Dilimizi genişləndirək

 

Bu günlərdə ” AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun 75 illiyinə həsr olunmuş elmi konfransa məruzələr  qəbul olunur”-kimi bir elana rast gəldim. Orada bildirilirdi ki, bu yubiley münasibətilə “Dilçiliyin aktual problemləri” mövzusunda noyabrda beynəlxalq elmi konrans keçiriləcək. Burda Azərbaycan dilçiliyinin aktual problemləri, ədəbi dil və dil normaları qloballaşma şəraitində, ümumi və nəzəri dilçilik məsələləri, türkoloji tədqiqatların müasir aspektləri, terminologiya və onomastika məsələləri, linqvistik mətnşünaslıq və dil tarixi bölmələri üzrə mövzular müzakirəyə çıxarılacaqdır.

İstərdim ki, indi yazacağım fikirlər bu konfransda məruzə kimi səsləndirilsin.

Azərbaycan gəncliyi, sizləri də bu mövzuda fikir və təkliflərinizlə bölüşməyə səsləyirəm. Beləki, dil hamımızındır. Ona görə bu haqda təklif vermək üçün dilşünas və ya ədəbiyyatşünas olmaq şərt deyil.

Fikirlərimə gəlincə…

Əvvəlcədən onu deyim ki, mən dilşünas deyiləm, 55 yaşım var və bioloqam. Lakin dil ilə bağlı məsələlərə biganə qala bilmirəm…

Demək istədiklərim isə bunlardır:

  • Mən son illər tez-tez danışığımda müasir Türkiyədə aktiv işlədilən, bizdə isə dəqiq qarşılığı olmayan sözlər işlədirəm. Mənə təəccüblə baxırlar, irad bildirənlər də tapılır. Mənim izahım belədir:” bu sözlər bizim dildə də var. Axı kök-ana dilimiz -Türk Ailə qrupuna aid olan dildir. Sadəcə onlar işlənməyə-işlənməyə sıradan çıxmışlar. Qardaş Türkiyə türkləri isə onları canlı saxlamışlar.”(məsələn, “çaba” sözü işlətdiyimiz “çabalamaq” sözünün kökü deyimi? Və ya “bəklənti” sözü, dilimizdəki ” kiminsə bəkçiliyini çəkmək” ifadəsindəki “bəkçi” sözündən yaranmayıbmı? Digər misal-“alıntı”sözü “almaq” sözü ilə eyni kökə malik deyilmi. Bu cür misallar çoxdur. (alqı-alqılamaq, farkında olmaq-fərqində olmaq, və s) Düşünürəm ki, kökə enəndə, dil eynidir, qrammatik qaydalarda fərq var.)

 

Azərbaycan dilindəki “şey” sözü  haqqında xüsusi danışmaq istəyirəm. Bizim dildə bu sözü işlətdikdə, bu ya ayıb mənaya gələn bir sözün işlənməsi kimi, ya da  danışıq qabiliyyəti yaxşı olmayan  bir insanın  nitqi kimi alqılanır. Ancaq Türkiyə mediyasına nəzər yetirdikdə, onların jurnalisdən tutmuş, böyük alimlərinə qədər – hamısı bu sözü aktiv şəkildə işlədirlər. Bu isə  danışıqda düşünməyə vaxt qazandırır, bununla da nitqi səlisləşdirir, danışığı asanlaşdırır. Səhv etmirəmsə, bu cür sözlərə “alaq sözlər” deyilir. Cümləyə məna vermir, lakin cümlələri, sözləri axıcı şəkildə bir-birinə bağlayır.

Bunlar hamısı, düşünürəm ki, işlədilməlidir. Necə ki, başqa dillərdə də bunların aktiv şəkildə istifadə olunduğunu görürük. Bu cür sözlərin və söz birləşmələrinin sayının artırılması dilin axıcılığını artırır, arada pauzanın (fasilənin) olmasının qarşısını alır. (“Şey” sözü bunlardan biridir.) Bizdə də “şey” sözünün normal bir söz olduğunu göstərmək üçün, onun adi insanlar tərəfindən rahat işlədilməsinə təhrik etmək üçün, ədəbi mühitdə, TV və mediyada  alimlərimiz və üzdə olan insanlarımız tərəfindən bu söz məqsədyönlü şəkildə, hər kəsə nümunə olacaq şəkildə işlədilməlidir.

