115 yaşlı “Füyuzat”

“Həyat” qəzetinin 1906-cı il sentyabr ayının 3-də çıxan sonuncu sayında belə bir elan verilmişdi: “Həyat qəzetəsi bu gündən etibarən tətil etdiyi üçün yerinə Füyuzat namı ilə ədəbi, fənni, ictimai, siyasi bir həftəlik məcmuə intişara başlayacaqdır”. Və beləliklə 1906-cı ilin noyabr ayının 1-dən etibarən Əli bəy Hüseynzadənin baş redaktorluğu, maarifpərvər milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi vəsaiti hesabına Bakıda “Füyuzat” adlı məcmuə nəşr olunmağa başladı.

Jurnalın ilk sayında məram və məqsədlərini açıqlayan Əli bəy Hüseynzadə “Həyat və meyli-füyuzat” məqaləsində füyuzat kəlməsinin mənasını açıqlayaraq yazırdı: “Məcmuəmizə “Füyuzat” adı təsadüfi verilmiyor, bu nam həyatdan təbii olaraq təvəllüd ediyor… “Füyuzat” ləfzon “feyz”in cəmil-cəmi olub rifah və bərəkətə, bolluğa, maddi və mənəvi nemətlərin bolluğuna, tərəqqiyyat və kəmalatın şəniəyyi-təcəllisinə dəlalət edərsə də, fəqət əsl məfhumu səadət və ələlxüsus səadəti-mənəviyyədir, həqiqi zövq və səfalərdən ibarət bir səadəti-mənəviyyədir. Həyat isə mənayi batinisilə daimi bir meyli-səadət, bir meyli-füyuzatdır”.

“Füyuzat” kəlməsi ərəbcə “feyz” sözündən olub lüğəvi mənası bolluq, bərəkət, nemət, müvəffəqiyyət, xeyir fayda, ləzzət, həzz, həyat gerçəklərini duymaq, dərk etmək, onlardan həzz almaq, zövq, feyz almaq, feyziyab olmaqdır.

“Füyuzat” Ə.Hüseynzadənin “Həyat” qəzetinin sonuncu sayında “Vidanamə” başlıqlı məqaləsində göstərdiyi kimi “qüdrətli, ədəbi qələm sahiblərinin cəm” olduğu nəşr kimi diqqəti çəkdi. Təsadüfi deyil ki, tənqidçilər, ədəbiyyatşünaslar 1905-1910-cu illər arasında ədəbiyyatımız və mətbuatımızda “Əli bəy və “Füyuzat” dövrü”nün əhəmiyyətini vurğulayırlar.
“Füyuzat” və füyuzatçıların məşğul olduğu əsas problemləri qısa şəkildə belə təsnif etmək olar: türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək), azərbaycançılıq; demokratik axtarışlar; neoromantik ədəbiyyatın yaradılması; füyuzatçı jurnalistika məktəbinin təsisi; dildə, fikirdə, işdə birlik konsepsiyasına əsaslanan ortaq türk dili, ədəbiyyatı və mədəniyyətinin yaradılması. “İttihad və tərəqqi” ideyasını yürütmək və Turançılığı təbliğ etmək, ictimai-siyasi şüurda reformaların aparılması, parlament və konstitusiya əsasında özünüidarə formasının yaradılması, yenilikçilik hərəkatını gücləndirmək, söz və mətbuat azadlığını müstəqil dövlət, sivil cəmiyyət və bütöv vətən ideyasına paralel şəkildə inkişaf etdirmək və s.

Ə. Hüseynzadənin hələ “Füyuzat”ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi “türklük, müsəlmanlıq və avropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan “azərbaycançılıq, müsəlmançılıq və müasirlik” doktrinasının yaranmasında mühüm rol oynadı. Ə.Hüseynzadənin başçılıq etdiyi “Füyuzat” jurnalı və eyni adlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərmişdir.

