ABŞ-ın nüfuzlu nəşrində Ermənistanın təxribatçı siyasətini ifşa edən məqalə dərc olunub

ABŞ-ın nüfuzlu nəşrində Ermənistanın təxribatçı siyasətini ifşa edən məqalə dərc olunub

ABŞ-ın nüfuzlu “The National Interest” nəşrində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Fuad Çıraqovun “Ermənistandakı mütərəqqi görsənən təbəddülat regional xaosa yol aça bilər” adlı məqaləsi dərc edilib.

24Media-nın məlumatına görə, məqalədə Ermənistandakı hakimiyyət dəyişikliyinin Azərbaycan-Ermənistan arasındakı münaqişəsinin həllinə müsbət təsir etmədiyi vurğulanıb. Müəllif bildirib ki, 2016-cı ildə olduğu kimi, 2020-ci ildə də Ermənistan dünyanın ən militarist 3 ölkəsindən biridir.

Fuad Çıraqovun fikrincə, baş nazir Nikol Paşinyanın demokratik dəyişikliklər və islahatlar hekayəsi onun yeni hökuməti və xarici auditoriyasının yumşaq gücünə çevrilib: “Paşinyan hökumətinin rəsmiləri bu əhvalatları öz xarici siyasət və işğala haqq qazandırmaq istiqamətində istifadə edir”.
Onun sözlərinə görə, Ermənistandakı demokratikləşmə iddiası qonşu ölkə vətəndaşlarının hüquqlarının pozulmasına səbəb olmamalıdır.

Siyasi ekspert Ermənistan tərəfinin Dağlıq Qarabağdakı rejimini müstəqil bir tərəf kimi göstərməyə çalışmasını anlamsız, yorucu və münaqişənin həllinə faydasız olduğunu vurğulayıb. Müəllif qeyd edib ki, Ermənistanda pandemiya dövründə belə ölkə daxilindəki siyasi opponentlərə qarşı təqiblər və konstitusiyanın qeyri-qanuni dəyişikliyi populyar demokratikləşmə əhavalatlarına ziddir.
Məqalədə həmçinin ötən ay Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko, Avropa Parlamentinin Ermənistan üzrə daimi məruzəçisi Trayan Bessesku və nümayəndə heyətinin sədri Marina Kalyurandın Ermənistan və işğal olunmuş Dağlıq Qarabağ arasında yeni magistral yolun inşası ilə bağlı birgə məlumat yaydığı, açıqlamada rəsmilərin yol inşasının beynəlxalq hüquqa zidd olduğu, məruzəçilərin Ermənistan rəhbərliyinin bu təşəbbüsündən təəssüfləndiyi və münaqişənin həllinə əngəl olduğu vurğulanıb.

F.Çıraqov vurğulayıb ki, Dağlıq Qarabağdakı rejimin keçirdiyi saxta seçkilərdən sonra Azərbaycanın işğal altında olan Şuşa şəhərində baş nazir Nikol Paşinyanın iştirakı ilə andiçmə mərasimi keçirilməsi də Ermənistanın növbəti təxribatlarındandır.
Qeyd edək ki, “The National Interest” beynəlxalq münasibətlər haqqında jurnaldır. Onun rəhbəri sovet mühaciri Dmitri Saymsdır. Jurnalı qeyri-hökumət təşkilatı olan Milli Maraqlar Mərkəzi dərc edir. Mərkəzi 1994-cü ildə ABŞ-ın sabiq prezidenti Riçard Nikson yaradıb.

Mənbə: 24Media.az
Jalə Hüseynova