Hər şey Vətən üçün!
Hər şey Vətən üçün!
Qarabağ müharibəsi qazisi ilə müsahibə
08.07.2020
Sovet dövrünün gözəl mənəvi abu-havası Vətənimizdən keçib getdikcə, acımasız kapitalist iqtisadiyyatının mənəvi dəyərləri ölkəmizdə və digər post-sovet məkanlarında bərqərar olduqca, daima mənəviyyatın pozulması, əvvəlki münasibətlərin qalmaması haqqında söhbətlərin şahidi olurduq.
Lakin dərindən düşündükcə, mənim indi müsahibə aldığım şəxs kimi insanları tanıdıqca, milli-mənəvi dəyərlərin keçmişdə qalmadığını görürük.
Həqiqətən də Rəhman bəylə müsahibə zamanı onun fikirlərini dinlədikdən sonra, Vətənimizin etibarlı əllərdə olduğunun bir daha şahidi oldum.
Onun həyat yolu haqqında sizlərə qısa məlumat vermək istərdim.
Rəhman bəy 1993-cü ildə Azərbaycanın dilbər guşələrindən biri olan Lənkəran şəhərində anadan olmuşdur. O, Bakının Qaradağ rayonunda yerləşən, Seyfulla Məmmədov adına tam orta məktəbi 2011-ci ildə xüsusi fərqlənmə ilə bitirmişdir. Elə həmin il də həqiqi hərbi xidmətə çağırılmış, il yarımlıq əsgərliyini də eynilə xüsusi fərqlənmələr ilə başa vurmuşdur. Həqiqi hərbi xidmətdən dönər-dönməz özü könüllü olaraq hərbiçi olmağı seçmişdir. O, Silahli Qüvvələrin Təlim-Tədris Mərkəzində fəaliyyət göstərən Gizirlər kursuna daxil olmuşdur. Kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin müvafiq əmrinə əsasən qoşunların Füzuli rayonu istiqamətində ön cəbhədə taqım komandirinin müavini kimi xidmətinə yenidən başlamışdır. Xidməti dövründə, xüsusi fərqlənmələrinə görə yuxarı komandanlıq tərəfindən bir neçə fəxri fərman ilə təltif olunmuşdur. Bir neçə yüksək vəzifələrdə Vətənə xidmət etmisdir.
O, 28.12.2014-cü ildə düşmən təxribatının qarşısını alarkən, düşmən gülləsinə tuş gələrək ağır şəkildə başından yaralanmışdır. Allahın möcüzəsi sayəsində sağ qalmağı bacarmış gizir Əzizzadə, sağ gözünü tam, sol gözünün görməsini isə 8%-dək itirmişdir. Başında, gözündə və çiynində yüzdən artıq metal qəlpələr gəzdirir.
2015-ci ildən Silahlı Qüvvələrdən ehtiyyata buraxılmışdır. Hal hazırda II qrup Qarabağ müharibəsinin Əlili, Qarabağ müharibəsinin Veteranı, ehtiyatta olan Gizirdir.
-Rəhman bəy, mən sizin bu az yaşınıza baxmayaraq uzun və şərəfli həyat yolunuzu qısaca anlatdım. Mənim görmədiyim, sizin üçün isə önəmli olan məqamlar qaldımı? Bölüşmək istədiyiniz məqamlar varmı?
-Demək olar ki, siz, mənim həyat yolum haqqında qısaca da olsa kifayət qədər məlumat verdiniz .
-Bu qəhrəman həyat yolunuza gedişiniz necə oldu? Mənə uşaqlığınızdan bir az danışın. Məktəbli ikən ağlınıza gələrdimi ki, hərbiçi olacaqsınız və bu cür şanlı həyat yolunuz olacaq?
-Mən ilk öncə sizə təşəkkür etmək istərdim. Çünki Siz Qarabağ Qazilərindən müsahibə götürür, onların həyat və döyüş yolları ilə maraqlanır və bu haqda məlumatları gənc nəslin nümayəndələri ilə bölüşürsünüz. Əslində Vətənə xidmət etmək, təkcə əlində silah tutub səngərdə dayanmaq demək deyil. Hər kəs sahib olduğu peşəsi ilə xalqına, dövlətinə xeyir və fayda verirsə, bu da özlüyündə Vətənə xidmət etmək deməkdir. Mən sizin bu işinizi Vətənə xidmət etməyiniz kimi qiymətləndirirəm.