Dövrün ədəbi, siyasi qüvvələri məhz bu dərginin ətrafında toplanaraq XX əsrin ilk onilliyində milli şüurun, milli özünüdərk prosesinin aparıcılarına çevrildilər və füyuzatçılıq adlı siyasi, ədəbi cərəyanın intişarına xidmət etdilər. Füyuzatçılıq ilk növbədə çarizmə, əsarətə, istibdada qarşı çevrilmiş və türk xalqlarının mənəvi birliyinin təcəssümü olan turançılıq ideologiyasının daşıyıcısıdır. Bu ideologiya utopik düşüncələrdən, fikirlərdən qaynaqlanmırdı, tarixin reallıqlarından, milli özünüdərk prosesindən doğurdu.

Bu ideologiyanın məqsədi milli istiqlal uğrunda mübarizə aparan türk xalqlarının milli şüurunu “türkləşmək, islamlaşmaq, avropalaşmaq” istiqamətində oyatmaq, inkişaf etdirməkdən ibarət idi. Füyuzatçılıq, həmçinin ədəbiyyatda romantizmin, ortaq türk dilinin, ümumi ədəbi dil siyasətinin, islamçılığın, milli məsələlərdə farslaşma və ruslaşmaya qarşı türkçülük ideologiyasının təbliği demək idi.

Əli bəy Hüseynzadə jurnalda bu ideologiyanı elmi-nəzəri cəhətdən əsaslandırır, “Turani”, “Füyuzat”ı, “Həyat”ı, “Şair Naim”, “Dəli Şair” imzaları ilə dərc etdiyi yazılarda füyuzatçılığın başında dayanırdı. Azərbaycanda yaranan bu məfkurənin ideoloqu kimi Əli bəy Hüseynzadə “dünyanın bütün ümum və fünunun hər növünü ədəbiyyat və sənayeyi-nəfisənin hər şöbəsini tamamən əhatə etmiş və tətbiqə müvəffəq olmuş fövqəlbəşər” idi.

Ə.Hüseynzadə tərəqqi proqramına islamlaşmaq və avropalaşmaq məramlarını daxil etmişdi. İslamlaşmaq onun ortaya qoyduğu tərəqqi proqramının ideya-nəzəri əsaslarından biri idi. Mütəfəkkirin aydın nəzəri proqramına görə məzhəb və dinlər türkləri bir-birlərindən ayırmamalıdır, əgər onların elm və mədəniyyətləri tənəzzül etsə, türklər yalnız “dini-islam ilə müqəddəyin, ərəb elmi ilə mütəllim, ərəb mədəniyyəti ilə mütəməddin olduqları halda əsla ərəbləşməyib, yenə “türk oğlu türk kimi” qalmalıdırlar.

İslama ehkam kimi yanaşmayan Ə.Hüseynzadə milli intibahı dini intibahla bir arada götürürdü. Əgər türkləşmək məramı ilə türk dilini, tarixini, ədəbiyyatını öyrənməyini tələb edirdisə, islamlaşmaq məramı ilə islam dininin ümumbəşəri, ali, mənəvi-əxlaqi dəyərlərinin öyrənilməsini istəyirdi. Bu baxımdan o, islamlaşmağı milli tərəqqi proqramına daxil etmişdi. Ciddi şəkildə dini islahatların aparılmasının lazımlılığını önə çəkən Ə.Hüseynzadəyə görə, ilkin islama qayıdılmalı, tərəqqiyə doğru addım atılmalıydı. Əks təqdirdə əsl dini həqiqətləri, hikmətləri ortaya çıxarıb bərpa etmək mümkün olmayacaqdı. Ona görə də bu cür islahat islamın əsl mahiyyətini ortaya qoyacaq, müxtəlif şərhlərdən, təhriflərdən islam xilas olacaqdı.

