Ağqoyunlu-Osmanlı münasibətləri – I hissə

Azərbaycanın Osmanlı Türkiyəsi ilə qarşılıqlı əlaqələri tariximizin lazımi səviyyədə öyrənilməmiş
problemlərindəndir. Problemin araşdırılmasının tarixşünaslığımız üçün başlıca elmi əhəmiyyəti
bundan ibarətdir ki, Azərbaycan xalqının XV-XVI əsrlərdəki inkişafı Şirvanşahlar, Qaraqoyunlu,
Ağqoyunlu və Səfəvi dövlətləri kimi geniş əraziyə malik olmuş siyasi qurumlarının tarixi ilə
bilavasitə bağlı olmuşdur. Bu dövlətlərin sosial , siyasi , iqtisadi tarixinin, onların Osmanlı
Türkiyəsi ilə qarşılıqlı əlaqələrinin dərindən öyrənilməsi ümumdünya tarixinin bəzi məsələlərinin
obyektiv həlli üçün də vacibdir.

Orta əsrlər Şərqinin Ağqoyunlu və Səfəvi dövlətləri kimi iri siyasi vahidləri qonşu dövlətlərlə geniş iqtisadi əlaqələrə malik idi. Bu feodal dövlətləri beynəlxalq münasibətlər sistemində fəal mövqe tutmuş, Asiya və Avropa ölkələrinin Osmanlı imperiyasına qarşı hərbi-siyasi ittifaqlarında başlıca rol oynamışlar.

Ağqoyunlu-Osmanlı münasibətləri məsələsinə tarixşünaslığımızda Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə əlaqələrinin səbəblərini izah etmək məqsədilə araşdırmalar aparmış tədqiqatçılar ümumi şəkildə toxunmuşlar.
İ.P.Petruşevski Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə (xüsusən Venesiya ilə) diplomatik
əlaqələrini tədqiq etmiş, Ağqoyunlu hökmdarının Avropaya meyl etməsini XV əsrin II yarısında
Osmanlı Türkiyəsinin gömrük siyasəti, habelə sultan II Mehmedin (1451-1481) qəsbkarlıq
planları ilə əlaqələndirmişdir.

C.M.İbrahimov da Azərbaycanın XV əsr tarixinə dair tədqiqatlarında İ.P.Petruşevskinin elmi nəticlərini təsdiq etmişdir. Bəzi əsərlərdə isə A ğqoyunluOsmanlı münasibətləri tədqiq edilərkən Osmanlı Dövlətinin istilaçılıq siyasəti ön plana çəkilir. Ağqoyunlu dövləti Venesiya respublikası və digər Qərb dövlətləri «Türk hücumu təhlükəsindən
ehtiyat edən» siyasi vahidlər kimi təqdim edilir. Ağqoyunlu-Osmanlı münasibətləri Y.M.
Mahmudovun əsərlərində daha geniş tədqiq olunmuşdur.

Ağqoyunlu dövlətinin Osmanlı Türkiyəsi ilə münasibətlər tarixini elmi
baxımdan düzgün qiymətləndirmək üçün bu əlaqələrin inkişaf prosesini iki
dövrə bölmək mümkündür:

1. Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsindən əvvəlki dövr
2. Ağqoyunluların Azərbaycanda hakimiyyətə gəlməsindən sonrakı dövr

XV əsrin ikinci yarasında Ağqoyunlu tayfa ittifaqı Dəclə v ə Fərat çaylarının yuxarı axarında
möhkəmlənmişdi. Diyarbəkr isə bu feodal bəyliyinin mərkəzi idi. Ağqoyunlu əmirləri ilə Osmanlı
sultanları arasında ənənəvi düşmənçilik münasibətləri vardı. Yaşar Yücel və Yılmaz Öztuna bu
düşmənçiliyin XIV əsrin sonlarında Qara Osmanın dövründə başladığını göstərir. Qazi
Bürhanəddini öldürmüş Ağqoyunlu rəisi Osman bəy Sivası almağa çalışırdı.

