Qarabağ qazisi ilə müsahibə

 

Dəyərli insanlar silsiləsindən – 2    

Qarabağ qazisi ilə müsahibə

 

10.08.2020.                           

Insanı dəyərli edən nədir?

Düşünürəm ki, insanı dəyərli edən onun insanlara nə qədər faydalı ola bilməsidir. Bizim kimi adi insanlar ya dar çevrəsindəki, bir qrup insanlara faydali ola bilirlər, ya da elm-incəsənət adamı olub, böyük bir kütləyə xitab edə bilirlər, fayadalı ola bilirlər. Ancaq hərbiçilər deyilən bir qrup insan var ki, onlar Vətəninin hər bir vətəndaşına fayda verirlər. Onlardan da bəziləri isə ya canından keçib şəhid olur, ya da yaralanaraq qazi olurlar. Düşünürəm ki, bununla onlar insanlığın ən yüksək mərtəbəsinə qalxirlar.

Bu insanlardan biri də müsahibim- Məhərrəm bəydir.

Onun haqqında qısa məlumat verim. Abdullayev Məhərrəm İlham Oğlu 1990 cı il aprel ayının 27 Ağstafa rayon Göycəli kəndində anadan olmuşdur. 2007-ci ildə həmin kənddə yerləşən şəhid Namiq Həmzəyev adına tam orta məktəbi bitirənden sonra, 2008-ci ildə əsgəri hərbi xidmətə çağrılmış və əsgəri xidmətini Sərhəd Qoşunlarının Cəlilabad rayonunda yerləşən N saylı hərbi hissədə başlamış və 2009-cu il oktyabr ayında əsgəri xidmətini başa vuraraq doğma elinə-obasina qayıtmışdir. 2012-ci il oktyabr ayında Müdafiyə Nazirliyinin Gizir hazırlığı kursuna daxil olmuş və 2013-cü il aprel ayında təyinatı MN-in Bakı şəhərində yerləşən N saylı hərbi hissəsinə verilmisdir. 2013-cü ilin noyabr ayında növbəti təyinat ilə  Füzuli rayonunda yerləşən N saylı hərbi hissədə fəaliyyətə başlamısdır.

2016-cı il tariximizə qızıl həriflərlə yazılmış şanlı, şərəfli Aprel döyüşlərinin iştirakçısıdır və bu döyüşdə ağır yaralanaraq MN Hərbi Həkim komissiyasının Qərarı ilə 2017-cı il fevral ayında sağlamlıq imkanlarının məhdudiyyətli olduğuna görə ehtiyata buraxılmağına qərar verilmişdir.

 Hal-hazırda ehtiyatdadır və ikinci qrup Qarabağ Müharibəsi Əlilidir.

 Evlidir, iki övladı var.

– Məhərrəm bəy, sizin haqqınızda qısa məlumat verdim. Nə isə əlavə etmək istərmisiniz?

Varlığımız Türk varlığına armağan olsun. Şəhid olmaq qismət olmadı, amma gün gələr Vətən uğrunda torpaqlarmızda olan erməni terrorçularını torpaqlarımızdan çıxardanda şəhidlik qismətim olar.

-Allah eləməsin. İnsan varlığı ilə də Vətənə yüksək səviyyədə qulluq edə bilər.

-Bu artıq ənənəvi sualdir. Hərbiçiliyə gedən yol uşaqlıqdan kecir? Hərbiçi olmaq sizin uşaqlıq arzunuz olub?

Bəli, hərbiçi olmaq mənim uşaqlıq arzum olub. Çox şükürlər olsun ki bu arzuma çatdım və qazi oldum .

-Məhərrəm bəy, hərbiçi olarkən heç bir gün qazi ola biləcəyinizi düşündünüzmü? Hərbiçi olmağa peşmanmısınız?

Hərbiçi olmağıma heç vaxt peşman olmamışam. Bu gün də peşman deyiləm. Qazi olmaq böyük məsuliyyətdir və bu məsuliyyəti dərk edənlərə – “Qazilər Yeriyən Şəhidlərdi”-deyirlər. Və mən qazi olmağımla özümlə qürur duyuram. Vətənim uğrunda şəhid olmaq arzusunda olmuşam, amma qazi oldum.

-Biz də sizinlə və sizin kimi qazilərlə qürür duyuruq. İstəyirəm bunu biləsiniz.

– ” MENƏ VƏTƏNİM VƏ MİLLƏTİM UĞRUNDA HƏR ZAMAN DÖYÜŞMƏYƏ, CAN ALMAĞA, YERİ GƏLƏRSƏ CANIMI BELƏ VERMƏYƏ HAZIRAM. VARLIĞIMIZ TÜRK VARLIĞINA ƏRMƏĞAN OLSUN” – demişsiniz. Bu sizin dediyiniz sözlərdir. Sizcə belə düşünən çox gənc var?

-Mən hər zaman demişəm. Varlığımız türk varlığına ərməğan olsun. Bəli, belə düşünən və vətənimizin uğrunda can almağa və yeri gələrsə can verməyə hazır olan gənclərimiz var və bunların sayı-hesabı yoxdur.

– Məhərrəm bəy, Qarabağ müharibəsinin ən şərəfli səhifələrindən biri Aprel döyüşləridir. Siz burda döyüsərkən qazi olubsunuz. Bu döyüşləri necə xatırlayırsınız? Hansı şəraitdə yaralandiniz?

Vətənimiz və millətimiz uğrunda gedən döyüşlərin hamısı şərəflidir. Çünki hər döyüşdə qeyrətli oğullarımız, qardaşlarımız, əmilərimiz, dayılarımız, atalarımız döyüşüb. Bu gün Aprel döyüşlərində döyüşmək alın yazım olub.

