ABŞ vətəndaşı olan Nikol nələr edir?.. – Asryan

ABŞ vətəndaşı olan Nikol nələr edir?.. – Asryan

Nikol Paşinyan və qurduğu hökumət xarici siyasət, iqtisadi, sosial, tibbi və bütün sahələrdə məğlubiyyətə düçar olub.

Axar.az xəbər verir ki, bu barədə Vahid Ermənistan Partiyasının sədri Xaçik Asryanın məktubunda deyilir.

Onun sözlərinə görə, Ermənistan Paşinyanın sayəsində bütün dost və müttəfiq dövlətlərlə düşmən olub:

“Amerika vətəndaşı olan Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistanın xarici siyasətinin əsas istiqaməti İrəvanın yeganə strateji müttəfiqi olan Rusiyanı düşmən dövlət kimi təqdim etmək cəhdidir”.

Asryan bildirib ki, Ermənistan iqtisadiyyatı günü-gündən zəifləyir və bu, koronavirus pandemiyası səbəbindən deyil, məhz Nikolun iqtisadiyyata və biznesə fərdi, qrup yanaşması səbəbindən baş verir:

“Kifayət qədər vəsaitin olmadığı Ermənistanda kapital axını müşahidə edilir. Çünki heç bir sahibkar acgözlüyü və səlahiyyətlərindən sui-istifadə edərək insanların əmlakını ələ keçirməyə çalışdığı, iş yerlərinin məmurların gündəlik hücumuna məruz qaldığı bir ölkəyə investisiya qoymaq istəmir”.

Asryan əlavə edib ki, Paşinyan, həmçinin Ermənistanın ali hökumətinin ölkədə səhiyyə sisteminin normal fəaliyyətini əsaslı şəkildə pozmaqda günahkardır:

“İnsanlar təkcə koronavirusdan deyil, bir çox digər xəstəliklərdən də ölürlər. Çünki artıq xəstəxanalarda yer yoxdur, Nikol Paşinyan və hökumət üzvləri koronavirus pandemiyasını ciddiyə almadıqlarına görə insanlar tibbi yardımdan məhrum olublar. Ermənistan digər ölkələrin əlaqə qurmaq istəmədiyi, keçmişdə cüzam xəstələrindən necə qaçırdılarsa, elə bir vəziyyətə, yəni səhra dövlətinə çevirib”.

Erməni siyasətçinin fikrincə, Nikol Paşinyanın hakimiyyəti əlində saxlamaq üçün yeganə ümidi Ermənistanda diktaturanın qurulmasıdır: “İstisna deyil ki, Paşinyan gələn ay öz saxta parlamentinə mülki şəxslərin mitinq və aksiyalar keçirməklə bağlı Konstitusiya hüququnu məhdudlaşdıran qanun qəbul etməsini sifariş versin”.

 

Mənbə: axar.az

Xəbərçi: Nuray Ələkbərova