İldırım Bəyazidin Sivası zəbt etməsi, ağqoyunluların ən böyük rəqibi olan qaraqoyunluların osmanlıların dostu
olması bu düşmənçiliyi daha da gücləndirdi. Faruq Sümerin fikrincə, Ağqoyunlu bəyliyinin
qurucusu olmuş Qara Osmanın osmanlılarla münasibətləri daim dostluq məcarəsında
keçmişdir. Osmanlı dövləti ilə həmsərhəd olan yerlərdə Ağqoyunlu tayfa ittifaqının getdikcə
güclənməsi Osmanlı sultanlığını təşvişə saldığından, Sultan İldırım Bayəzid öz qüvvələrini toplayaraq ağqoyunlulara qarşı mübarizəyə qalxır. Vəziyyətin gərginləşdiyini hiss edən Qara Osman osmanlılar əleyhinə mübarizədə Teymurun qüvvələri ilə əlaqəyə girir. Teymur qoşunlarının Kiçik Asiyaya yürüşü zamanı onlar üçün əlverişli şərait yaradır. Ağqoyunlular Ankara döyüşündə (1402) İldırım Bəyazidə qarşı Teymurun tərəfində vuruşduqdan sonra
Ağqoyunlu-Osmanlı münasibətləri daha da pisləşdi.

Tofiq Bıyıqlıoğlu belə hesab edir ki, Teymurun istilasından sonra Osmanlı dövləti daxilində baş vermiş qarışıqlıqdan faydalanan ağqoyunlular Osmanlı torpaqlarına təcavüz etməkdən çəkinməmişdi. Bu təcavüzlər 50 ildən
artıq bir müddət ərzində baş vermişdi. Dövrün qaynaqları T.Bıyıqlıoğlunun bu iddiasını tamamilə
təkzib edir. Osmanlı sultanı I Mehmed Qazinin Qara Osmana məktubunda deyilir: «…Biz (bu
vaxtlar ərzində) onlardan (yəni Qara Osmandan) dostluq və xeyirxahlıqdan başqa bir şey
müşahidə etməmişik,.. özünüzü qədim dost və bu tərəfdən səmimi insan bilib, bu münasibətdə
heç bir dəyişikliyə yol verməyin». Məktubdan göründüyü kimi, Osmanlı Sultanı Ağqoyunlu
hökmdarı Qara Osmanla münasibətlərinin dostluq məcrasında inkişaf etdiyindən bəhs
etməkdədir. Ancaq nəzərə almaq lazımdır ki, bu dostluğun dərin özülü olmadığından, o yalnız
zahiri xarakter daşımışdır.

XV əsrin 40-50-ci illərində Ağqoyunlu tayfa ittifaqında hakimiyyət uğrunda gedən feodal mübarizələrinin ardı-arası kəsilmir və onların əllərində olan yerlər əldənələ keçirdi. Qara Osmanın dövründə qüvvətli mövqe tutan Ağqoyunlu tayfa ittifaqında başlanan və arası kəsilməyən feodal mübarizələri Osmanlı sultanlığının diqqətini özünə cəlb edir. Osmanlı dövləti ağqoyunlular əleyhinə bir sıra tədbirlər həyata keçirməyə cəhd edirsə də, əhəmiyyətli
nəticələr əldə edə bilmir. Ağqoyunlu-Osmanlı münasibətləri kəskinləşir.