Əlbəttə ki, bu gün hər hansısa bir peşənin sahibini, onu o peşəyə gətirəcək bir uşaqlıq illəri vardır. Həmçinin də mənim öz uşaqlıq illərim olduğu kimi. Əksər hərbiçilər də olduğu kimi mənim də bu peşəyə ta uşaqlıqdan maraqım olmuşdur. Atam hərbiçi olduğu üçün ailəmiz hərbi-şəhərcikdə yaşayıb. Gözümü açandan demək olar ki, hərbiçilərin içində böyümüşəm. Yadıma gəlir məktəbli vaxtı yaşadığımız şəhərcikdə bir əsgər dostum var idi. Hamı onu soyadı ilə çağırdığı üçün mən də onu soyadı ilə çağırırdım. Onun soyadı Cabbarov idi. Şəhərciyimizdə generala məxsus olan bir xidməti hərbi mənzil var idi. Cabbarov da oranı mühafizə edirdi. Mən hər gün evdən yemək götürüb onunla birlikdə orada yeməyə gedərdim. Sözün açığı hərbinin gözəl yeməkləri var idi. Mən hərbinin o yeməklərini çox sevdiyim üçün o da öz yeməyindən mənə verərdi. Bu cür böyüdükcə gələcəkdə hərbiçi olmaq istəyim günü-gündən artırdı. Hərbiçi olmaq uzaqdan baxanda çoxlarına ağır və məsuliyyətli bir peşə kimi görünə bilər. Ancaq hərbi formanı daşıyan, xalqına və dövlətinə sədaqətlə xidmət edənlər üçün bu nə çətin, nə də yorucu bir peşə deyildir. Tam əksinə hərbi qulluqçular hər zaman öz peşələri ilə daima fəxr etmişlər.
– Çox sağ olun. Sözləriniz məni təsirləndirdi. Düşünürəm ki, siz demişkən, hər kəs Vətən qarşısında nə isə etməyə borcludur. Mənim isə Vətənimə verdiyim yarar, cəmiyyətə iki layiqli övlad yetişdirmək olub.
Rəhman bəy, necə oldu ki, il yarımlıq həqiqi hərbi xidmətinizi bitirib geri döndükdən sonra yenidən hərbiçi olmaq qərarına gəldiniz?
– Bildiyiniz kimi mənfur qonşularımız ermənilər xalqımızın başına olmazın müsibətlər açıb, torpaqlarımızı işğal ediblər. Vətəndaşlarımıza soyqırımlar törədiblər, körpələrimizi qətlə yetiriblər. Belə bir şəraitdə qəti qərara gəldim ki, hərbçi olacam və Şəhidlərimizin hər axıdılan qanlarının qisasını ermənilərdən alacam. Hərbiçi olduğum üçün də qürur duyuram. Baxmayaraq ki, əlilliyə görə bu gün ehtiyata buraxılmışam. Sizi əmin edirəm ki, Ali Baş Komandan Cənab İlham Əliyevin əmri ilə hər zaman döyüşə hazıram.
-Hərbiçi olmaq sizi həyatda bir şəxsiyyət kimi necə dəyişdi?
-Uca Allah hər zaman buyurmuşdu ki, sizinlə döyüşənlərlə siz də döyüşün. Bizə döyüş elan edən Ermənistan ordusu qarşısında dik durmuşam. Hər bir döyüşçü çox gözəl bilir ki, onu meydandan ya Şəhid olaraq çıxaracaqlar, ya da ki, yaralı olaraq. Ən uca məqam olan Şəhidlik zirvəsinə ucala bilməsəm də, o uca məqama bir pillə qalmış al-qan içində yaralı şəkildə geri qayıtmışam. Bu gün mən Qarabağ Qazisi adını daşıyıram və bununla da fəxr edirəm.
– Biz də sizinlə fəxr edirik.
Hərbiçi olmağınızın şəxsiyyətinizə gətirdiyi mənfi xüsusiyyətləri oldumu?
-Hərbiçi olmaq Vətən uğrunda ölümə hazır olmaq deməkdir. Vətən uğrunda ölümə hazır olanların seçdiyi yol ən gözəl yoldur. Bu yolun heç bir mənfi xüsusiyyəti ola bilməz.
– Düşmən deyəndə hansı hissləri keçirirsiniz? Düsmənlərimiz kimlərdir?
-Körpə balalarımızı amansızcasına qətlə yetirən, Şəhidlərimizin qanına əli bulaşan erməniləri və onların havadarlarını məhv etmək istəyirəm. Torpaqlarımızın işğal olunmasında əli olan, ölkəmizdə qan salmaq marağında olan, ölkəmizin pis gününə sevinən hər kəs Azərbaycan xalqının düşmənidir.
– Valideynləriniz sizin bu şücaətlərinizi necə qarşıladılar?
– Xatırladım ki, mənim atam da ehtiyyatda olan hərbiçi və müharibə Qazisidir. Valideynlərim məni hər zaman vətənpərvərlik ruhunda tərbiyə ediblər. Mənə hər zaman deyiblər ki, əgər yaxşı bir hərbiçi və yaxşı bir insan olmaq istəyirsənsə, onda bu torpaqları çox sev, onun üzərində nə varsa, hamısını daha çox sev. Onların duası ilə hər zaman hərəkət etmişəm.
– Herbi heyatınızda ən cox yadda qalan məqamlar varmı? Nəyi heç unuda bilmirsiniz?