Biz Aprel döyüşlərində ekipaj üzvlərimiz-gizir Bayramov Elmar və MahXHQ əsgər Məmmədov Şahin ilə birlikdə döyüş tapşırıgı yerinə yetirərkən, aprelin 3-ü bizə Lələ Təpənin müdafiəsi tapşırığı verildi və biz adını çəkdiyim ərazidən Lələ Təpə istiqamətində hərəkət etdik və orda döyüş tapşırığını yerinə yetirdik. Aprelin 4-ü səhər biz ekipaj üzvlərinin sərrastlığı nəticəsində düşmənin mina atan batareyasını Lələ Təpə isyiqamətində canlı qüvvəsi ilə bir yerdə məhv etdik və bu bizi bir az da olsa, ürəyimizə sərinlik gətirdi. Biz orda düşmənin – erməni terrorçularının öz meyitlərini və silah-sursatlarını qoyub, döyüş meydanından necə qaçdıqlarının şahidi olduq. 4 apreldə saat 9.30-da düşmənin artilleriya atəşi zamanı mən yaralandım. Tankla döyüş mövqeyimiz dəyişərkən yenə düşmənin idarə olunan paket kompleksi ilə pərakəndə atışı zamanı (pərakəndə dedim, ona görə ki, adını çəkdiyim silah, çox dəqiq silahdır.  Və tankı deşib içəri daxil olur və tankı ekipajla birlikdə məhv edir.) Bizim ekipaj üzvlərimizdən iki nəfər qazi olduq. Mən və gizir Bayramov Elmar. Digər iki ekipaj üzvümüz isə hal-hazırda hərbi xidmətdədirlər.

– Bu döyüşlərdə baş vermiş, ancaq az bilinən rəşadətli hadisələrdən söhbət aça bilərsinizmi?

Bu döyüşlərdə biz hərbi qulluqçular- hanmımız bir yumruq kimi idik. Hər kəsin qəhrəmanlığı var və o döyüşdə hər kəs qəhrəman idi. Və hər kəs sadəcə döyüşmək istəyirdi. Çünki əmin idik ki, düşmənə qan qusduracağıq.

Məhərrəm bəy, yaralı olarkən dövlətin dəstəyini, qayğıkeş münasibətini hiss edirdinizmi?

Sonra bu illər ərzində dövlət sizə nə kimi  dəstək göstərib?

– Biz yaralı olarkən dövlətimizin, xüsusilə başda cənab Ali Baş Komandan və Mehriban xanımın bizim yanımızda olduqlarını hiss edirdik. Biz onların problemlərimiz ilə maraqlanmasının və yerindəcə tapşırıqlar verdiklərinin şahidi olurduq. Sonra isə mənim və mənim kimi bir çox hərbi qulluqçuların kredit borclarının dövlət hesabına ödənildiyini gördük. Bu özü böyük bir dəstəkdir. Ancaq digər dövlət qurumlarının mənə çox qayğı göstərməsini deyə bilmərəm. Mən artıq 3 ildir ehtiyatdayam. Ancaq mənə yalnız 12 sot torpaq veriblər. Onun da sənədləri yoxdur. Bu gün mən ailəm ilə birlikdə atam evində -3 otaqlı dar yerdə, 12 nəfərlik böyük bir ailə şəraitində yaşamağa məcburam. Mənim evə ehtiyacım var. Lakin bu ödənmir. Başımdakı qəlpələr mənim əmək qabiliyyətimi itirməyimə səbəb olub. Uğrunda əmək qabiliyyətimi itirdiyim xalqım, dövlətim məni ev ilə təmin etməyəcəksə, bəz kim edəcək?

 -Ümumiyyətlə  qazilərə hansı imtiyazlar, üstünlüklər, güzəştlər nəzərdə tutulur?

İmtiyazlarımız var, əlbəttə ki. Evlə, torpaq sahəsi ilə, avtomobillə təmin olunmaq, dövlət xəstəxanalarında pulsuz, özəl xəstəxanalarda isə 50 % güzəştlə müalicə olunmaq kimi.

Bu artıq ənənəvi sualdır. Məhərrəm bəy, bu şanlı həyat yolunuzun təcrübələrinə dayanaraq gənclərimizə nə demək istərdiniz?

Gənclərimizə onu demək istəyirəm ki, Vətəni sevmək, təkcə ələ silah alıb səngərdə döyüşmək demək deyil, Vətəni sevmək, həm də hər bir şəxsin tutduğu vəzifədə, gördüyü işi şərəflə görməsidir. Bu özü bir vətənpərvərlik nümunəsidir. Məsələn, müəllim yaxşı müəllim, həkim yaxşı həkim olsa, artıq vətənə xidmət etmiş olur.

Gənclərə onu arzu edirəm ki, Vətəni öz şərəfləri kimi qorusunlar və həyatlarında həmişə şərəfli yollar seçsinlər. Hər şey bizim seçimimizdən asılıdır.

-Müsahibənin sonunda sizə böyük təşəkkürümü bildirmək istəyirəm. Sağ olun, var olun. Bilin ki, Azərbaycan xalqının nümayəndəsi olaraq, sizi əmin edə bilərəm ki, biz bir xalq olaraq sizlərlə fəxr edirik. Sizin fədakarlığınızı ən yüksək səviyyədə dəyərləndiririk. Allah sizləri Azərbaycan torpàğından əskik etməsin. Halal olsun sizi yetisdirən analara.

Bir daha müsahibim olduğunuz üçun çox sağ olun.

Müsahibəni götürdü-Zərrə