Münasibətlərin kəskinləşməsində ticarət amilinin rolu

XV əsrin II yarısında beynəlxalq əhəmiyyəti olan başlıca karvan yolları Ağqoyunlu dövlətinin
ərazisindən keçirdi. Bu yollardan biri Yaxın və Orta Şərq bazarlarını Təbrizlə, Xəzər sahili
Azərbaycan bölgələrini isə, Həştərxan vasitəsilə Moskva ilə birləşdirirdi. Digər mühüm karvan
yolu Hindistanı, İranı və Azərbaycanı Qara dənizlə birləşdrən Hörmüz-Təbriz-Trabzon ticarət
yolu idi. Şərq-Qərb ticarət əlaqələrinin inkişafında Təbriz-Bursa-İstanbul yolunun da böyük
əhəmiyyəti vardı. Azərbaycan-Osmanlı və Azərbaycan-Avropa ticarət əlaqələrində Təbriz-Bursa
karvan yolu mühüm rol oynayırdı. Bu karvan yolunda başlıca məntəqə Toqat idi. Təbrizdən
gedən ticarət karvanları Toqatda Şirvan, Gəncə və Gürcüstandan gəlmiş ipək karvanları ilə
birləşir və Bursaya yönəlirdi. Aralıq dənizinin Şərqində möhkəmlənmək uğrunda Venesiya ilə
müharibəyə başlamış II Mehmed Avropa-Şərq ticarətində inhisar mövqeyinə malik olmaq
istəyirdi.

Müzəffər Arıkanın fikrincə, osmanlılar nəinki Anadoludan keçən ticarət yollarına, Şərq
ilə Qərb arasında bütün ticarət yollarına hakim olmağa çalışırdılar.Buna görə də II Mehmed
müxtəlif üsullarla avropalıların Şərqlə ticarətinə mane olurdu. O, Osmanlı Türkiyəsi
hüdudlarında toxuculuğun inkişafına ciddi fıkir verirdi. Sultan Türkiyəni Şərqdən alınmış ipəyi
toxuyaraq avropalılara hazır məhsul şəklində satan bir ölkəyə çevirməyə çalışırdı. O, bu
məqsədlə, cürbəcür məhdudlaşdırıcı tədbirlərlə Azərbaycandan gətirilmiş xam ipəyi Osmanlı
Türkiyəsindən xaricə aparılmasına maneçilik törədirdi. Azərbaycandan gətirilmiş xam ipək
əlverişli olmayan şərtlərlə Osmanlı tacirlərinə satılmalı idi. Ağqoyunluların Osmanlı ərazisi vasitəsilə Qərblə ticarət etməyə məcbur olduqlarını yaxşı anlayan II Mehmed Azərbaycan tacirlərindən çoxlu gömrük haqqı alırdı. Azərbaycandan Bursaya gedən ipək karvanlarından iki yerdə (Toqatda və Bursada) gömrük haqqı alınırdı. Xəlil İnalcik qeyd edir ki, Azərbaycan tacirləri Toqatda ikinci gömrük vergisindən çox şikayət edirdilər. Uzun Həsən isə bunu Fatehin çıxardığı haqsız bir bidət hesab edir və pisləyirdi. II Mehmedin qanunlarına görə, xam ipəyin və ipək
parçanın dəyərinin hər 100 axçasından 2 axça gömrük haqqı alınırdı.

Beləliklə, Ağqoyunlu dövləti ilə Osmanlı Türkiyəsi arasında dərin ticarət ziddiyyətləri vardı. Osmanlı dövlətinin iqtisadi siyasətinin bu məcrada gedişi Ağqoyunlu dövlətinin süqutuna səbəb ola bilərdi. Sultan II
Mehmed Şərqdən gələn ipək karvanlarından gömrük haqqı almaqla kifayətlənmirdi. O, 1453cü
ildə strateji, hərbi-siyasi, iqtisadi əhəmiyyəti olan Bosfor və Dardanel boğazlarını ələ keçirmiş,
sonra isə Şərq istiqamətində də geniş istilaçılıq müharibələrinə başlamışdı. Sultan bu zaman Ön
Asiyada mövcud olan bütün xırda feodal dövlətlərini (Qaraman, İsfəndiyar oğulları, Alaiyyə,
Zülqədəroğulları bəyliklərini, Şimali Anadoludakı Kenuya müstəmləkələrini, Trabzon və
Ağqoyunlu dövlətlərini) aradan qaldırmaq, Bütün Anadolu yarımadasını öz hakimiyyəti altında
birləşdirmək istəyirdi. O, Şərqdə ticarətdə üstünlüyü ələ almağa, imperiya ərazisində inkişaf
edən ipəkçilik istehsalını daim xammalla təmin etmək üçün «0smanlı iqtisadiyyatının şah damarı
olan Təbriz-Toqat-Bursa ipək yolunu» ələ keçirməyə can atırdı.

