Ağqoyunlu dövlətinin siyasi tarixi

Qaraqoyunlularla mübarizə, dövlətin yaranması

Ağqoyunlu dövlətinin siyasi tarixi İ.H.Uzunçarşılının, M.X.Yınançın və F.Sümerin əsərlərində xüsusi tədqiqat mövzusu kimi araşdırılmışdır. Z.V.Toğanın, Ə.Şərif bəyin, F.Kırzıoğlunun, Y.Öztunanın və K.Gürünün əsərlərində də ağqoyunlularla bağlı olan mühüm məlumatlar öz əksini tapmışdır. Ağqoyunluların mənşəyi, Ağqoyunlu-Qaraqoyunlu və Ağqoyunlu-Osmanlı münasibətlərini ayrıca araşdırdığımız üçün burada, Ağqoyunlu dövlətinin yaranması, onun daxili siyasəti, Ağqoyunlu-Teymuri münasibətləri və dövlətin süqutu məsələlərinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsini müəyyənləşdirməyə çalışacağıq. Türk tarixçilərinin əsərlərində ağqoyunluların Azərbaycanda siyasi hakimiyyətə sahib olana qədərki dövrdə – Şərqi Anadoluda mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin yaranması və Qara Osmanın rəhbərliyi altında XV əsrin əvvəllərində bu dövlətin keçdiyi inkişaf yolu geniş şəkildə tədqiq olunmuşdur. 1435-ci ildə Qara Osmanın ölümündən sonra Ağqoyunlu taxt-tacı uğrunda onun varisləri arasında uzunmüddətli mübarizə başladı və o, 1453-cü ildə Uzun Həsənin qələbəsi ilə başa çatdı. Uzun Həsənin Ağqoyunlu bəyliyində hakimiyyətə keçməsinin ilkin mərhələsində feodal çəkişmələrinin arası kəsilmədi, lakin Ağqoyunlu feodal əyanları Uzun Həsənin böyük nüfuzu ilə hesablaşmalı oldu. Uzun Həsənin daxili çəkişmələrə son qoymağa çalışaraq mərkəzi Diyarbəkir şəhəri olan Ağqoyunlu bəyliyini daha da möhkəmləndirmək və bu dövlətin ərazisini Azərbaycanın mərkəzi ərazilərinin hesabına genişləndirmək, Azərbaycanın cənub torpaqlarında dövlət hakimiyyətini ələ keçirmək məqsədilə orada hökmranlıq edən qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, öz əyanlarına böyük imtiyazlar və vədlər verməklə onlan ətrafında sıx surətdə birləşdirməyə nail oldu. Uzun Həsən 1457-ci ilin iyununda Diyarbəkir yaxınlığında Rüstəm bəyin rəhbərliyi altında Qaraqoyunlu ordusunu ağır məğlubiyyətə uğratdı. F.Sümerin qeyd etdiyi kimi, bu qələbə Uzun Həsənin mövqeyini möhkəmləndirmiş və ona böyük hökmdarlarla eyni cərgədə durmağa imkan vermişdi. XV əsrin 60-cı illərinin ortalarında İspirdən Urfaya, Şərqi Qarahisardan Sirtə qədər uzanan bölgələr Uzun Həsənin hakimiyyəti altında idi. Qaraqoyunlu əyanları arasındakı arası kəsilməyən çəkişmələr və bu mübarizənin Qaraqoyunlu dövlətinə olan ağır təsiri, Qaraqoyunlu dövləti daxilində tədricən kəskinləşən ziddiyyətlər Uzun Həsən üçün fəaliyyət meydanı açdı və qaraqoyunlulara qarşı döyüşlərdə onun qələbə çalmasını asanlaşdırdı. Ağqoyunluların dövlət hüdudlarının getdikcə genişlənməsini görən Cahanşah rəqibə qarşı həlledici döyüşə can atdı. 1467-ci ilin 11 noyabr gecəsi cüzi qüvvə ilə Çəpəkcur yaxınlığında Səncəq adlı yerdə gecələyən Cahanşah Uzun Həsənin 6 minlik qoşununun hücumuna məruz qalmış, qaraqoyunlular məğlub olmuş və
