün
hökmdarları Həmzə bəydən etibarən pullarına, fərmanlarına, bayraqlarına
Bayandur boyununun damğasını qoymuşlar. Ağqoyunlu tayfa birliyində
müstəqil Ağqoyunlu tayfası olmamışdır. Tayfa birliyində Bayandur boyu ilə
yanaşı, Oğuzların Bayat, Döğər, Çepni, İnallı boylarının Azərbaycanın cənubqərbində və Şərqi Anadoluda qışlaq və yaylaq həyat tərzi keçirmiş tayfaları və sonralar Cagirlu, Ərəbkirlu, Biçən, Düharlu, Bayramlu, Hacılu, Mosullu, Pornək, Qoca Hacılu, Uzun Həsənin Qaraqoyunlular üzərindəki qələbəsindən sonra isə
Əfşar, Sədlu, Ağmalı, Qacar, Alpout, Ağaçəri və Qaramanlu tayfaları daxil
olmuşlar. Qeyd olunmuş tayfalarla yanaşı Ağqoyunlu tayfa birləşməsinə Şeyxlu,
Əhmədli, Təbanlu, Heydərlu, Emirlu, İzzəddin Hacılu, Çavundur, Həmzə Hacılu,
Yurtçu, Süleyman Hacılu, Dodurğa, Karqın, Bağdilli kimi Oğuz-türkmən
tayfalarının daxil olduğunu görürük.
Türk tarixçiləri belə qənaətə gəlirlər ki, Ağqoyunlu tayfa birləşməsində Şeyxlü, Süleyman Hacılu, Çavundur, Dodurğa,
Döğər, Karqın, Əfşar və Beğdilli tayfaları siyasi cəhətdən ikinci dərəcəli rol
oynamışlar. Ağqoyunlu tayfaları içərisində siyasi baxımdan ən güclüləri Mosullu
və Pornəkdir. “Kitabi Diyarbəkriyyədə” Mosullu tayfasının adı 1436-cı ildən öncə
çəkilmir. Lakin o, 1451-ci ildə Uzun Həsənin müdafiə etmiş başlıca qüvvə
olmuşdur.
Uzun Həsənin teymuri hökmdarı Əbu Səid üzərindəki qələbəsində
Mosullu Əmir bəy qardaşı Sufi Xəlil mühüm rol oynamışlar. Pornək tayfasının
adı ilk dəfə Qara Yuluğ Osmanın Qaraqoyunlu İskəndərlə 1421-ci ildə döyüşü ilə
əlaqədar olaraq çəkilir, lakin o 1451-ci ildə Uzun Həsəni müdafiə etmiş
tayfalardan biri olmuşdur. Mosullu və Pornək tayfaları Səfəvilər dövründə
“Türkman” adı altında birləşərək öz varlıqlarını qoruyub saxlamışlar.Belə güman
etmək olar ki, Ağqoyunlu tayfa birliyinə daxil olmuş tayfaların əksəriyyəti əski
zamanlardan etibarən Azərbaycanda məskunlaşmış, Monqol istilası dövründə
onların bir qismi Anadoluya köç etmiş və sonralar Ağqoyunlularla qaynayıbqarışmışlar.
Ağqoyunlu tayfaları Azərbaycanın və Şərqi Anadolunun həm siyasi,
həm də etnik tarixində mühüm rol oynamışlar. Bəzi türk tarixçiləri
Ağqoyunluların ilk vətəninin Şərqi Anadolu olduğunu qeyd edirlər. Onlar
Azərbaycana və İrana məhz oradan (Şərqi Anadoludan) köçmüşlər. Türk
tarixçilərinin bu müddəaları ilə razılaşmaq çətindir. Çunki Azərbaycan türk
tayfalarının Kiçik Asiyaya miqrasiya yolu üzərində yerləşir və buranın
türkləşməsi də daha əvvəl baş vermişdir. Tədqiqatlar göstərir ki, Oğuz tayfaları VII-VIII əsrlərdən etibarən Azərbaycanda məskunlaşmışlar.