Digər tərəfdən iqtisadi cəhətdən böyük əhəmiyyəti olan Şərqi Anadolunun fəth olunması nəticəsində osmanlılar Təbriz-Hələb, Təbriz-Bursa ipək yolunun tam nəzarətini ələ keçirmiş olurdular. Bu iki yol Osmanlı xəzinəsinin
böyük gəlir mənbəyi olacaqdı. Xəlil İnalcik belə bir nəticəyə gəlir ki, Bursanı Yaxın və Orta Şərqin
ən böyük ticarət mərkəzi olan Təbrizlə birləşdirən bu ipək yolu Osmanlı fəthlərini Şərqə doğru
istiqamətləndirən əsas amil idi. II Mehmedin Təbriz-Bursa yolu üzərində hakim olmaq təşəbbüsü
Ağqoyunlu dövləti ilə Osmanlı dövləti arasında uzunmuddətli və ağır bir mübarizəyə gətirib
çıxaracaqdı. Osmanlı Sultanı dövrün başlıca ipək mənbəyi olan Azərbaycanı, habelə bütün
Cənubi Qafqazı fəth etmək niyyətində idi.

Trabzon məsələsi

Sultan II Mehmedin Trabzon yunan dövlətini aradan qaldırmaq cəhdləri də AğqoyunluOsmanlı ziddiyyətlərini kəskinləşdirdi. II Mehmed Trabzonu tutmağa və beləliklə özünün başlıca
rəqibi olan Ağqoyunlu dövlətini Qara dənizə çıxış yolundan məhrum etməyə, onun Qərblə
əlaqələrini kəsməyə can atırdı. Səlahəddin Tanselin fikrincə, Fateh Trabzonu almaqla Şərq ilə
Qərbi birləşdirən böyük dəniz ticarəti yolunun nəzarətini öz əlinə keçirmiş olardı.XV əsrin II
yarısında Şərq istiqamətində Osmanlı işğallarının güclənməsi şəraitində Ağqoyunlu-Trabzon
münasibətləri daha da möhkəmləndi. 1459-cu ildə Murad bəyin başçılığı ilə Ağqoyunlu elçiləri
İstanbula gəldilər və Trabzonun osmanlılara verdiyi bacın ləğv olunmasını, Dəspinə xatunun
crəddini , Sivas-Kayseri bölgəsinin ağqoyunlulara təslim edilməsini tələb etdilər.

II Mehmed bu tələbi rədd etdi. İstanbuldan mənfi cavab alan Uzun Həsən Trabzon yaxınlığında mühüm strateji
məntəqə olan Qoyluhisarı 1460-cı ilin baharında ələ keçirdi. Yaşar Yücel və B.S.Baykal Əbu Bəkr
Tehraninin verdiyi məlumatlara əsaslanaraq yazırlar ki, bu zaman Fateh sultan Mehmed sülh
arzusu ilə «Muş Əli» adlı bir elçi göndərmişdi. Uzun Həsən bu elçini böyük əmirlərindən olan Xurşid bəylə birlikdə Fateh Mehmedin yanına göndərmiş, «Trabzon və ətrafındakı qalalarla bağlı
tələblərini» Osmanlı hökmdarına bildirmişdi. Fateh Mehmed bu tələbləri qəbul etmiş və
əmirlərinə xəbər göndərərək Trabzon torpaqlarına hücum etməməyi, bu bölgəni Uzun Həsənin
təbəələrinə həvalə etməyi tapşırmışdı. Beləliklə, iki dövlət arasında baş verə biləcək böyük bir
münaqişənin qarşısı alınmışdı. Bəkir Sidqi Baykal Sultan Mehmedin Uzun Həsənin tələblərini
qəbul etməsinin səbəbini, Fatehin daha vacib olan Mora səfərinə hazırlaşmağında görür.Lakin II
Mehmed Trabzonu işğal etmək fıkrindən əl çəkməmişdi.