Cahanşah öldürülmüşdü. Bu məğlubiyyətdən sonra Cahanşahın oğlu Həsənəli Qaraqoyunlu ordusunu öz ətrafında birləşdirməyə nail olmuş, lakin 1468-ci ilin avqustunda Mərənd yaxınlığında Ağqoyunlularla döyüşdə məğlubiyyətə
uğramışdı. Beləliklə, 1468-ci ildə Qaraqoyunlu dövləti süqut etdi və mərkəzi Təbriz şəhəri olan Ağqoyunlu dövləti yarandı. F.Sümerin fikrincə, Ağqoyunlu dövlətinin sərhədləri qərbdə Sivasa bağlı müasir Su şəhərindən Kirmanın
Narmasir şəhərinə qədər uzanırdı. F.Kırzıoğlu belə hesab edir ki, Ağqoyunlu dövlətinin sərhədləri qərbdə Fərat çayı sahillərinə, Şərqdə Herata, şimalda Qafqaz dağlarına, cənubda Bəsrə körfəzinə qədər uzanmışdı. .X.Yınanç qeyd
edir ki, Ağqoyunlu dövlətinin ərazisi səltənətin mərkəzi əyaləti olan Azərbaycan ilə, mərkəzi Amid olan Diyarbəkri (yəni, bütün Şərqi Anadolu), mərkəzi Bağdad olan Ərəb İraqını, Mərkəzi Şiraz olan Fars əyaləti ilə, İsfahan, Kirman, Qəzvin və Arran əyalətlərinə ayrılmışdır. Ağqoyunlu dövləti öz daxili quruluşu baxımından Qaraqoyunlu dövlətindən əsaslı şəkildə fərqlənmirdi. Uzun Həsənin hakimiyyəti dövründə Ağqoyunlu dövlətinin tərkibinə Azərbaycanın Kür çayına qədərki bütün cənub torpaqları, Ermənistan, Kürdüstan, Diyarbəkr, İran İraqı, Ərəb İraqı, Fars və Xorasan sərhədlərinə qədər olan torpaqlar daxil idi.

Ağqoyunlu-Teymuri münasibətləri

Ağqoyunluların Azərbaycanda və şimal-qərbi İranda hakimiyyəti ələ alması Teymuri hökmdarı Əbu Səidi narahat etməyə başladı. Teymurilər Ağqoyunlu dövlətinin genişlənməsinə imkan verməmək məqsədilə Uzun Həsənin
Azərbaycandakı hakimiyyətinin ilk günlərindən onun əleyhinə mübarizəyə girişdilər. Türk tarixçilərinin əsərlərində Ağqoyunlu-Teymuri münasibətləri haqqında müəyyən fıkirlər irəli sürülmüşdür. Ağqoyunlu-Teymuri münasibətləri
Teymurun XIV əsrin sonunda Azərbaycana yürüşü zamanı Ağqoyunlu Qara Osmanın onun himayəsinə sığınması ilə təşəkkül tapmışdı. Teymurun ölümündən sonra da Ağqoyunlu-Teymuri münasibətləri dostluq məcrasında inkişaf etmişdi. F.Sümerin və İ.Akanın əsərlərində Şahruxun Azərbaycana yürüşləri zamanı Qara Osmanın ona hərbi yardım etdiyi ətraflı surətdə işıqlandırılmışdır. Azərbaycan-Teymuri münasibətləri XV əsrin 50-ci illərinin sonunadək dostluq şəraitində davam etmişdi. 