O.Şaiq yazır: “… Səlcuqlarla gələn oğuzların babaları bir neçə əsr əvvəl Azərbaycana gəlmiş və
hətta Asiya şəhərlərini belə fəth etmişdir.Eyni fikrə X.Koroğluda da rast gəlirik.
Müəllif yazır: “Oğuzlar Qafqazda və Şərqi Anadoluda Səlcuqlardan bir neçə əsr
qabaq meydana çıxmışlar. Türk alimi N.S.Banarlı göstərir ki, “Oğuzlar hələ hun
dövləti zamanından başlayaraq müəyyən kütlələr halında uzun və qısa
fasilələlərlə qərbə doğru-Azərbaycana və Anadoluya axıb gəlmişlər. Onların bu
gəlişini təsadüfi hal saymaq olmaz.
Təbiidir ki, Oğuzların bu gəlişində Bayandur boyu da iştirak etmiş və sonralar Azərbaycandakı və Şərqi Anadoludakı oğuztürkmən tayfalarının öz ətrafında birləşdirərək güclü tayfa birliyini yaratmışdı.
V.Minorski belə hesab edir ki, Ağqoyunlu tayfa birliyi Monqol istilasından öncə
mövcud olmasa da, bu birliyə daxil olmuş ayrı-ayrı boylar məskun olduqları
bölgələri Səlcuq işğalları zamanı, yəni sülalənin rəhbərliyi öz əlinə almasından
xeyli əvvəl ələ keçirmişlər.Lakin bəzi türk tarixçiləri qeyd edirlər ki,
Ağqoyunlular Qaraqoyunlu tayfaları kimi Səlcuqların yürüşlərindən çox əvvəl
Azərbaycan və Anadoluya gəlib yerləşmişlər.
Tədqiqatçıların verdiyi məlumata görə, Ağqoyunlular öncə Azərbaycanda yerləşmiş və sonralar (Monqol istilası
zamanı) Anadoluya köç etmişlər.Güman etmək olar ki, Ağqoyunlu tayfalarının
varlığı XIII əsrdəki Monqol işğallarından sonra, “fatehlərin bu yeni təbəqəsi
tərəfindən müvəqqəti olaraq maskanlanmış olduğu üçün”, Monqolların
hakimiyyətinin zəifləməsindən sonra Ağqoyunlular Bayandur tayfası ətrafında
birləşərək güclü tayfa birliyi yaratmağa müvəffəq olmuşlar. Ağqoyunlu tayfaları
Azərbaycanın, Şərqi Anadolunun türkləşməsi və siyasi tarixində mühüm rol
oynamışlar.
Faruq Sümerin qeyd etdiyi kimi, Ağqoyunlular XV əsrdəki siyasi
qələbələrilə hər tərəfdə çox mühüm rol oynamışlar. Təsadüfi deyildir ki, Faruq
Sumer Şərqi Anadolunun müasir türklərini qaraqoyunluların və ağqoyunluların
varisləri kimi qiymətləndirir.
Ədəbiyyat:
1.Yınanç M.X. Ağqoyunlular.İslam ensiklopedisi
2. Kırzıoğlu F. Dədə Qorqud Oğuznaməsi
3. Çay A. Akkoyunlu ve Karakoyunlular – Tarihte Türk devletleri
4. Əbu Bəkr Tehrani. Kitabi-Diyarbəkriyyə
5. Sumer F. Anadoluda Moqollar – Selcuk Araştırmaları dergisi
6. Sumer F. Anadoluda Moqollar – Selcuk Araştırmaları dergisi
Yazar: Vəsilə Allahverdiyeva
Həmçinin bax: İzmirdə Roma dövrünə aid 1500 illik nadir bir tapıntı üzə çıxdı
Həmçinin bax: turaz.org/boris-conson-olkesi-ile-bagli-muhum-aciqlama-verib/