Səlahəddin Tansel Ağqoyunlularla münasibətdə II Mehmedin tərəddüd etməsinin səbəbini, «Uzun Həsənın təcavüzlərinin artması Fatehə qəti olaraq bunu anlatmışdı ki, özünə arxadan zərbə vura biləcək bir dövləti bitərəf
etməsə, Trabzona yürüş təhlükəli ola bilər» Buna görə də « II Mehmed Trabzon probleminin
həllini təxirə salmış, Uzun Həsənlə vuruşmaq üçün ordusunu Ərzincana yeritmiş və Yassıçəmən
adlanan yerdə ordugah qurmuşdu». Türk tarixçiləri arasında bu məsələyə münasibətdə fikir
ayrılığı mövcuddur. Bəkir Sidqi Baykal və Yaşar Yücel Səlahəddin Tanselin fikrinə qarşı çıxaraq
göstərir ki, Fateh Mehmedin başlıca hücum hədəfi Uzun Həsən deyil, Trabzon olmuşdur. Bu
dövrdə Ağqoyunlu dövləti çox çətin vəziyyətə düşmüşdü. Çünki Uzun Həsən keçmiş rəqibi olan
qaraqoyunlularla mübarizə aparırdı.

Teymuri hökmdarı Əbu Səid də Qaraqoyunlu dövləti ilə ittifaq bağlamışdı. Ağqoyunlular iki təhlükə arasında qalmışdılar. Beləliklə, o zaman hələ kiçik feodal bəyliyi olan Ağqoyunlu dövlətinin aradan qaldırılması təhlükəsi yarandı. Vəziyyəti düzgün qiymətləndirən Uzun Həsən Yassıçəmənə – II Mehmedin hərbi düşərgəsinə bir elçi heyəti
göndərdi. Əbu Bəkr Tehraninin verdiyi məlumata görə, Fateh II Mehmed Uzun Həsənin yanına
elçi göndərərək sülh bağlamağı təklif etmişdi. O, yazır: «Rum padşahı Uzun Həsənə elçi göndərdi
və bildirdi ki, əgər o, anası Saray Xatunu sülh üçün onun yanına göndərərsə, sülh bağlamağa,
Trabzona olan iddialarından imtina etməyə hazırdır».

Ağqoyunlu elçilərinə Saray Xatun başçılıq edirdi. Bəkir Sidqi Baykal Əbu Bəkr Tehraninin verdiyi məlumatların doğru olduğunu qəbul edir və Uzun Həsənin anasını Fatehin yanına yollamağa razı olmasının səbəbinin cavabsız qaldığını yazır. Bütün Yaxın və Orta Şərqdə böyük nüfuzu olan Saray Xatun Osmanlı sultanının hərbi
düşərgəsində yaxşı qarşılandı.

Qaynaqların verdiyi məlumata görə, danışıqlar zamanı Saray Xatun II Mehmed bır-birinə «ana» və «oğul» deyə müraciət etmişlər. Saray Xatun bu danışıqlar zamanı özünün bütün diplomatik bacarığından istıfadə etdi və Uzun Həsənin birinci tapşınğını yerinə yetirə bildi: II Mehmedi Ağqoyunlu dövlətinə qarşı müharibə etmək fıkrindən daşındırdı. Rəşad Əkrəmə görə, iki ölkə arasında, ağqoyunluların Osmanlı dövlətinə, habelə onun
himayəsindəki ərazilərə hücum etməməsi, Osmanlı qoşunlarının Trabzona hücumu zamanı
Ağqoyunlu dövlətinin bitərəf qalması şərtilə sülh müqaviləsi bağlandı.Bu sülh müqaviləsinin
Ağqoyunlu dövləti üçün böyük əhəmiyyəti oldu. Məhz Saray Xatunun bağladığı bu müqavilə
nəticəsində o zaman Osmanlı imperiyası ilə toqquşmağa qadir olmayan kiçik Ağqoyunlu dövləti
öz müstəqilliyini saxlaya bildi. Lakin Saray Xatunun bütün səylərinə baxmayaraq, II Mehmedi
Trabzon fəthindən çəkindirmək mümkün olmadı.