1458-ci ilin iyunuda Cahanşahın Xorasanı ələ keçirməsi və Teymuri hökmdarı Əbu Səidlə sülh müqaviləsi bağlaması Ağqoyunlu-Teymuri münasibətlərinə öz təsirini göstərmişdi. Ağqoyunlular şərqdə ən güclü müttəfiqlərini itirdilər. Cahanşahın ölümündən sonra Teymuri sultanı Əbu Səid Cahan şahın oğlanlarını müdafiə etmək bəhanəsilə öz qüvvələrini Azərbaycana yeritdi. Türk tarixçiləri Teymuri hökmdarının Azərbaycana vürüşünün səbəblərini geniş şəkildə izah etmirlər. F.Sümer sultan Əbu Səidin Azərbaycana Cahanşahın oğlu Həsənəlinin dəvəti ilə gəldiyini qeyd edir. İsmayıl Aka göstərir ki, Teymuri hökmdarı Azərbaycanda yaranmış vəziyyətdən istifadə etməyə çalışırdı. Sultan Əbu Səidin Azərbaycana hücumunun səbəbi onun Qərbi İranı və Azərbaycanın cənub hissələrini öz dövlətinin tərkibənə daxil etmək, tabeliyində olan vilayətlərin sayını daha da
artırmaq istəyi idi. Uzun Həsən sultan Əbu Səidin xeyli qüvvə ilə hərbi yürüş təşkil etdiyini eşidərək Teymurilərlə toqquşmaq fıkrindən çəkindi. O, məsələni münaqişəsiz həll etmək üçün diplomatik işlərdə şöhrət qazanmış anası Saray Xatunun başçılığı ilə Xorasanın Kalbun adlanan yerində qərarlaşmış sultan Əbu Səidin yanına qiymətli hədiyyələrlə bir heyət göndərdi və sülh təklif etdi. Ağqoyunlu elçiləri Teymur zamanından aralarındakı dostluğu xatırladaraq yenə dostluq əlaqələrinin qalmasını arzu etdiklərini bildirmişdilər. Sultan Əbu Səid Uzun Həsənə tac, qızıl kəmərlə qılınc göndərdi, lakin hərbi yürüşü dayandırmadı. A.Bakıxonov yazır ki, mahir dilomat qadının səyləri Əbu Səidi öz cəhdlərindən çəkindirə bilmədi. Ağqoyunlu tarixçisi Əbu Bəkr Tehrani öz əsərində Uzun Həsənin Sultan Əbu Səidin yanına göndərdiyi elçilər arasında Saray Xatunun deyil, Murad bəyin, qazi Əlaəddin Əlinin və Rüstəm
Mehmandarın ayrı-ayrı vaxtlarda göndərildiyini göstərir. Çünki Əbu Səid qonşuluğunda yaranmış, tədricən qüvvətlənməkdə olan Ağqoyunlu dövlətindən ehtiyat edirdi. Azərbaycanın içərilərinə doğru irəliləyən sultan Əbu Səid 1468-ci ilin 10 oktyabrında Miyanə yaxınlığından Uzun Həsənə göndərdiyi məktubunda yazırdı : «Teymur bütün ölkələri zəbt edib böldüyü zaman Təbriz taxtını böyük babam Miranşah Mirzəyə vermişdi. Tanrının yardımına sığınaraq… Azərbaycan vilayətini zəbt edib, babamın yurdunu əvvəlki üsul ilə taxt etmək üçün gəlmişəm… Teymur babam Osman bəyə Diyarbəkr vilayətin vermişsə…, mən sənə Tanrının köməkliyilə Misir, Rum (Anadolu) vilayətlərini alıb verərəm».