Düşünürəm ki, danışıq dilini səlisləşdirmək, asanlaşdırmaq üçün mümkün olan bütün sözlər işlədilməlidir. Məlumdur ki, dildə nə qədər çox sinonim sözlər olarsa, bir o qədər dil zəngin sayılır və o dildə danışmaq daha rahat olur. (Danışıq zamanı bir söz yada düşməsə, digər sinonim söz yada düşə bilir.) Təəssüf ki, bizim ana dilimizdə bir söz varsa, onun sinonimləri arxa plana atılıa-atıla, işlənməyərək arxaikləşmişdir. Elə bil ki, “bizim dildə ancaq bir söz olsa, bəsimizdir”- düşüncəsinin təzahürünü görürük. Düşünürəm ki, arxaik adlanan sözləri və ya kök dilimiz olan Türk dili qrupundan uyğun bildiyimiz sözləri, dilimizi zənginləşdirmək adına, dilimizə yenidən qazandırmalıyıq.

  • Toxunmaq istədiyim digər məsələ…

Mən sovet dövrünün şəhər mühitinin bir fərdi kimi, rus dili müəllimi çox yaxşı olmuş bir insan kimi rus dilini həm qrammatikasını, həm də danışıq formasını qədərincə bilirəm. O dövrdə ən yaxşı elmi və bədii ədəbiyyat daha çox rus dilində idi. Ətrafımız rus dillilər ilə zəngin idi. SSRİ dağılandan sonra Rusiya TV kanallarının Azərbaycana translyasiyası dayandırıldı və bir neçə il ədəbi rus dili ilə bağ itdi. Sonra ödənişli antennaların köməyi ilə Rusiya kanalları ilə əlaqə bərpa olundu. Mən bu kanallardakı proqramlara baxdıqda heyrət etdim. TV-də və mediyada nə qədər yeni, əvvəlllər işlənməyən sözlər istifadə edilməyə başlanmışdır. Hətta bunların arasında, necə deyərlər, блатной ( küçə sözləri”(pis mənada))  sözlər də çoxlu çeşiddə işlədilirdi. Müqayisə göstərir ki, ruslar, onsuz da  çox zəngin olan dillərini daha da zənginləşdirmək üçün çox şey etmişlər.Hətta bayağı, əvvəllər yaxşı sayılmayan, mədəni mühitdə işlədilməyən sözləri də işlətməkdən çəkinməyiblər.

Hal-hazırda mən rus dilində bir çox online vebinarlara qatılıram. Və nə qədər müasir, yeni sözlərin (xüsusilə kompyuter texnikası ilə bağlı) işlədildiyini heyrətlə izləyirəm. Düşünürəm ki, bizdə də bu məsələlərlə  bilvasitə məşğul olan qurumlar olmalıdır. Biz öz dilimizin qeydinə qalmalıyıq. Hansısa sözləri arxaikdir , az işlənir deyə kənara atılmamalıdır. Əksinə onlar canlı dilimizə qazandırılmalıdır. Onların işlək vəziyyətə gəlməsi üçün addımlar atılmalıdır. Bir sözlə Azərbaycan dilinin zənginliyi reallaşdırılmalıdır.Özümüzü indiki Türkiyənin danışdığı dildən ayırmamalıyıq. Çünki, onlar da öz dillərindəki sözləri hardansa götürməyiblər, ana kök olan türk dili qrupundan götürüblər. Baza-qaynaq eynidir. Bu qaynaqdan biz də alnıaçıq istifadə edə bilərik.Bu vəzifə əsasən dilşünasların və ədəbiyyatşünasların öhdəsinə düşsə də, unutmayaq ki, bu dilin canlı daçıyıcıları və yaşadanları bizik. Bu prosesdə biz də dilin zənginləşdirilməsinə öz töfhəmizi verə bilərik.

Yazar:  Zərrə