Yaşar Yücel II Mehmedin Trabzon fəthi ərəfəsində Uzun Həsənlə olan münasibətlərini təhlil edərək belə bir nəticəyə gəlir ki, nə Uzun Həsən Fatehi Trabzon fəthindən çəkindirmək üçün qəti bir təşəbbüsdə olmuş, nə də Fateh onu
tamamilə bitərəf etməyə çalışmışdı. Üstünlüyün Fateh tərəfində qaldığı və Uzun Həsənin
«şəfaət» diləməsi haqqında Osmanlı rəvayəti qəbul oluna bilməz. Çünki, Fateh bütün Trabzon səfəri boyunca Uzun Həsəndən çəkinmişdi və onun arxadan edəcəyi hücumdan ehtiyat etmişdi.
İbn Kamalın çox gözəl bildirdiyi kimi Sultanın Saray Xatunu özü ilə götürməsi də bunu sübut edir.
1461-ci ilin 26 oktyabrında Trabzon zəbt edildi. Şəhərin əldən getdiyini görən Saray Xatun öz
gəlininin (Dəspinə xatunun) Trabzon taxtına olan varislik hüququnu irəli sürdü. O, bundan
istifadə edib Trabzon xəzinəsini sultanla bölüşdürdü. Yaşar Yücel bunu, sultanın danışıqlar
zamanı Saray Xatuna bəzi şeylər vəd etməsi ilə əlaqələndirir.

Yaşar Yücel və Əli Sevim yazırlar ki, Sultan Fateh Uzun Həsənin ölkəsinin sərhədlərinə gələn zaman orduda girov olaraq götürülmüş Saray Xatunu bir elçi heyəti və Trabzon xəzinəsindən əldə olunmuş hədiyyələrlə oğlunun yanına
göndərdi. Osmanlı heyəti Uzun Həsənlə mövcud olan müqaviləni «Şərq sərhədlərinin təhlükəsiz
olması şərtilə təzələdi». Osmanlı sultanı bu tədbir vasitəsilə qərbdəki istilalarını həyata
keçirərkən öz arxasını təhlükəsizləşdirmək istəyirdi. Trabzonun fəth olunması nəticəsində
Ağqoyunlu dövləti nəinki öz müttəfiqini, habelə Qara dənizə olan yeganə çıxış yolunu da itirdi.
Ağqoyunlu-Osmanlı münasibətləri xeyli kəskinləşdi.

Ədəbiyyat:
1. Mahmudov Y.M. Azərbaycanın Avropa ölkələrilə əlaqələri. Bakı, 1986;
2. SümerF. Ağqoyunlular
3. İnalcik H. Osmanlılar-İslam ansiklopedisi
4. Tansel S. Osmanlı kaynaklarına göre Fateh Sultan Mehmedin siyasi ve
askeri faaliyeti
5. Baykal B.S. Fateh Sultan Mehmed-Uzun Həsən rəqabətində Trabzon
məsələsi

Yazar: Vəsilə Allahverdiyeva 

Həmçinin bax: Həyatın xüsusiyyətləri

Həmçinin bax: tehsilim.org/rus-dili-uzre-qiymetlendirme-aletlerinin-tekmillesdirilmesi-layihesinin-icrasina-baslanilib/