27 Sentyabr anım günü
BİLİK VƏ BARIT QOXULU SENTYABR
Sentyabr ayların ən gözəli, ən sancılısı, ən kədərlisi və ən məğrurudur… Sentyabır ayı illərdir qaranlıq ömrümüzü biliyin işığı ilə aydınladırdı. Hər il hamı sentyabrın gəlişini xüsusi səbirsizliklə gözləyirdi. Qızıl payızın ilk aylarından olan bu ayda otların, çiçəklərin, ağacların ömründə xəzan çağı olsa da bizim üçün illərdir elmin, biliyin başladığı ay olmuşdu. Çünki, 15 sentyabırda yeni tədris ili başlayırdı. Təbiətdə xəzan ayı başlasada ömrümüzdə bir canlanma başlayırdı bu ayda. Məktəbə gedən şagirdlərin də ali təhsil ocağında olan tələbələrin də sevinci bir idi. Yeni biliklər öyrənmək, öyrənəcəyimiz fənlər arasında tarix elminin isə ayrı yeri var idi. Tariximizi öyrəndikcə qürur duyduğumuz məqamlarda olurdu, kədərləndiyimiz, nifrətdən alovlandığımız anlarda. Hər dəfə Qarabağın tarixini öyrəndikcə həsrətin soyuğu qılınc kimi parçalayırdı ürəyimizi. 30 il davam edən bu ağrı çox dözülməz idi. Nəhayət 2020 -ci il 27 sentyabrda illərdir öyrəndiyimiz biliyimizlə qalxdıq vətənin xaincə vücudunda qoparılan göz nurunun -Qarabağının müdafiəsinə. Vətən sevgisi qolumuza qüvvət, biliyimiz isə bu çətin yolumuza günəş oldu. 27 sentyabrda cəbhədə toplar guruldayır, silahlar susmurdu. Odlar yurdunun aslanları səhərin sübh çağında vətənin müdafiəsinə qalxaraq tariximizə yeni bir tarix yazmağa başlamışdılar. Hər gün hər saat cəbhədən müjdəli xəbərlər alırdıq. Bir an belə durmadan Qarabağa doğru irəliləyirdi vətənimin məğrur igidləri. Cəbhədə yalnız müharibə yox savaş dərsi gedirdi. İgidlər öz müqəddəs qanlarıyla tariximizə yeni bir tarix yazarkən həm də dünyaya haqq, hüquq, ədalət, vicdan dərsi verirdi. Dövlət -xalq -ordu birliyindən doğan dəmir yumruqla düşmən darmadağın edilirdi. Hər bir qarış torpağımız işğaldan azad olduqca xarı bülbülün ətri daha yaxından duyulurdu ana yurdumuzda. Gecənin zülmətini azadlığın günəşi addım-addım qovalayaraq cənnətin gözəl qoxusunu doldururdu dünyamıza. Analar bir gözü ilə şəhid balalarını ağlayır bir gözü ilə vətənin azadlığına təbəssüm edirdi. Vətən oğullarının çəkdiyi nərə nəinki düşmənin bağrını yarırdı, həm də yeri -göyü lərzəyə gətirirdi. Sanki Yaradan öz ordusunu yerə endirmişdi. Dünyanın gözü Qarabağda gedən savaş dərsində idi. Bu dərs sinif otaqlarında keçilən qırx beş dəqiqəlik tarix fənninə 44 günlük Vətən müharibəsi olaraq düşdü. Artıq sentyabır ayını bilik və barıt qoxulu ay olaraq yad edirik. Qarabağın azadlığının başladığı tarix də, buludların torpağa düşən sevinc və kədər qarışıq göz yaşları da, Vətən üçün canını qurban verən oğullarımızın ayrılığının hüznü də sentyabrdan başlayır. Qürurlanmağa və kədərlənməyə aid hər şey var bu ayda. Vətənin səmasında azadlıq göyərçininə dönüb qanad çalaraq yüksəklərə ucalan şəhidlərimizin çin olan arzuları da, yarımçıq qalan xəyalları da sentyabrdadır. Şəhidlik məqamına ucalan oğullarımızın ardından yarpağını tökmüş ağac kimi solğun görünən anaların, ataların, bacıların, övladların kədəri də, biliyin və gücün qələbəsinə gedən yolun ilk həmləsi də ondadır. Azadlığımızın, birlik və bərabərliyimizin, qürurumuzun simvoluna çevrilən şəhidlərimizin anım günü də bu aydadır. Cəbhədə şəhidlərin nur üzünü öpən küləyin o xoş, o ilıq titrəyişi də ondadır. Durğunlaşmağa, səssizləşməyə, qürurlanmağa aid hər şeyin başlanğıcıdır sentyabr.
Yazar: İlahə Allahverdiyeva (Naxçıvan Dövlət Universiteti “Jurnalistika”ixtisası üzrə III kurs tələbəsi)
həmçinin bax Vətən Müharibəsi Qəhrəmanı şəhid Baş Leytenant Adil İbrahimlinin xatirəsi yad edilib
həmçinin bax https://tehsilim.org/mekteblerde-bufetlerin-faliyyetine-dair-telebler-melum-olub/