30 illik Qarabağ həsrətinin sonu

Qədim Azərbaycan dövlətinin ən dilbər guşəsi olan Dağlıq Qarabağ ərazisi tarixin müxtəlif mərhələlərində düşmənlərin təcavüzünə məruz qalmışdır. Sonuncu təcavüzdən 30 ildən artıq vaxt keçir. Dövlətimizin hər cür səyinə baxmayaraq, hiyləgər düşmən təcavüzdən əl çəkmədi, əksinə hər gün cürbəcür təxribatlar törədərək qan tökməyə davam etdi. 2020-ci ilin iyul ayının 12-sindən 13-nə keçən gecə xaincəsinə hücum edərək generalımız Polad Həşimovla birlikdə neçə-neçə igid əsgərlərimizi də şəhadətə yetirdilər. Bundan sonra bütün xalqımız ayağa qalxdı. Artıq bıçaq sümüyə dirənmişdi. Cənab Prezidentimiz İlham Əliyevin bircə kəlməsi ilə yüz minlərlə qəhraman-Azərbaycan oğulları könüllü olaraq ordu sıralarına yazıldılar.

Bildiğimiz kimi sentyabrın 27-də düşmənin növbəti genişmiqyaslı təxribatına cavab olaraq şanlı Azərbaycan Ordusu qətiyyətlə əks-hücuma keçdi. Hər gün yeni qələbələr əldə edərək düşmənə sarsıdıcı zərbələr vurdular. Bütün xalq kiçikdən böyüyə kimi bir yumruq kimi birləşərək ordumuza dəstək oldu. Analar böyük iftixarla balalarını ön cəbhədə düşmənlə vuruşmağa göndərdilər. O analar ki, öz şəhid övladlarının tabutunu fəxrlə çiyinlərində daşıdılar. Şəhidlər üçün yazdığım şeiri sizinlə paylaşmaq istəyirəm:

Qəlbimizi dağ eylədin,

Şəhidim üzün ağ olsun!

Üzümüzü ağ eylədin,

Vətənin başı sağ olsun!

Şəhidim, üzün ağ olsun!

 

Şirin candan keçib getdin,

Düşmənləri biçib getdin,

Şəhadəti içib getdin,

Yerin behiştdə bağ olsun

Şəhidim,üzün ağ olsun.!

 

Yağının belin bükmüsən,

Sinəsinə dağ çəkmisən,

Murova bayraq dikmisən,

Məzarın ulu dağ olsun

Şəhidim, üzün ağ olsun!

Bu gün Azərbaycan xalqının bir gözü ağlayırsa, bir gözü də gülür. Şəhidlərimizin müqəddəs qanı ilə suvarılan Qarabağ bu gün yenidən doğulmuşdur. Biz qəhrəman şəhidlərimizlə daim fəxr edirik. Onların bizə əmanət qoyub getdiyi övladlarını öz canımız kimi sevəcək, məğrur analarının qarşısında hörmət və ehtiramla təzim edəcəyik.

Cəfakeş xalqımızın, rəşadətli ordumuzun və Ali Baş Komandanımız İlham Əliyevin sarsılmaz birliyi bizi bugünkü qələbəyə çatdırdı. Artıq, 30 illik həsrətimiz sona yetdi. Qəhrəman şəhidlərimizin ruhu şad oldu.

Allaha minlərlə şükürlər olsun ki, bu gözəl günləri bizlərə nəsib etdi. Şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan!

YAZAR: Gülnar Nəzərli

 

Həmçinin bax: Azərbaycanda qadın hüquqlarının inkişafı

Həmçinin bax: https://turaz.org/hikmet-haciyev-twitter-profilinin-berpasina-gore-her-kes-tesekkur-etdi/