Sultan Əbu Səidin bu məktubundan aydın olur ki, o, Azərbaycana yürüş etməklə onu zəbt etmək və Uzun Həsənə Anadolu torpaqlarını vəd etməklə ağqoyunluları Azərbaycandan uzaqlaşdırmaq istəmişdi. Sultan Əbu Səid 1468-ci ilin sonunda havaların soyuduğunu nəzərə alaraq Qarabağda qışlamağı qərara aldı. Lakin Uzun Həsən buna imkan vermədi. Teymuri hökmdarlarının Şirvanşah Fərrux Yasarın yardımından istifadə etmək cəhdləri özünü doğrultmadı. Cığatay ordusuna taxıl göndərməsinə baxmayaraq Fərrux Yasarın yardımından istifadə etmək cəhdləri özünü doğrultmadı. Cığatay ordusuna taxıl göndərməsinəbaxmayaraq Fərxux Yasar sonralar fıkrini dəyişmiş, Uzun Həsənə elçi yollayıb onunla ittifaqa girmişdi. İ.P.Petruşevski mənbələrin məlumatına əsasən yazır ki, Uzun Həsən o zaman Şirvanşahın yanına elçi göndərmiş, ona kömək edəcəyi təqdirdə Şirvana sülh və təhlükəsizlik vədi vermişdi. Əbu Bəkr Tehrani qeyd edir ki, Uzun Həsən vaxtilə Cahanşah Mirzənin mülazimlərindən olmuş Əmir Əbdülhəqqi Şirvanşah Əmir Fərrux Yasarın yanına elçi göndərdi və məhəbbətini bildirib xoş sözlərlə onu ümidvar etdi. Həsən bəy Rumlu qeyd edir ki, əgər Sultan Əbu Səidlə Fərrux Yəsar arasındakı ixtilaf yaranmasaydı, Uzun Həsən qalib gələ bilməzdi. 1469-cu ilin əvvəllərində Uzun Həsən Əbu Səidi məğlub etmiş və Əbu Səid əsir alınaraq öldürülmüşdü. Uzun Həsən Teymuri taxtına öz müttəfiqi olan Yadigar Məhəmmədi əyləşdirmiş, lakin 1470-ci ildə Hüseyn Bayqara onu hakimiyyətdən uzaqlaşdırmış və hakimiyyəti öz əlinə almışdı. İsmayıl Aka qeyd edir ki, Uzun Həsən qərbdə başqa məsələlərlə məşğul olduğuna görə, şərqdə öz müttəfiqinə yardım göstərə biməmişdi. M.X.Yınançın fikrincə, Uzun Həsən 1471-ci ildə sultan Hüseyn Bayqara ilə sülh bağlamış və şərqdə müharbə aparmaqdan əl çəkərək əsas diqqətini qərbə yönəltmişdi. Türk tarixçilərinin əsərlərində Uzun Həsənin ölümündən sonra Ağqoyunlu-Teymuri münasibətlərində baş vermiş dəyişikliyə dair heç bir məlumat verilmir. İlk mənbələrin məlumatından aydın olur ki, Ağqoyunlu-Teymuri münasibətləri XV əsrin 80-cı illərində dostluq məcrasında inkişaf etmişdi. Fəzlullah ibn Ruzbihan Xunəci 1487-ci ildə Teymuri hökmdarı Hüseyn Bayqaranın Nizaməddin Aşik Məhəmməd Arğun adlı elçisinin Sultan Yaqubun yanına xüsusi hədiyyələrlə gəldiyi haqda məlumat verir. Sultan Hüseyn Bayqarının məktubunda hər iki dövlət arasındakı qədim dostluq münasibətlərindən bəhs edilmişdi. Mənbələrdə sultan Hüseyn Bayqara tərəfindən Kamaləddin Hüseynin sultan Yaqubun yanına elçi göndərildiyi haqda da məlumat verilir. Fəzlullah ibn Ruzbihan Xunəci 1489-cu ilin fevral ayında sultan Hüseyn Bayqaranın iki ölkə arasındakı dostluq əlaqələrini bərpa etmək məqsədilə göndərdiyi elçinin sultan Yaqub tərəfındən qəbul edildiyi barədə məlumat verir. Mənbə məlumatlarına görə, XV əsrin sonunda Ağqoyunlu-Teymuri münasibətləri dostluq şəraitində inkişaf etmişdir.