-Hərbi həyatı elə bir həyatdır ki, onu hər günü, hər saatı belə yadda qalan olur. Hərbiçi yoldaşlar ilə gözəl və unudulmaz günlərimiz çox olub. Ancaq mənim üçün ən unudulmaz günlər, Azərbaycan ordusunun qarşısında tab gətirə bilməyən mənfur düşmənlərimiz olan erməni hərbiçiləri tez-tez silahsız və günahsız cəbhə yanı kəndlərdə yaşayan vətəndaşlarımıza atəş açmaqlarıdır. Əlbəttə ki, bu da onların qorxaq və aciz olmalarından xəbər verir.
-Haqlısınız.
Hərbi yuxular görürsünüzmü?
-Bəli, bir gün yuxumda özümü Şəhid olmuş kimi görmüşəm. Görürəm ki, böyük bir dağ kimi yerdi. Orada mənim məzarım var. Mənə məxsus olan həmin məzarı gördüm. Gördüm ki, baş daşı yox, aşağıda olan daş ki var ha, həmin o daşda, mənim hərbi formada otluqda uzanılmış, istirahət edirmişəm kimi bir şəklim vardır. Yadıma gəlir bir gün mən xidmətdə olduğum müddətdə, o yuxuda gördüyüm dağa oxşar ərazidə, həmçinin də həmin yuxumdakı qəbir daşında gördüyüm şəkil kimi bir şəkil çəkdirmişdim. Özü də xidmət zamanı hansı geyim forması ilə şəkil çəkmişdimsə, yuxuda gördüyüm geyim forması da o idi. Xatırladım ki, əvvəl ordumuzun geyim forması ayrı cür idi. Reallıq ilə yuxumun üst-üstə düşməsinin səbəbini Allahdan gələn nəyəsə bir işarət olduğu kimi qəbul edirəm.
– Allah xeyirli elesin. Yuxunuzun mənası, yəqin buna işarətdir ki, sizin kimi gənclər artıq sağlıında heykəli qoyulmağa layiq insanlardır.
Müharibələrə səbəb olan insanlara nə deyərdiniz?
-Müharibələrə səbəb olan insanların nə dini-imanı olar, nə də ki, Allahdan qorxusu. Bir gün hər kəs dünyasını dəyişəcək. İstərsən şah ol, istərsən nökər. Gedəndə yalnız ağ kəfən aparacaqsan. Elə isə dünya malına görə zalım olmağa dəyməz. Allah zalimə hər zaman lənət edib.
–Sizin bu gənc yaşınızda-27 yaşında, göstərdiyiniz şücaətlər Dövlətimiz tərəfindən layiqincə dəyərləndirilibmi? Hansi mükafatları almısınız?
-Xatırladım ki, Vətən yolunda ölümü gözə alanlar nəyinsə qarşılığında deyil, Vətənə olan sevgilərinə görə xalqımıza, dövlətimizə xidmət ediblər. Əlbəttə dövlətimiz bu cür insanları hər zaman dəyərləndirir, onların sosial və məişət problemlərinin həlli istiqamətində böyük işlər görür. Ölkə rəhbəri Cənab Prezident İlham Əliyevin adından, xidmətdə fərqləndiyimə görə medalı ilə və bir neçə müxtəlif medallarla, həmçinin də fəxri fərmanlarla təltif olunmuşam. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Xanım Mehriban Əliyeva, daima Vətən yolunda sağlamlıqlarını itirmiş insanlarla görüşür, onlara dəstək olur, onların problemləri ilə maraqlanaraq yerindəcə həllinə tapşırıq verir. Xatırladım ki, hörmətli Mehriban xanım ilə mənim bu yaxınlarda görüşümüz baş tutmuşdu. Mənim mənzil problemim olduğunu bilən kimi yerindəcə SMN-ə tapşırıq vermişdir. Ən qısa zamanda inşallah problem həllini tapacaqdır.
Qarabağ Qazisi olaraq bildirmək istəyirəm ki, hər bir uşaq böyüdüyü ailədə vətənpərvər olaraq böyüməlidir. Düşmənimiz olan ermənilərin, xalqımızın başına gətirdikləri vəhşilikləri bilməlidirlər. Düşmənə nifrət, xalqa sevgi hissi ilə böyüməlidirlər. Bu işdə əlbəttə ki, məsuliyyət evdə valideynlərin, məktəbdə isə müəllimlərin üzərinə düşməlidir. Arzu edirəm siz, tezliklə məndən növbəti müsahibənizi işğal olunmuş Qarabağ torpaqlarımızda götürəsiziniz.
Çox sağ olun.
-Sağ olsun dövlətimiz, var olsun dövlətimiz!!!
Sizin kimi şücaətli gənclər və dövlətimizin yeritdiyi müdrik siyasət nəticəsində bu gün Azərbaycanımız ayaqdadır.
Yasasin anamiz Azərbaycan və vətənimizin sizin kimi qəhrəman ovladlari!!!