Avropalaşmaq Ə.Hüseynzadənin milli tərəqqi proqramına daxil edilmiş əsas məramlardan, ideoloji istiqamətlərdən biri idi. O, xalqa bu ideyanı təbliğ etməklə Avropa elm və texnikasını, sənayesini öyrənmək və öz həyati işlərində tətbiqini nəzərdə tutur və yazırdı: “Tərəqqi və təməddün həvəsində olan hər bir millət öz milli üdəba və üləmasının əsərlərilə kifayətləndikcə çox da irəliyə doğru gedə bilməz… Bir ingilis, bir fransız, bir alman, bir italyan ibn Rüşdün, Əbu Əli Sinanın, Fərabinin, Firdovsinin, Sədinin, Mollayi-Ruminin, İmam Təzaminin asarından feyzyab olmağa, bu kimi üləmaya-tərcümə, şərh və təfsirlər vasitəsilə öz millətlərinə mal edilməyə çalışdıqları halda bizə də lazımdır ki, onların Laplasları, Laviazi yerləri, Russoları, Pastorları, Nyutonları, Spenserləri, Edissonları, Rentgenləri, Marksları, Ginnesləri vasitəsilə öz maarifimizi, öz ana dilimizdə olan kitabxanaları təzyiqə çalışalım. Cəhalətin, təəssübün kökünü ancaq bu vasitə ilə qurutmaq, söküb atmaq olar. Başqa yol yoxdur”.

“Füyuzat”ın səhifələrində avropa şair və yazıçılarının əsərlərinin tərcüməsinin çapı da bu məqsədə xidmət edirdi. Tolstoy, Höte, Russo, Monteskye kimi görkəmli simalar haqqında nisbətən ətrafılı və dəqiq məlumatı Azərbaycan oxucuları ilk dəfə bu jurnalda çap olunan məqalə və tərcümələrdən almışdılar. Hötenin “Faust”u, Şeksprin “Yuli Sezar”ı Azərbaycan türkcəsinə tərcümə olunur, Avropa mədəniyyəti təbliğ edilirdi.

Bunlardan əlavə bir çox Türkiyə və Rusiya ədiblərinin əsərləri tərcümə və iqtibas olunurdu. Məcmuədə bir çox rəsmlər və görünüşlər dərc olunurdu.
“Füyuzat” türk xalqları arasında dil, din birliyini təşkil etməklə, Avropanın elmi yeniliklərini həzm etməklə tərəqqiyə, milli yüksəlişə nail olmağın salnaməsini yaratdı. Bütün təhdid, təzyiqlərə baxmadan “Füyuzat”çılıq ideyasını cəmiyyətə sirayət etdi.

Jurnal bir il fəliyyət göstərmiş, bu dövrdə 32 sayı nəşr olunmuşdur. Mütərəqqi və milli fikirləri təbliğ etdiyindən 1907-ci ilin noyabrında çar hökuməti tərəfindən çapı dayandırılan “Füyuzat” jurnalı 100 il sonra – 2007-ci ildə Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu tərəfindən bərpa edilmiş və “Füyuzat”ın davamı kimi 33-cü nömrədən çap etdirilməyə başlanmışdır.

Azərbaycan, Türk milli məfkurəsinin mətbuat səngəri olan “Füyuzat” jurnalı artıq 120 sayı çap olunmaqla bu gün 115 yaşını qeyd edir. Əli bəyin: “Həyat Füyuzatdır” demirik. “Həyat Füyuzata meyildir” deyirik!..”,– fikrini əlində bayraq tutan müasir “Füyuzat” ailəsinin də, – “Böyüklərin əkdiyi ağacın meyvəsi “Füyuzat” olar…”,–şüarı ilə yazını yekunlaşdırıram…
115 yaşın qutlu olsun, “Füyuzat”!

YAZAR: Ülviyyə İbrahimova
HƏMÇİNİN BAX: Əli bəy Hüseynzadə
HƏMÇİNİN BAX: Tehsilim.org/jurnalistikanin-temeli-metbuatdan-baslayir/