Ağqoyunluların daxili vəziyyəti və süqutu 

Uzun Həsənin hakimiyyət başına gəldiyi illərdə şəhərlilər və kəndlilər üzərinə qoyulmuş vergi və mükəlləfiyyətlər çox ağır idi. Burada toplanan müxtəlif vergilərin miqdarı getdikcə artırdı. Bu, nəinki geniş xalq kütlələrinin vəziyyətini ağırlaşdırırdı, hətta ölkənin mədaxilinin azalmasına səbəb olur, onun iqtisadi əsasını zəiflədirdi. Uzun Həsən mükəlləfiyyət və vergilərin miqdarını müəyyənləşdirmək, zorakılığın qarşısını almaq, vergi toplayan məmurların xəyanətlərinə son qoymaq məqsədilə vergi işlərini nizama salan «Qanunnamə» tərtib etdirdi. F.Sümer bu fikirləri müdafiə edərək yazır ki, Uzun Həsənin «Qanunnamə»si kəndlilərdən, sənətkarlardan və tacirlərdən alınan vergiləri qaydaya salmağı nəzərdə tutmuşdu. O, hətta bütün hərbi vergiləri ləvğ etməyə çalışmış, lakin mülki və hərbi idarəçilərin etirazları ilə qarşılaşmışdı. Şərəfxan Bidlisi yazır ki, Uzun Həsən «rəiyyət vergisi almaq üçün İran, Fars və Azərbaycan padşahlarının indi də (XVI əsrdə-T.N.)» əməl etdikləri qanun vermişdi». Uzun Həsənin «Qanunnamə»si Osmanlı tərəfindən bir müddət, Səfəvilər tərəfindən isə uzun zaman ərzində istifadə edilmişdir. F.Sümer bu sənədi Ağqoyunlu dövlətinin İslam aləminin maliyyə tarixinə mühüm bir töhfə kimi qiymətləndirir. Uzun Həsənin əsaslı tədbirlərinə baxmayaraq, arzuolunan səviyyədə mərkəzi hakimiyyəti yarada bilməmiş, Sultan Yaqubun (1478-1490) ölümündən sonra Ağqoyunlu dövlətində daxili mübarizə şiddətlənmişdi. M.X. Yınanç Sultan Yaqubun olümündən sonra Ağqoyunlu dövlətində güclənən daxili çəkişmələrin, Sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətində baş verən hadisələrə bənzədiyini göstərir. F.Sümerin fikrincə, səltənəti ələ keçirmək üçün başlanmış üsyanlar, Ağqoyunlu dövlətini fəlakətə doğru aparırdı. İ.P.Petruşevski qeyd edir ki, Uzun Həsənin vəfatından sonra Ağqoyunlu dövlətinin daxili zəifliyi üzə çıxdı, Bayanduri sülaləsinin müxtəlif şahzadələrini səltənət taxtına çıxarmaq və onların adından dövləti idarə etmək üçün tayfa əmirləri arasında mübarizə başladı.M.X. Yınanç rəqiblər arasında davam edən mübarizəni səciyyələndirərək belə bir nəticəyə gəlir ki, daxili müharibələr ölkəni viran qoymuş, şəhərlər və kəndlər dağılmış və hər tərəfdə qorxunc bir səfalət başlamışdı. Daxili müharibələr nəticəsinsində bir-birinə düşmən olan əmirlər öz tayfaları ilə əvvəldən hakim olduqları məmləkətlərə müstəqil şəkildə hakim olmuşlar. Osmanlı sultanı II Bəyazidin yardımı ilə 1497-ci ilin mayında Ağqoyunlu taxtını ələ keçirmiş Gödək Əhməd bəzi islahatlar keçirdi, lakin onun bu tədbirləri Ağqoyunlu əmirlərinin güclü etirazı ilə qarşılaşdı. F.Sümerin fikrincə sultan Əhməd Ağqoyunlu dövlətində sabitlik və sakitlik yaratmaq üçün son ümid idi. 1497-ci ilin 13 dekabrında Gödək Əhmədin öldürülməsindən sonra hakimiyyət uğrunda mübarizə daha da kəskinləşdi. Bu mərhələni Ağqoyunlu dövlətində hökmranlıq etmək uğrunda varislərin qızğın mübarizəsi dövrü kimi qiymətləndirmək olar. M.X.Yınanç qeyd edir ki, Sultan Əhmədin ölümündən sonra Ağqoyunlu dövlətində tamamilə hərc-mərclik başlamışdı. F.Sümer belə
qənaətə gəlir ki, Sultan Əhmədin ölümündən sonra dövlət sürətlə dağılmağa doğru getmişdir. Hakimiyyət uğrunda Əlvəndlə Murad arasında gedən mübarizə 1500-ci ildə Əbhər yaxınlığında Baba Xeyrullah adlı dərvişin vasitəçiliyi
sayəsində dayandırılmış, bağlanmış müqaviləyə əsasən Ağqoyunlu dövləti Qızılüzən çayı sərhəd olmaqla onlar arasında bölünmüşdü. Diyarbəkir, Azərbaycanın Kür çayından cənuba doğru olan torpaqları Əlvəndin, bütün İraq, Fars və Kirman məmləkətləri Muradın hakimiyyəti altına keçmişdi. F.Sümerin fıkrincə, səltənət uğrunda gedən mübarizənin başlıca səbəbi hökmdarların kiçik yaşda olması, ədalətsizlik və hakimiyyətə olan qızğın hərislik olmuşdur. XV əsrin sonunda Ağqoyunlu dövlətində hakimyyət uğrunda davam etmiş qanlı döyüşlər, daxilən möhkəm olmayan, siyasi cəhətdən parçalanmış dovlətin süqutunu obyektiv zərurətə çevirmişdi. MX.Yınanç göstərir ki, Ağqoyunlu dövlətində səltənət vərasəti işinin bir qanuna və ya ənənəyə bağlanmaması, mərkəzi hakimiyyətin
zəifliyi, dövlətin hər tərəfində şahzadələrin və xənədana mənsub əmirlərin müstəqilliyinin tanınması, səltənəti ələ keçiriməyə çalışan şahzadələrlə, bir-birinə düşmən kəsilən və ayrı-ayrı şahzadənin tərəfində duran əmirlərin apardığı mübarizə dövlətin süqutuna səbəb olmuşdur. M.X.Yınançın bu fikrini N.Cağatay da müdafiə edir. İ.H.Uzunçarşılı da belə hesab edir ki, Sultan Yaqubdan sonra uşaqların kiçik yaşda olması, ailə üzvləri arasında hakimiyyəti bir əldə toplamağa layiq olan hökmdarların çıxarılmaması və daxili müharibələr Ağqoyunlu dövlətini sarsıtmış, dövlətin süqutuna səbəb olmuşdur. F.Sümer bu haqda yazır: «Tariximizdə səltənət varasəti işinin möhkəm bir qaydaya bağlanması dövlətin başına qüdrətli şəxsiyyətlərin keçməsinə imkan versə də, taxt-tac qovğaları türk dövlətlərinin inkişafının qarşısını alır, başlıcası isə onların zəifləməsində və süqutunda əsas amil olurdu. Məhz dövlətinin yıxılmasında da bu, xüsusi amil olmuşdur». Beləliklə, daxilən böhran keçirən Ağqoyunlu dövləti 1501-ci ildə Şah İsmayıl Səfəvinin zərbələri altında dağılmış və onun yerində Azərbaycan Səfəvilər gövləti yaranmışdı.

İstifadə olunan Ədəbiyyat:
1. İ.P. ” XV əsrdə Azərbaycan dövlətləri”
2. Aka İ. “Teymurun ölümündən sonra Şərqi Anadolu”
3. Sümer F. “Ağqoyunlular”
4. Yınanç M.X. “Ağqoyunlular. İslam ensiklopediyası”

Yazar: Allahverdiyeva Vəsilə

Həmçinin bax: Vyana Konqresi

Həmçinin bax: turaz.org/ramazan-bayraminda-karantin-rejimi-sertlesdirile-biler-aciqlama/